Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:47

Türkmənistanda bankomatlarda pul yoxdur


Türkmənistan, adamlar bankomat qarşısında
Türkmənistan, adamlar bankomat qarşısında

Bugünlərdə Aşqabadda bankomatların qarşısında uzun növbələr adi haldır. İnsanlar bank kartlarına köçürülmüş məvaciblərini nağdlaşdırmaq üçün növbəyə dururlar, ancaq çoxu maaşını götürə bilmir.

Növbədə dayanan insanların sözlərinə görə, bu, bankomatların sayının azlığı və onlarda yetərincə pul vəsaitinin olmaması ilə bağlıdır.

Adamlar deyirlər ki, çoxları bir bankomatdan bir neçə bank kartı ilə pul çıxarırlar. Nəticədə növbəti 30-40 adam pullarını nağdlaşdıra bilmir, bankomata yenidən pul yüklənməsini gözləməli olur.

“40 DƏQİQƏ PUL ÇIXARDI”

"Bankların içərisindəki bankomatlarda yalnız səhərdən 3 saat ərzində pul olur. Səhərdən gözləyirik, növbəmiz çatanda isə deyirlər ki, pul qurtardı. Birincisi, bankomatlarda pul azdır. Nahardan sonra onlarda pul qalmır. İkincisi də, növbədə duran bəzi adamlar özləri ilə bir neçə plastik kart gətirirlər. Növbələri çatanda onlar bankomatdakı bütün pulları götürürlər", – Aşqabad sakini Akbibi-dayza deyir. Akbibi-dayza artıq 3 gündür ki, növbədə durur.

Türkmənistan polisi, 5 oktyabr 2013
Türkmənistan polisi, 5 oktyabr 2013

Aşqabaddan olan Amanmurad Bugayev də bu yaxınlarda bir şəxsin birdən-birə bir neçə kartdan pul çıxardığını, bunun növbədə duran adamları narazı saldığını görüb.

"Atatürk küçəsində "Senaqat" bankının ofisindəki bankomatın qarşısında növbədə duran bir nəfər 40 dəqiqə ərzində dalbadal çoxlu kartdan istifadə etdi. Onun ardınca əlində 10-12 kartı olan daha bir nəfər yaxınlaşdı. Bundan sonra, onun arxasında duranlar narazılıq etməyə başladılar. Az qalmışdı dava düşsün. Heç kəs adamları sakitləşdirməyə çalışan bank işçilərinə qulaq asmırdı. Nəticədə onlardan biri polis çağırdı. Polis gələndən sonra növbədə bir neçə kartla dayananlardan biri getdi. Polis digər insanlara müraciət edərək onları sakit olmağa və dava etməməyə çağırdı", – Bugayev danışır.

PLASTİK KARTLAR ÖDƏNİŞ VASİTƏSİ DEYİL

Qeyd edək ki, son 4 il ərzində dövlət və büdcə müəssisələrinin işçilərinin maaşları nağd şəkildə ödənmir. Məvaciblər bank hesablarına köçürülür və kart vasitəsilə çıxarılır.

Bank kartlarında pulun olub-olmamasını insanlar yalnız bankomatların köməyilə öyrənə bilirlər. Bundan başqa, hesabdan pulları yalnız bankomatlardan çıxarmaq olur. Türkmənistanda bank kartlarından ödəniş vasitəsi kimi yararlanmaq mümkün deyil. Üstəlik, hal-hazırda birdəfəlik nağdlaşdırmaya 1000 manatlıq məhdudiyyət qoyulub.

Türkmənistam milli valyutası, 16 oktyabr 2010
Türkmənistam milli valyutası, 16 oktyabr 2010

MAAŞLAR AYLARLA GECİKİR

AzadlıqRadiosuna müntəzəm olaraq ölkənin müxtəlif regionlarından bankomatlarda pulun çatışmaması və məvaciblərin nağdlaşdırılmasının qeyri-mümkünlüyü barədə məlumatlar daxil olur. Maaşın çox zaman aylarla gecikməsi isə durumu daha da çətinləşdirir.

AzadlıqRadiosu əvvəllər də bildirmişdi ki, büdcə təşkilatlarının işçilərinin məvaciblərinin nadlaşdırılması ilə bağlı yaşanan problemlərə baxmayaraq, ölkə rəhbərliyi təqaüdlərin, əlilliyə, uşağa qulluğa görə müavinətlərin də plastik kartlara köçürülməsi imkanlarını nəzərdən keçirir.

Daşoğuz vilayətində yaşayan mənbə bu planların dayandırıldığını bildirir. Onun sözlərinə görə, plastik kartların verilməsi üçün toplanmış pullar təqaüdçülərin və icarəçilərin özlərinə qaytarılıb.

Ölkədə plastik kartlardan istifadə etmək, demək olar ki, mümkün deyil. Bu, onlayn alış-verişə də aiddir. Yerli müşahidəçilərin sözlərinə görə, bütün Türkmənistanda plastik kartlardan yalnız Aşqabadın "Berkarar" ticarət mərkəzində istifadə etmək olur. Ancaq deyilənə görə, bu ticarət mərkəzində də plastik kartlardan istifadə üçün avadanlıq yalnız həftədə 1-2 dəfə işləyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG