Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 01:08

Türkmənistan xaricdəki bankomatlardan pul çıxarılması limitini yenə azaldıb


Türkmənistan hakimiyyəti bu il artıq üçüncü dəfədir ki, xaricdəki bankomatlardan çıxarılan pulun məbləğinə limit qoyub.

Belə görünür ki, bundan məqsəd iqtisadi tənəzzül şəraitində ölkədə daha çox pulun saxlanmasıdır.

Dövlət Xarici İqtisadi Fəaliyyət Bankı noyabrın 6-da elan edib ki, xaricə səfər edən və ya orada yaşayan müştərilər bundan sonra başqa ölkələrdəki bankomatlardan bir gündə yalnız 50 dollarədək pul çəkə biləcəklər.

Yeni qaydalar bank köçürmələri üçün də 200 dollarlıq limit qoyur.

Türkmənistan vətəndaşlarının tez-tez səfər etdikləri əsas xarici ölkə Türkiyədir. Türkiyə Türkmənistan vətəndaşlarına ölkəyə vizasız gəlmək hüququ verib .

Dil və mədəniyyət yaxınlığı bir çox türkmənlərin burada özlərinə iş tapmasına imkan verir.

Bu ilin mart ayında dövlət bankı xaricdəki bankomatlardan çıxarılan pulun limitini 1000 dollardan 250 dollaradək azaltmışdı. Oktyabr ayında isə limit 100 dollara endirilmişdi.

Türkmənistanın güclü dövlət nəzarəti altında olan iqtisadiyyatı son illərdə zəifləyib, uğursuz enerji sazişləri və ölkənin əsas ixracat məhsulu olan təbii qazın dünya bazarında ucuzlaşması isə hökumət gəlirlərini azaldıb.

Ölkədə gündəlik ərzaq mallarının qıtlığı müşahidə olunur və hökumət su, qaz və elektrik istehlakı üçün əhaliyə verdiyi subsidiyaları dayandırıb.

Oktyabr ayında milli valyuta olan manatın məzənnəsi qara bazarda kəskin düşmüşdü. Həmin vaxt bir dolların dəyəri 7, 5 manatdan 9 manata qalxmışdı. Rəsmi kurs isə 2015-ci ildən 3, 5 manat olaraq saxlanır.

Hökumətin tənqidçiləri deyirlər ki, prezident Qurbanqulı Berdımuxammedov 2006-cı ildə avtokrat Saparmurat Niyazovun ölümündən sonra hakimiyyətə gələndən bəri fərqli düşüncəni məhdudlaşdırıb və çox cüzi dəyişikliklərə gedib.

Niyazov kimi Berdımuxammedov da hakimiyyətini möhkəmləndirmək üçün əsasən gündəlik tələbat mallarına və məişət xidmətlərinə subsidiyaların ayrılmasına güvənib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG