2026, 20 Noyabr, cümə, Bakı vaxtı 14:14

Dünya xəbərləri

Türkiyədə Instagram bloklanıb 

İllüstrativ foto
İllüstrativ foto

Türkiyədə Instagram sosial şəbəkəsinə giriş bloklanıb. “Hurriyet” qəzeti bu barədə texnologiya və kommunikasiyalar üzrə şuranın qərar verdiyini yazır. Tənzimləyici orqan bloklamanın səbəbləri, yaxud müddəti barədə açıqlama verməyib.

Türkiyə mediası bu qərarın prezident administrasiyasının kommunikasiyalar üzrə direktoru Fahrettin Altunun sözügedən sosial şəbəkəni təndiq etməsindən sonra verilməsinə diqqət çəkir.

Instagram (ABŞ və Aİ-nin terrorçu saydığı) HƏMAS ekstremist qruplaşmasının siyasi bürosunun başçısı İsmayıl Haniyənin ölümüylə bağlı başsağlığı postlarını blokladığına görə dövlət rəsmisinin tənqidinə tuş gəlmişdi. Haniyə bu həftə İranda qətlə yetirilib.

“Bu çox aydın və aşkar senzura cəhdidir. Bu platformalara qarşı söz azadlığını müdafiə etməyə davam edəcəyik. Onlar dəfələrlə göstəriblər ki, qlobal istismarçı quruluşa və ədalətsizliyə xidmət edirlər. Fələstinli bacı və qardaşlarımızı hər bir imkan daxilində, istənilən platformada dəstəkləyəcəyik”, -- Altun yazıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan öncə demişdi ki, Türkiyə fələstinlilərə kömək üçün “Liviya və Qarabağa girdiyi kimi” İsrailə də girə bilər.

İsrailin xarici işlər naziri isə Ərdoğanın bu təhdidinə cavabında onu 2006-cı ildə edam olunmuş İraq diktatoru Səddam Hüseynlə müqayisə edib.

Bütün xəbərləri izləyin

Rusiya Kiyevin üç körpüsünü raketlə vurub

Rusiyanın Kiyevə zərbələrindən sonra zədələnmiş körpüdən çətirlərlə keçən insanlar.
Rusiyanın Kiyevə zərbələrindən sonra zədələnmiş körpüdən çətirlərlə keçən insanlar.

Rusiya Kiyevdə Dnepr çayı üzərindəki üç körpünü ballistik raketlərlə vurub, üç nəfər həlak olub. Bu, müharibə başlayandan bəri Ukrayna paytaxtının sol və sağ sahillərini birləşdirən yollara edilən ən genişmiqyaslı hücumdur.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, təxminən 3 milyon əhalisi olan şəhərdə nəqliyyatın hərəkəti dayandırılıb və ya məhdudlaşdırılıb. Paytaxt sakinləri çayın iki sahili arasında hərəkət etmək üçün altı körpüdən yararlanırlar.

Mer hücum zamanı təxminən 15 nəfərin yaralandığını açıqlayıb.

Ukrayna bu həftə Rusiya ilə Krımı birləşdirən körpünü üçüncü dəfə vurduqdan sonra Rusiya prezidenti Vladimir Putin buna sərt cavab veriləcəyini bildirmişdi.

"Reuters" agentliyi bu gün – noyabrın 20-də səhər saatlarında Kiyevdə bir sıra partlayış səslərinin eşidildiyini xəbər verir.

Dnepropetrovsk vilayətində dronların yaşayış binalarına zərbələri nəticəsində beş nəfər yaralanıb. Ukraynanın ikinci ən böyük şəhəri Xarkovda isə xəstəxanaya dron hücumu dörd nəfərin xəsarət almasına səbəb olub.

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi artıq beşinci ildir davam edir. Tərəflər mülki şəxsləri qəsdən hədəfə almadıqlarını bəyan edirlər.

Luqanska zərbələr: üç nəfərin öldüyü bildirilir

Luqanskda isə Ukraynanın hücumu nəticəsində üç nəfərin öldüyü bildirilir.

Rusiyanın vilayətə rəhbər təyin etdiyi Leonid Paseçnik noyabrın 20-nə keçən gecə Ukraynanın hücumu nəticəsində üç nəfərin öldüyünü açıqlayıb. Onun sözlərinə görə, Ukrayna hərbçiləri Yubileynoye qəsəbəsinə kütləvi zərbələr endiriblər. Mobil atəş qrupları hava hədəflərinin əksəriyyətini vurub.

Paseçnik hücum zamanı çoxmənzilli yaşayış binalarına ziyan dəydiyini deyib. Binalardan birində girişlər arasındakı beton örtüklər çöküb. O, altı nəfərin yaralandığını, dağıntılar altında hələ də insanların ola biləcəyini əlavə edib.

Ukraynanın hərbi əməliyyatlarını izləyən "Exilenova+" və "Supernova+" Telegram kanalları isə Ukrayna Müdafiə Qüvvələrinin Luqansk vilayətindəki sursat anbarına zərbə endirdiyini yazıblar.

Tbilisidə partlayış olan binadan 6 nəfərin meyiti çıxarılıb

Bina
Bina

Noyabrın 19-da Tbilisinin Kvemo-Poniçala rayonunda yaşayış binasında baş verən partlayışda altı nəfər həlak olub. Onların hamısının meyiti dağıntılar altından çıxarılıb. Partlayışa təbii qaz sızmasının səbəb olduğu bildirilir.

Həlak olanlar arasında azyaşlı uşaq da var.

Daxili işlər naziri Sulxan Tamazaşvili jurnalistlərə xilasetmə əməliyyatının faktiki olaraq başa çatdığını bildirib.

Xilasedicilər dağıntılar altından üç yaşlı uşağı sağ çıxarıblar. Xəstəxanaya çatdırılan uşağın həyatı üçün təhlükə yoxdur.

Hadisə noyabrın 19-da səhər saatlarında qeydə alınıb.

Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, partlayışdan sonra binanın iki girişində problemlər yaransa da, qalan hissəsi yaşayış üçün yararlıdır.

Hadisə ilə əlaqədar tikinti işləri aparılarkən təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə istintaqa başlanılıb.

"Tbilisi Energy" qaz şirkətinin rəsmisi partlayış baş verən mənzilə əvvəlcədən baxış keçirməyin mümkün olmadığını açıqlayıb. Buna mənzil sahibinin Tbilisidə olmaması səbəb göstərilib.

Aİ rusiyalıları 'Erasmus+' proqramından çıxarıb

2014–2021-ci illərdə Rusiyadan 13 mindən çox tələbə və elmi işçi "Erasmus+" proqramdan yararlanıb.
2014–2021-ci illərdə Rusiyadan 13 mindən çox tələbə və elmi işçi "Erasmus+" proqramdan yararlanıb.

Avropa Komissiyası Rusiyada yaşayan şəxslərin "Erasmus+" tələbə mübadiləsi proqramında iştirakını qadağan edib. Bu barədə proqramın 2027-ci il üçün təlimatında bildirilir.

Qadağa vətəndaşlığından asılı olmayaraq Rusiyada yaşayan bütün şəxslərə şamil olunur. Sənəddə vurğulanır ki, proqramda "istənilən formada" iştirak yolverilməzdir.

Avropa İttifaqı (Aİ) ölkələrindən olan tələbələrin və ali məktəb əməkdaşlarının "Erasmus+" çərçivəsində Rusiyaya səfərləri də proqramdan çıxarılıb.

Bundan başqa, Rusiyada yaşayanlar artıq Avropa universitetlərində "Erasmus Mundus Joint Master" (EMJM) birgə magistratura proqramları üzrə təqaüd ala bilməyəcəklər.

Rusiya idmançılarını öz bayraqları altında yarışlara buraxan beynəlxalq idman qurumları da proqramın idman layihələrinə qoşula bilməyəcəklər.

"Erasmus" proqramı 30 ildən çoxdur fəaliyyət göstərir. Bu, Aİ-yə üzv ölkələr və bir sıra tərəfdaş dövlətlər arasında tələbə mübadiləsi proqramıdır. "Erasmus+" təkcə tələbə mübadiləsini deyil, təhsil sahəsində əməkdaşlığın digər istiqamətlərini də əhatə edir.

2014–2021-ci illərdə Rusiyadan təxminən 13 min 200 tələbə və elmi işçi bu proqramdan yararlanıb.

Moskva 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayandan sonra Aİ öz büdcəsindən Rusiya dövlət qurumlarına maliyyə ayrılmasını dayandırıb.

Proqnoz: İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

Müsəlman zəvvarlar Məkkədəki Məscidül-Həramda illik Həcc ziyarəti zamanı Kəbəni təvaf edirlər.
Müsəlman zəvvarlar Məkkədəki Məscidül-Həramda illik Həcc ziyarəti zamanı Kəbəni təvaf edirlər.

2030-cu illərin ortalarınadək islam dininin xristianlığı geridə qoyaraq dünyanın ən böyük dininə çevriləcəyi gözlənilir. "Pew" Araşdırmalar Mərkəzi noyabrın 18-də belə bir proqnoz açıqlayıb.

Bunun əsas səbəbi müsəlman qadınlar arasında doğum səviyyəsinin daha yüksək olmasıdır.

Xristianlıq əsrlər boyu dünyada ən çox ardıcılı olan din sayılıb. Amma müsəlman əhalinin sayı daha sürətlə artır və 2035-ci ildə dünyada müsəlmanların sayının 2.57 milyarda, xristianların sayının isə 2.52 milyarda çatacağı gözlənilir.

İndiki tendensiyalar davam edərsə, 2070-ci ildə dünyada müsəlmanların sayı 3.6 milyarda, xristianların sayının isə 3 milyarda çatacağı proqnozlaşdırılır. Belə olacağı halda, islam dünya əhalisinin 37 faizini təşkil edəcək. 2020-ci ildə bu göstərici 26 faiz idi. Xristianların dünya əhalisindəki payının isə 29 faiz civarında qalacağı və ikinci yerdə qərarlaşacağı gözlənilir.

2020–2025-ci illərdə hər müsəlman qadına orta hesabla 3.1, hər xristian qadına isə 2.5 uşaq düşüb. Digər bütün dini qruplar üzrə bu göstərici 1.6 olub.

Əhalinin özünü yeniləməsi üçün 2.1 zəruri göstərici hesab olunur.

"Pew" əvvəlki tendensiyalara əsaslanaraq bildirir ki, gələcəkdə həm islamı, həm də xristianlığı tərk edərək başqa dinlərə keçənlərin sayı artacaq. Amma müsəlmanlar arasında bu itki xeyli az olacaq. Belə ki, 2020–2070-ci illərdə dinini dəyişənlər səbəbindən müsəlmanların sayı 8 milyon, xristianların sayı isə 105 milyon nəfər azalacaq.

'Politico': Avropa Komissiyasına kiberhücum olub

Avropa Komissiyasının Brüsseldəki mənzil-qərargahı
Avropa Komissiyasının Brüsseldəki mənzil-qərargahı

Avropa Komissiyası kiberhücuma məruz qalıb və nəticədə böyük həcmdə şəxsi məlumatlar ələ keçirilmiş ola bilər. Bu barədə bu gün – noyabrın 19-da "Politico" nəşri məlumat yayıb.

Nəşr Avropa İttifaqı (Aİ) rəsmisinə istinadla yazır ki, Komissiya hücumun qarşısını əsasən aldığını düşünsə də, dəymiş ziyanın tam miqyası hələ məlum deyil.

Avropa Komissiyası məsələ ilə bağlı bu gün səhər saatlarında göndərilən sorğuya dərhal cavab verməyib.

"Politico"nun xəbərinə görə, təxminən 10 gün çəkən hücum səbəbindən bir neçə sistem, o cümlədən əməkhaqqı, iş vaxtının uçotu və tibbi xərclərin ödənişi sistemləri oflayn rejimə keçirilib.

Komissiyanın sözçüsü Tomas Renye nəşrə açıqlamasında aşkarlanmış kiberkampaniyaya cavab olaraq zəruri tədbirlərin görüldüyünü bildirib. Onun sözlərinə görə, hücum zamanı ayrı-ayrı sistemlər hədəfə alınıb və standart prosedurlara uyğun olaraq aidiyyəti şəxslərə məlumat verilib.

"Politico" yazır ki, Avropa Komissiyası kiberhücumla əlaqədar ən yüksək səviyyəli daxili böhran qurumunun təcili iclasını çağırıb.

Texnologiya məsələləri üzrə Avropa komissarı Henna Virkkunen isə ötən gün digər komissarları mövcud vəziyyətlə bağlı məlumatlandırıb.

