Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:20

H&M türkmən pambığından imtina etdi


H&M
H&M

-

ŞİRKƏT UŞAQ ƏMƏYİNİN İSTİSMARINI ƏSLA QƏBUL ETMİR

Avropanın ən böyük pərakəndə geyim satışı ilə məşğul olan İsveç şirkəti - H&M Türkmənistan pambığından imtina edib. Buna səbəb Türkmənistanın pambıq tarlalarında uşaq əməyindən istifadə edilməsidir.

Şirkət bununla bağlı rəsmi açıqlama yayıb.

Açıqlamada deyilir ki, H&M şirkəti ilə çalışan təchizatçılar da Türkmənistanda yetişdirilən pambığı almaqdan imtina etməlidirlər. Əks halda şəbəkə onlarla əməkdaşlığı kəsəcəyini vəd edir.

«H&M istehsalat zəncirində, o cümlədən pambıqçılıqda yetkinlik yaşına çatmayanların əməyindən istifadəni və ya zorla işə cəlb olunmanı əsla qəbul etmir. Təəssüf ki, bu təcrübə Özbəkistan və Türkmənistanda geniş yer alır», - pərakəndə satış şəbəkəsinin bəyanatında deyilir.

ÖZBƏK PAMBIĞINDAN SONRA SIRADA GƏLƏNLƏR

Qadağa Suriyadan gətirilən pambığa da aiddir. Şirkət özbək pambığından hələ 2012-ci ildə imtina etmişdi. «Adidas», «Puma» və «Levi Strauss» kimi şirkətlər boykot qərarı qəbul etdikdən az sonra o da eyni addımı atmışdı. Bir qədər sonra onlara IKEA, «Walmart», «Marks&Spencer» və «Tesco» da qoşulmuşdu.

Yaxın zamanda Türkmənistan pambığından hazırlanan məhsuldan imtina edən şirkətlərin sayının artması da mümkündür. Qeyri-hökumət təşkilatları İsveçin məşhur brendi - IKEA-nı da Mərkəzi Asiyada yetişdirilən «ağ qızıl»dan imtina etməyə çağırırlar.

Türkmən məktəbliləri pambıq yığımında.
Türkmən məktəbliləri pambıq yığımında.

«Pambıq kampaniyası» (Cotton Campaign) də bu cür çağırışlar edən qurumlardandır. Bu qurum bildirir ki, Aşqabad hər il pambıq yığımı zamanı zorla on minlərlə vətəndaşı tarlalara tökür.

IKEA GÖTÜR-QOYDADIR

IKEA Türkmənistan pambığından «Malou» и «Nyponros» yataq dəstlərinin hazırlanmasında istifadə edir. Adıçəkilən məhsullar isə bütün dünyada satılır.

IKEA bildirib ki, problemlərdən, o cümlədən Türkmənistanda pambıqçılıq sahəsində baş verənlər, eləcə də məcburi əmək haqda deyilənlərdən xəbərdardır.

IKEA nümayəndəsi İsveçin «TT» agentliyinə deyib ki, buna görə də yoxlamanı gücləndiriblər. O, həmçinin pambıq tarlasında və istehsalında nəzarətin gücləndirilməsinin zərurətinə də toxunub. Şirkət bu gün həmin ölkədən cəmi bir pambıq tədarükçüsü ilə işlədiyini bildirib.

Hərçənd «Pambıq kampaniyası»nın rəhbəri Matt Fischer-Daly deyir ki, Türkmənistandakı pambıq sənayesi ilə bağlı müstəqil ekspertiza aparmaq mümkün deyil. Hakimiyyətin sərt nəzarəti var, vətəndaşlar isə bu mövzuda açıq danışmaqdan çəkinirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG