Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 03:33

Şəkər və bitki yağı almağa həftələrlə növbəyə dururlar


Aşqabat, ərzaq mağazası, çəkər satışı ilə bağlı elan, 6 noyabr 2016

Türkmənistanın şimalındakı Daşoğuz əyalətində müştəri dükana girir:

-“Bir az şəkər və bitki yağı almaq istəyirəm".

Satıcı: “Əlbəttə. Adınızı siyahıya yazın və növbəniz çatanda sizə zəng vuracağıq”.

Müştəri: “Bu, nə qədər çəkə bilər?”

Satıcı: “Dörd-beş həftə”.

Daşoğuz əyalətində bir çoxlarından ötrü bu, yeni reallıqdır.

İFLASA GEDƏN ÖLKƏ

Orta Asiyanın bu "tərkidünya krallığı" barədə aydın təsəvvürü olmaq çətin məsələdir. Ancaq hökumətin dediklərinə və dövlət mediasının göstərdiklərinə baxmayaraq, ölkədə kəskin iqtisadi böhranın yaşandığı danılmazdır.

Hazırda Türkmənistan iflasa gedən dövlətdir. Ancaq digər dövlətlər onun bu acınacaqlı və maraqlı aqibətindən çox şey öyrənə bilər.

Ona görə "acınacaqlı" ki, təbii qaz ehtiyatlarına görə dünyada dördüncü yeri tutan, əhalisi isə cəmi 5 milyon olan ölkənin hökuməti bütün sərvəti küləyə sovuraraq əhalini səfalət və aclıqla üz-üzə qoyub.

Türkmənistan, əyalət mağazalarından birində
Türkmənistan, əyalət mağazalarından birində

Ona görə "maraqlı" ki, bu halda, insanların səbrinin nə qədər hədsiz olduğunu görmək olar. Hər hansı sosial partlayışadək əhalinin çoxunun nə qədər əziyyətə dözə biləcəyinin şahidi olmaq mümkündür

SƏSSİZ ANLAŞMA

Bir çox mütəxəssislər deyirlər ki, Orta Asiyadakı diktaturaların həyatda qalmasının səbəbi hakim dairələrlə əhali arasındakı səssiz anlaşmadır: dövlət xalqın bəsit ehtiyaclarını təmin etdikcə, elita, özəlliklə də prezidentlər həddindən çox yaxşı yaşayırlar.

Görünür, indi Türkmənistanda bu anlaşma pozulub.

Daşoğuzda insanlar AzadlıqRadiosunun türkmən xidmətinə durumun get-gedə pisləşdiyini deyirlər.

Bir qadın müxbirə bildirib ki, şəkər və bitki yağı almağa getdiyi dükanda onu növbə siyahısına salıblar. O bu barədə danışanda artıq 35-ci gün idi ki, dükandan zəng gözləyirdi.

Növbədə gözləyən Daşoğuz sakinləri
Növbədə gözləyən Daşoğuz sakinləri

“Dövlət dükanlarının piştaxtalarında günəbaxan yağı və saqqızdan başqa heç nə yoxdur", – o deyir.

ŞƏKƏRİN KİLOSU 9 MANATDIR

Ərzaq gələndə də o qədər az olur ki, ondan ancaq 4-5 adam yararlana bilir. Üstəlik, hər adama yalnız müəyyən qədər ərzaq satılır. Bir ailəyə ən uzağı 5 litr maye yağ və cəmi bir kiloqram şəkər düşür.

“Özü də onlar adamları bu mallarla birlikdə qazlı su da almağa məcbur edirlər", – qadın deyir.

Əslinə baxanda, Daşoğuzun kəndlərində yaşayanların bəxti gətirib. Onların kəndlərində dövlət dükanları açıqdır. Axı bir çox dövlət dükanlarının mal qıtlığı ucbatından bağlandığı deyilir. Onların müdirləri şəkər və bitki yağı kimi zəruri ərzaqları axtarıb tapmaqdan ötrü qonşu ərazilərə, bəzən hətta buralardan 200 kilometr aralıdakı yaşayış məntəqələrinə getməli olurlar.

Özəl dükanlar da var. Ancaq dövlət dükanlarında şəkərin kilosu 2 manat (0,57 dollar) olduğu halda, özəl dükanlarda 9 manatdır (2,57 dollar). Manatın rəsmi məzənnəsi 1 dollara 3,5 manatdır, amma qara bazarda 1 dollar 6-7 manata satılır. Dövlət dükanında 5 litr bitki yağı 15 manat (4,29 dollar), özəl dükanda isə 55 manatdır (15,73 dollar).

Türkmənistan, Lebap kəndi, ərzaq mağazası
Türkmənistan, Lebap kəndi, ərzaq mağazası

Ancaq heç özəl dükanlar da həmişə açıq olmur. Hökumətin özəl dükanlarda qəfil yoxlamalar apardığı deyilir. Yerindəcə qoyulan vergi və cərimələr dükan sahiblərini qorxudur. Onlar yoxlamanın adını eşidən kimi dükanı bağlayırlar.

Bütün özəl dükanlar açıq olsa belə, insanların çoxu bu qiymətə ərzaq ala bilmir. Ölkədə maaşlar çox aşağıdır.

ƏRZAQ ÇATIŞMAZLIĞI

"Qida təhlükəsizliyi haqqında" qanunun noyabrın sonlarında qəbul edilmiş yeni versiyasına görə, əhali qida ilə təmin edilməlidir. Ölkə prezidenti Gurbanguly Berdymuhammedov hökumətə qanunun icrasına nəzarət etməyi tapşırıb. Prezidentin tapşırığıyla heç kəs zəruri ərzaqların standart qiymətlərini qaldıra bilməz. Özəlliklə də, Yeni İlk bayramı ərəfəsində.

Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov, Pekin 06 iyun 2012
Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov, Pekin 06 iyun 2012

Amma bəlli olur ki, təkcə Daşoğuzda yox, ölkənin cənub-şərqində yerləşən Balkan əyalətində də prezidentin bu əmri yerinə yetirilmir.

Qıtlığın miqyası onu göstərir ki, səbəb korrupsiya, yaxud idarəçiliyin keyfiyyəti deyil, sadəcə, ərzaq çatışmazlığıdır.

Söhbət yenə gəlib çıxdı həmin o səssiz anlaşmaya.

LOKAL DEYİL

Orta Asiya tarixi öz xalqlarını səfalətə sürükləyən əmirlər və xanlarla doludur. Sonucda xalq onları devirir.

Türkmənistandan daha dinamik siyasi mədəniyyətli Qırğızıstanda insanların dözümünün sərhədi göründü. 2005-ci ildən bəri qırğız xalqı prezidenti iki dəfə devirib. Hər iki halda insanlar prezidentin özünün və ailəsinin əlində həddindən çox sərvət cəmləməsindən qəzəblənərək bu addımı atıblar.

Ancaq Qırğızıstan Orta Asiyada istisnadır.

Türkmənistandakı hakimiyyətsə daha çox Özbəkistan və Tacikistanla müqayisə edilə bilər.

İndilik görünən odur ki, Türkmənistanın hazırkı sosial-iqtisadi durum lokal xarakter daşımır, bütün ölkəni əhatələyir.

XS
SM
MD
LG