Moskvada 10-cu sinif şagirdinə terror ittihamı ilə 5 il həbs kəsilib

Yandırılmış rele şkafı
Yandırılmış rele şkafı

Moskvada İkinci Qərb Dairə Hərbi Məhkəməsi Moskva vilayətindən olan 10-cu sinif şagirdini terror aktı törətməkdə təqsirli bilərək, cəzasını tərbiyə koloniyasında çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edib. Hökm barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb. Məhkəmə dəmir yolu avadanlıqlarının yandırılmasını terror aktı kimi qiymətləndirib. 2010-cu il təvəllüdlü məhkumun adı açıqlanmır.

İstintaqın versiyasına görə, 10-cu sinif şagirdi Naxabino–Anikeyevka dəmir yolu sahəsində iki rele şkafının, Moskva vilayətindəki Dedovsk stansiyası yaxınlığında isə rele və akkumulyator şkaflarının üzərinə benzin tökərək onları yandırıb. O, bunu Telegram-da tanımadığı bir şəxsin tapşırığı ilə edib. Məlumatda yeniyetmənin yandırma prosesini videoya çəkərək həmin şəxsə göndərdiyi bildirilir.

Müdafiə tərəfi məhkəmədə deyib ki, yeniyetmə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşlarına kömək etdiyinə və onların "Ukrayna diversantlarını ifşa edib saxlamaq" tapşırığını yerinə yetirdiyini düşünüb.

Ukraynada müharibə başlayandan sonra Rusiyada onlarla azyaşlı Telegram-da naməlum şəxslərin tapşırığı ilə törətdikləri yanğınlara görə "diversiya" və ya "terror aktı" maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilənlərin ən kiçiyinin 14 yaşı var. Onların çoxu dələduzların qurbanına çevrildiklərini və ya tapşırıqları pul qarşılığında yerinə yetirdiklərini bildirirlər.

Kemerovoda hərbi təyyarə qəzaya uğrayıb, 19 nəfər həlak olub

An-12 təyyarəsi
An-12 təyyarəsi

Noyabrın 17-də Rusiyanın Müdafiə Nazirliyi Kemerovo vilayətində An-12 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğradığını təsdiqləyib. 19 nəfərin həlak olduğu açıqlanıb.

Məlumata görə, qəza planlı uçuş zamanı baş verib. Təyyarə yaşayış olmayan əraziyə düşüb.

Müdafiə Nazirliyi qəzanın səbəbi kimi texniki nasazlığı göstərib, hadisə yerində Rusiya Hava-Kosmik Qüvvələrinin komissiyasının işlədiyini bildirib.

Bundan əvvəl bir sıra media orqanları və Teleqram kanalları Kemerovo vilayətində An-12 hərbi təyyarəsinin qəzaya uğradığını xəbər vermişdi. Güc strukturlarına yaxınlığı ilə tanınan SHOT Teleqram kanalı və REN TV təyyarə olan 17 nəfərin hamısının həlak olduğunu bildirmişdi.

Vilayətin qubernatoru İlya Seredyuk əvvəlcə sosial şəbəkələrdə Yaqunovo kəndi yaxınlığında aviasiya hadisəsinin baş verdiyini yazmışdı. Daha sonra o, qəza yerindən yaydığı videomüraciətdə Kemerovo yaxınlığında qəzaya uğrayan təyyarənin vilayətdən tranzitlə keçdiyini bildirmişdi. Qubernator təyyarədə olan şəxslərlə bağlı məlumat verməmişdi.

SHOT qeyd edir ki, Novosibirskdən Kanska uçan təyyarə Yaqunovo yaxınlığında tarlaya düşüb. Qalıqları 500 metr radiusda ətrafa səpələnib. Kanalı təyyarədə təhlükəli yüklərin olmadığını, yerdə heç bir dağıntının qeydə alınmadığını bildirib.

Baza Teleqram kanalı şahidlərə istinadla təyyarənin havada yanmağa başladığını yazır.

Yaqunovo kəndi Kemerovo hava limanından 5 kilometr məsafədə yerləşir.

