Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:45

Türkmənistanda seçki ərəfəsində baş verənlər


Türkmənistan prezidenti Gurbanguly Berdimuhamedov
Türkmənistan prezidenti Gurbanguly Berdimuhamedov

Berdimuhamedovun Daşoğuz səfəri

Türkmənistan prezidenti Gurbanguli Berdimuhamedov yanvarın 25-də ölkənin şimalındakı Daşoğuz vilayətinə baş çəkərək, yerli heyvandarlarla görüşüb. AzadlıqRadiosunun türkmən xidməti - RadioAzatlık bölgədəki qaynaqlara istinadla həmin səfərdən yazır.

Müstəqil media səfərdən öncə Berdimuhamedovun Daşoğuz vilayətində yerləşən “Altın asır” birliyində çobanlarla gözlənilən görüşü haqda yazırdı. Prezidentin səfərinə hazırlıq çərçivəsində bölgənin hər yerindən xırdabuynuzlu heyvanlar yığılıb buraya gətirilmişdi.

“Məqsəd... nikbin obraz yaratmaqdır”

“Türkmənistan xronikası” nəşrinin redaktoru Farida Tuxbatullinanın qənaətincə, məqsəd heyvandarlıq sahəsində uğurları nümayiş etdirməklə ölkəylə bağlı nikbin obraz yaratmaqdır.

Adıçəkilən qəzet yazır ki, Gurbanguly Berdimuhamedovla görüş yerinə gətirilən heyvanlara yetərincə yem və su tədarükü görülməyib, bu üzdən, problemi maşınlarla su daşımaqla həll etməyə çalışıblar.

Türkmənistanın paytaxtında içməli su satılır
Türkmənistanın paytaxtında içməli su satılır

Bölgədəki qaynaqlar RadioAzatlık-a xəbər veriblər ki, dövlət başçısının qatılacağı tədbirə aparılan heyvanlar baytarların iştirakı ilə seçilib.

Bir qədər öncə RadioAzatlık ölkənin müxtəlif bölgələrində, o cümlədən Daşoğuzda mal-qara və ev quşlarının kütləvi tələfatından yazmışdı. Heyvanların Sibir xorası və ya qarayara kimi tanınan xəstəlikdən tələf olduğu ehtimal edilirdi.

Seçkilərə hazırlıq

Berdimuhamedovun Daşoğuz səfəri ölkədəki seçkilər ərəfəsinə təsadüf edir. Dövlət başçısının bölgəyə gəlişindən öncə küçələrdə səliqə-sahman yaradılıb, təhlükəsizlik tədbirləri gücləndirilib. Ancaq bu, hamısı deyil. Son zamanlar Türkmənistan əhalisi ərzaq qıtlığı və bahalıqdan əziyyət çəkir. Əhali bəzən yağ, un, şəkər növbəsində saatlarla, günlərlə gözləməli olur. Prezidentin səfərindən öncə Daşoğuz vilayətində ərzaq mallarının qiyməti məcburi qaydada aşağı salınıb.

Fevralın 12-də keçirləcək prezident seçkilərinə ölkənin indiki başçısı Gurbanguly Berdimuhamedov da qatılacaq. O, Türkmənistan Demokrat Partiyasının namizədi kimi qeydiyyatdan keçərək, seçkidən əvvəl ölkənin bir neçə bölgəsinə səfərə çıxıb.

Türkmənistan, prezident seçkilərində namizədlər, 2017
Türkmənistan, prezident seçkilərində namizədlər, 2017

Berdimuhamedov ölkəyə 2007-ci ildən başçılıq edir. O, artıq üçüncü dəfədir prezident seçkilərində namizədliyini verir. Rəsmi mətbuat indiki dövlət başçısının seçici dəstəyini qazandığını yazır.

Berdimuhamedov seçki təbliğatı üçün televizya və radioda ona ayrılan vaxtdan digər namizədlərin xeyrinə imtina edib. Ancaq onun bölgələrdə seçicilərlə görüşlərindən canlı yayımlar özünəxas seçki kampaniyasına çevrilib. Bu görüşlərdə ölkəni Berdimuhamedovsuz ağla gətirmədikləri haqda fikirlər səsləndirilir və dövlət başçısı sürəkli alqışlanır.

RadioAzatlık yazır ki, dövlət televizyasında başqa namizədlərin seçicilərlə görüşlərindən verilən süjetlərdə belə kütləvilik və canlılıq duyulmur, namizədlərin mövqeləri, eləcə də onlara verilən suallar və cavablar kadr arxasında qalır.

Prezident 7 il müddətinə seçiləcək

Müstəqil müşahidəçilər seçkiöncəsi kampaniyada real rəqabət mühitinin, eləcə də əhalinin seçkilərə marağının olmadığını vurğulayırlar.

Fevralın 12-də keçiriləcək prezident seçkilərində 9 namizəd yarışacaq. Türkmənistanda ilk dəfə prezident seçkilərində üç partiyanın – Demokrat, Sənayeçi və Sahibkarlar, eləcə də Aqrar partiyalarının nümayəndələri iştirak edəcəklər. Yerdə qalan altı namizədi isə vətəndaşların təşəbbüs qrupları irəli sürüb.

Ötən ilin sentyabrında Türkmənistan Konstitusiyasına edilən dəyişikliyə görə, dövlət başçısı 7 il müddətinə seçiləcək. Prezident səlahiyyətlərinin artırılmasını beynəlxalq qurumlar tənqid edib və Konstitusiyaya dəyişiklik “ömürlük prezidentlik” kimi qiymətləndirilib.

Beynəlxalq qurumlar indiyədək ölkədə keçirilən heç bir seçkini “azad və ədalətli seçki” kimi dəyərləndirməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG