Türkmənistanın avtokratik prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğlu Sərdar ötən həftəsonu keçirilmiş prezident seçkisinin qalibi elan olunub. Bu səsvermə ölkədə siyasi hakimiyyətin ailə daxilində ötürülməsi üçün formallıq hesab edilirdi.
11 faizlə ikinci yerə çıxan namizəd
Mərkəzi Seçki Komissiyasının martın 15-də açıqladığı rəsmi nəticələrə görə, Berdiməhəmmədov səslərin 72.97 faizini qazanaraq digər səkkiz namizədi məğlub edib. Digər namizədlər prezidentə sadiq idi, real rəqib hesab edilmirdilər.
Seçki martın 12-də keçirilib. 64 yaşlı Berdiməhhəmmədov fevralın 11-də hakimiyyəti “gənc liderlər”ə vermək üçün vəzifədən getmək niyyətini açıqlayıb.
Onda bir çox müşahidəçilər bunu prezidentliyin oğula ötürüləcəyi kimi yozdur. Sərdarın prezident seçilmək üçün tələb olunan minimum 40 yaşı sentyabrda tamam olub.
İkinci yerə 11 faizlə Nunnayev Hıdır Kakabayeviç çıxıb. O, Türkmənistan Dövlət Fiziki Tərbiyə və İdman İnstitutunun elmi işlər üzrə rektor müavinidir.
MSK ölkədəki 3.4 milyon seçicinin 97 faizindən çoxunun seçkiyə getdiyini təsdiqləyib.
Neytrallıq siyasəti davam edəcək
Türkmənistanın 1991-ci ildə müstəqillik əldə edəndən bəri keçirdiyi heç bir seçki insan haqları və seçki müşahidəçiləri tərəfindən azad və ədalətli hesab edilməyib.
Seçkidən öncə namizədlər arasında debat keçirilməyib. Oğul Berdiməhəmmədov “seçicilər”lə görüşmək üçün ölkəyə səfərlər edib. O, görüşlər zamanı Türkmənistanın neytrallıq siyasətini davam etdirəcəyini, onu “çiçəklənən ölkəyə çevirməkdən ötrü sələfinin siyasətini daha da inkişaf etdirəcəyini” söyləyib.
Sərdar Berdiməhəmmədov hökumətdə sürətlə bir neçə vəzifəyə yüksəlib. 2021-ci ildə hökumət başçısının müavini olub.
Sonuncu Türkmənistanda vacib vəzifə sayılır. Ölkədə baş nazir olmadığından prezident həm də hökumət başçısıdır.