Britaniyanın baş naziri Breksiti tənqid edib

Endi Börnem
Endi Börnem

Böyük Britaniyanın baş naziri Endi Börnem Breksiti tənqid edərək onun “işə yaramadığını”, ölkənin “qazandığından daha çox şey itirdiyini” bildirib. O, ölkəsinin Avropa İttifaqı (Aİ) ilə Breksit sazişinə yenidən baxılması üçün danışıqlara başladığını açıqlayıb.

Breksit Böyük Britaniyanın Aİ-dən çıxması prosesinə deyilir.

“Breksit dünyada təcridçilik və proteksionizmə doğru qlobal hərəkatda yıxılan ilk domino daşı oldu. Düşmənlərimiz də məhz bunu istəyirdi. Rusiya NATO daxilində parçalanma və Avropanın zəifləməsini istəyirdi”, – Börnem bildirib.

Noyabrın 20-də Börnemin Brüsseldə Avropa liderləri ilə görüşəcəyi gözlənilir. Onlar ərzaq və kənd təsərrüfatı, emissiya kvotalarının ticarəti sahələrində əməkdaşlığı müzakirə etməyi planlaşdırırlar.

Britaniyanın baş naziri deyib ki, bu razılaşmalar ölkənin ümumi daxili məhsulunu 0,4 faiz, yəni təxminən 17 milyard funt sterlinq artıra bilər.

Sammit ərəfəsində Börnem Breksit sazişinə yenidən baxılması üçün üç şərt irəli sürüb. Birincisi, yeni razılaşma Leyboristlər Partiyasının seçkiqabağı verdikləri vahid bazara, gömrük ittifaqına və sərbəst hərəkət rejiminə qayıtmamaq barədə vədlərə zidd olmamalıdır. İkincisi, mövcud sazişdən daha yaxşı olmalı və 2016-cı ildə Aİ-dən çıxmağa səs vermiş britaniyalıların gözləntilərinə cavab verməlidir. Üçüncüsü, insanların gündəlik həyatında nəzərəçarpacaq yaxşılaşmalara səbəb olmalıdır.

Börnem vurğulayıb ki, müzakirələrin hər mərhələsində “son söz Britaniya xalqının olacaq”.

O, əvvəlki hökumətləri tənqid edib, onların Böyük Britaniyanın müttəfiqlərinə kifayət qədər diqqət ayırmadıqlarını, bununla ölkənin beynəlxalq nüfuzuna zərər vurduqlarını söyləyib.

2016-cı ilin iyununda Böyük Britaniya Avropa İttifaqından çıxmaqla bağlı referendum keçirib. Seçicilərin 51,9 faizi Breksiti, 48,1 faizi isə Aİ üzvlüyünün saxlanılmasını dəstəkləyib.

Böyük Britaniya 2020-ci il yanvarın 31-də Avropa İttifaqını rəsmən tərk edib, keçid dövrü isə həmin ilin sonunda başa çatıb.

Breksiti dəstəkləyənlər ölkənin daxili siyasəti və qanunvericiliyi üzərində milli nəzarəti bərpa etmək, eləcə də immiqrasiyanı məhdudlaşdırmaq istəyirdilər.

Cənubi Koreya qəbul imtahanlarında gizli kamera yoxlamasını sərtləşdirir

Koreyalı tələbələr
Koreyalı tələbələr

Cənubi Koreya bu həftə ali məktəblərə keçiriləcək qəbul imtahanında nəzarəti gücləndirəcək. Məqsəd abituriyentlərin geyimlərində miniatür kameralar gizlətməsinin qarşısını almaqdır. Bunu noyabrın 17-də ölkənin baş naziri Han Son Suk açıqlayıb.

O, mətbuat konfransında deyib ki, iki gün sonra təxminən 550 min nəfərin qatılacağı qəbul imtahanı zamanı abituriyentlərin paltarlarındakı düymələrə xüsusi stikerlər yapışdırılacaq.

Bu yaxınlarda vergi mühasibləri imtahanında süni intellektdən istifadə ilə bağlı köçürmə qalmaqalı yaşanıb.

İmtahanda ən yüksək balı toplamış Cənubi Koreya vətəndaşı noyabrın 14-də elektron cihazlardan və generativ süni intellektdən yararlanaraq köçürdüyünü etiraf edib. Bu hadisə cəmiyyətdə dövlət imtahanlarının şəffaflığı və etibarlılığı ilə bağlı suallar doğurub.

Baş nazir həmçinin bildirib ki, imtahana girənlərin yaxalıqlarında gizli cihazların olub-olmaması metal detektorlarla yoxlanılacaq.

İştirakçıların eynəkləri də yoxlamadan keçiriləcək. Məqsəd onların gizli çəkiliş aparan ağıllı eynəklər olub-olmamasını yoxlamaqdır.

Hökumət başçısının sözlərinə görə, rəsmi qurumlar texnologiya şirkətləri ilə birgə imtahan suallarının çəkilərək generativ süni intellekt tətbiqlərinə göndərilib-göndərilmədiyini araşdırmağı planlaşdırır.

Ölkə üzrə imtahan mərkəzlərinə əlavə olaraq təxminən 8 min 400 nəzarətçi cəlb olunacaq.

Köçürmə zamanı yaxalanan şəxslərin imtahanı yenidən verməsinə qoyulan qadağanın müddəti isə 1 ildən 10 ilə qədər uzadılacaq.

Krım körpüsü qismən çöküb

Krım körpüsü zərbədən sonra
Krım körpüsü zərbədən sonra

Ukrayna noyabrın 17-nə keçən gecə Krım körpüsünə yenidən zərbə endirib. Bu haqda Ukraynanın "Exilenova+" və "Supernova+" Telegram-kanalları məlumat yayıb.

Məlumatı Rusiyanın ilhaq olunmuş Krıma rəhbər təyin etdiyi Sergey Aksyonov da təsdiqləyib. Onun sözlərinə görə, körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

"Exilenova+" kanalı bunun kombinə olunmuş hücum olduğunu bildirir. Zərbələrin FP-5 "Flaminqo" raketləri ilə endirildiyi iddia edilir. Ancaq bu məlumat rəsmən təsdiqlənməyib.

"Astra" nəşri yazır ki, əvvəlki gün də hədəfə alınan iki körpü tağına yenidən zərbə vurulub. Onlardan biri dağılıb. "Krımski veter" Telegram-kanalı yazır ki, həmin tağla birlikdə körpünün avtomobil yolu hissəsi də çöküb, dağıntılar isə gəmilərin hərəkəti üçün nəzərdə tutulan su yolunu bağlayıb.

Rusiyanın Nəqliyyat Nazirliyi dəymiş ziyanı qiymətləndirir. Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev bildirib ki, körpüyə aparan yollarda qidalanma və isinmə məntəqələri fəaliyyətini davam etdirir.

Rusiya Müdafiə Nazirliyi bir sıra vilayətlər üzərində Ukraynaya məxsus 1441 dronun məhv edildiyini açıqlayıb.

Aİ Rusiyaya sanksiyaları genişləndirib

Tatyana Kim
Tatyana Kim

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiya siyahılarına 145 fiziki və hüquqi şəxsin əlavə edilməsi barədə razılığa gəliblər. Buraya "kölgə donanması" adlandırılan donanmaya məxsus gəmilər də daxildir. Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro məlumat verib.

Barronun sözlərinə görə, sanksiyalar xüsusilə "Wildberries" şirkətinin rəhbəri Tatyana Kimə şamil olunacaq. Sankt-Peterburqdakı neft terminalı da məhdudiyyətlərə məruz qalacaq.

Tam siyahı hələ dərc olunmayıb. Bu, sanksiyaların yeni, 22-ci paketi deyil; siyahılara yeni adlar mütəmadi aparılan yeniləmə çərçivəsində daxil edilib.

Azadlıq Radiosunun müxbiri yazır ki, 22-ci sanksiya paketinin müzakirəsinə bu həftə başlanacaq və onun Milad bayramınadək qəbul edilməsi planlaşdırılır.

Bundan əvvəl "Sistema" araşdırma layihəsi müəyyən edib ki, Aİ ölkələrinin daimi nümayəndələrinin noyabrın 11-də razılaşdırdığı siyahıda ilkin müzakirələrdə nəzərdə tutulan dörd hüquqi şəxs yer almayıb. Müzakirələr zamanı Birinci İnvestisiya Bankı, İnvestisiya Kooperativ Bankı, "RESO Kredit" bankı və "TANEKO" neft şirkəti siyahıdan çıxarılıb.

Bu qurumların hamısı avropalı səhmdarların maraq dairəsinə daxildir.

Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədi bağlayır

Estoniya-Rusiya sərhədi
Estoniya-Rusiya sərhədi

Estoniya dekabrın 1-dən Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlayacaq. Bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna "X" sosial şəbəkəsində yazıb.

Nazir bildirib ki, sərhədin bağlanması təxribat cəhdinə cavab tədbiri olacaq. Tallin bu cəhdin arxasında Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) dayandığını hesab edir.

"Rusiya anlamalıdır ki, Estoniyaya qarşı düşmənçilik hərəkətləri cavabsız qalmayacaq. Sərhəd keçidlərinin bağlanması Rusiyanın Estoniyada düşmənçilik fəaliyyəti aparmaq imkanlarını məhdudlaşdıracaq, sanksiyalardan yayınma hallarının qarşısını almaq imkanlarımızı isə gücləndirəcək", – Tsahkna vurğulayıb.

O, Finlandiya, Latviya və Litvadakı tərəfdaşların da bu qərar barədə məlumatlandırıldığını əlavə edib.

Noyabrın 15-də Estoniyada dron istehsal edən "Threod Systems" müəssisəsini yandırmağa cəhddə şübhəli bilinən səkkiz Latviya vətəndaşı saxlanılıb. Müəssisənin təhlükəsizlik xidməti yanğının qarşısını vaxtında ala bilib.

Estoniyanın Daxili Təhlükəsizlik Xidmətinin baş direktoru Marqo Palloson bildirib ki, əks-kəşfiyyat orqanları yanğın törətmək cəhdində Rusiyanın əli olduğunu təsdiqləyib. Onun sözlərinə görə, bu əməliyyat Rusiyanın Baş Kəşfiyyat İdarəsi (QRU) tərəfindən əlaqələndirilib.

Bu, il ərzində Estoniyanın müdafiə sənayesi müəssisələrinə qarşı ikinci yanğın cəhdidir.

Avqustun 15-nə keçən gecə Tallindəki "Milrem Robotics" zavodunda da yanğın baş verib. Pilotsuz yerüstü döyüş maşınları istehsal edən bu şirkət Ukrayna ilə sıx işləyir.

Həmin yanğını törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Estoniya bu hadisəyə görə də Rusiyanı ittiham edib.

Çexiyada son 33 ilin ən böyük etiraz aksiyası keçirilib

Praqada etiraz aksiyası
Praqada etiraz aksiyası

Noyabrın 15-də Çexiyanın paytaxtı Praqada son 33 ilin ən böyük etiraz aksiyası keçirilib. Yüzminlərlə insan hökumətin kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsi ilə bağlı irəli sürdüyü islahata qarşı nümayişə çıxıblar. Təşkilatçılar aksiyaya 350-400 min nəfərin qatıldığını bildiriblər. İştirakçıların çoxu Praqaya ölkənin digər şəhərlərindən gəlib.

Oktyabrın 24-də medianın maliyyələşdirilməsi haqqında qanun layihəsi Çexiya parlamentində birinci oxunuşdan keçib. Layihədə Çexiyanın əsas ictimai media qurumları – Çexiya Televiziyası və Çexiya Radiosunun ictimai maliyyələşdirmədən dövlət maliyyələşdirməsinə keçirilməsi nəzərdə tutulur.

Hazırda ölkədə hər ev təsərrüfatı milli televiziya və radio yayımı üçün aylıq 205 kron (təxminən 9,5 dollar) məcburi ödəniş edir. Qanunvericilər bunu dövlət büdcəsindən maliyyələşdirmə ilə əvəzləməyi təklif edirlər.

İctimaiyyət isə dəyişikliyə etiraz edir. Etirazçıların mövqeyinə görə, yeni sistem nəticəsində media müstəqilliyini itirə, maliyyələşdirmə dövlətin jurnalistlərə təzyiq vasitəsinə çevrilə bilər. Digər yandan, təklif olunan dövlət vəsaiti medianın hazırda ictimai ödənişlərdən əldə etdiyindən 15 faiz azdır.

Praqanın mərkəzindəki Letna parkı etirazçılarla dolub. Onlar “Əlinizi mediadan çəkin!” və “Qoy mətbuat özü siyasətçilərlə məşğul olsun!” yazılmış plakatlar qaldırıblar.

Bazar günü Praqada polis patrulları və təcili tibbi yardım briqadalarının sayı artırılıb, ictimai nəqliyyatın əlavə reysləri təşkil edilib. Polis nümayişin dinc keçdiyini bildirib.

Bu, Çexiyanın müstəqil dövlət olduğu 1993-cü ildən bəri Praqada keçirilən ən böyük nümayişdir.

Bundan əvvəl isə noyabrın 3-də Çexiya Radiosu və Televiziyasının əməkdaşları tətil keçiriblər. Tətil televiziya və radio yayımında fasilələrə səbəb olub.

Aİ liderləri ilk süni intellekt sammitini keçirəcəklər

Süni intellekt
Süni intellekt

Noyabrın 13-də Avropa İttifaqı (Aİ) liderləri Dublində süni intellektə (Sİ) həsr olunmuş ilk sammitə toplaşacaqlar. Görüşdə bu sahədə ABŞ və Çinlə rəqabət aparmağın yolları, maliyyələşmə və digər aktual məsələlər müzakirə olunacaq.

Son aylar süni intellekt agentlərinin nəzarətdən çıxması ilə bağlı bir neçə narahatedici hadisə qeydə alınıb. "Nvidia" şirkətinin rəhbəri Censen Huanqın bu həftə istefa verməsi isə sektoru yenidən sarsıdıb və Sİ sənayesi ən böyük dəstəkçilərindən birini itirib.

Dublin sammitində Aİ liderləri bürokratik əngəllərin aradan qaldırılması yollarını və süni intellektdən istifadə qaydalarını da dəyərləndirəcəklər.

"Mistral AI" şirkətinin baş icraçı direktoru Artur Menş və Nobel mükafatı laureatı, süni intellekt sahəsinin öncüllərindən sayılan Cefri Hinton toplantıda çıxış edərək liderləri məlumatlandıracaqlar.

Sammitdə Ukrayna məsələsi də diqqət mərkəzində olacaq. Bu mövzu tədbirin gündəliyinə sonradan ikinci əsas məsələ kimi daxil edilib. Belə ki, bir gün əvvəl ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb, ardınca Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Dublinə gediblər.

Aİ-nin yüksəkvəzifəli rəsmisinin sözlərinə görə, liderlər Avropanın sülh danışıqlarındakı rolunu və atəşkəs əldə olunacağı halda Ukraynaya verilə biləcək mümkün təhlükəsizlik zəmanətlərini nəzərdən keçirəcəklər.

'Microsoft'un xidmətlərindəki nasazlıq saatlarla davam edib

"Microsoft"
"Microsoft"

Noyabrın 12-də "Microsoft"un "Outlook" və "Teams" xidmətlərinin işində təxminən 10 saatlıq fasilə yaranıb. Nasazlıq dünya üzrə bu populyar platformalardan istifadə edən şirkətlərin və dövlət qurumlarının fəaliyyətinə təsir göstərib.

"Microsoft" son açıqlamasında xidmətlərin işini yaxşılaşdırmaq səylərinin gözlənildiyi kimi getmədiyini bildirib.

Şirkətdən verilən məlumata görə, "Microsoft 365"in "Exchange Online" və elektron poçtdan asılı digər funksiyaları nasazlıqla üzləşib. "Exchange Online"dan asılı olmayan funksiyalar isə adi qaydada işləməyə davam edib. "Exchange Online" şirkətin elektron poçt, təqvim, kontaktlar və tapşırıqların idarə olunmasını təmin edən bulud əsaslı mesajlaşma platformasıdır.

Avstraliyanın daxili işlər və kibertəhlükəsizlik naziri Toni Börk bildirib ki, "Microsoft" baş verənlərin kiberhücumla əlaqəli olmadığını düşünür. O, problemə uğursuz sistem yeniləməsinin səbəb ola biləcəyini vurğulayıb.

Yaranan problemlər Avstraliyanın kəşfiyyat xidməti və federal polisinə də təsirsiz ötüşməyib.

ABŞ Konqresinin Nümayəndələr Palatası isə nasazlığın onların istifadəçilərini də əhatə etdiyini və mühəndislərin problemi aradan qaldırmaq üçün "Microsoft"la birlikdə çalışdığını açıqlayıb.

Davamı

XS
SM
MD
LG