Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 16:50

Türk polisi böyük qırğın planını önlədiyini deyir


Polis

Türkiyədə keçirilən reydlər ölkəni yenə Qərb mətbuatının əsas mövzularından birinə çevirib.

Dünən – fevralın 9-da Türkiyədə 4 nəfəri tutublar, onların yanında 150 kiloqramlıq partlayıcı və dəmir parçalarıyla dolu 24 intiharçı kəməri, 15 kiloqrama yaxın partlayıcı maddə, partlayıcıları uzaqdan idarəetmə mexanizmləri, silah-sursat tapılıb.

800-DƏN ÇOX ADAMI TUTUBLAR

«USA Today» qəzeti əməliyyatın Suriya ilə sərhəddə, Qaziantep vilayətində keçirildiyini yazır. Vilayət rəhbərliyinin yaydığı məlumatda şübhəlilərin Suriyada fəaliyyət göstərən «İslam Dövləti» (İŞİD) yaraqlılarından təlimat aldığı deyilir. Türkiyənin dövlət agentlikləri tutulanlardan birinin hansısa terror hücumunda iştirakına görə axtarışda olduğunu yazır. Həbs edilənlər haqda, hələ ki, bundan artıq bilgi verilməyib.

Türkiyə terror hücumlarından son zamanlar xüsusilə əziyyət çəkdiyindən hökumət terrorla mübarizəni gücləndirib. Keçən həftə ölkənin 29 vilayətində əməliyyatlar aparılıb, terrorçularla əlaqədə şübhəli bilinən 800-dən çox adamı tutublar.

Üstəlik, Türkiyə Suriyanın şimalında İŞİD-ə qarşı hərbi əməliyyatlar keçirir, İŞİD mövqelərinə hava zərbələri endirir.

SURİYADA BİRGƏ ƏMƏLİYYAT PLANLARI

Qəzetlər dünənki hadisənin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) rəhbərinin Ankaraya səfəri gününə düşdüyünü vurğulayırlar. CIA-in direktoru Mike Pompeo Ankarada prezident Recep Tayyip Erdoğan, Türkiyənin Milli Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidan, baş nazir Binali Yıldırım və təhlükəsizlik rəsmiləriylə görüşüb. Görüşlərin gündəliyi haqda mətbuata detallı açıqlama verilmir.

Mike Pompeo
Mike Pompeo

«The New York Post» qəzetinin adının gizli saxlanmasını istəyən dövlət rəsmisindən aldığı məlumata görə, əsas müzakirə mövzusu Suriyada birgə əməliyyat planlarıdır.

Ankara ziyarəti yeni CIA direktorunun xaricə ilk səfəridir, bu barədə 2 gün öncə ABŞ və Türkiyə prezidentlərinin telefon söhbəti zamanı razılıq əldə edilib. Ağ ev telefon söhbəti barədə çox danışmayıb, Türkiyənin İŞİD-lə mübarizədə ölkənin əsas müttəfiqi olduğunu bildirib. Türkiyə rəsmiləri isə söhbətdə ABŞ-ın Suriyadakı kürdlərə yardımı və Gülen (Türkiyə ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-i ötənilki iyul çevriliş cəhdinin arxasında durmaqda suçlayır, Gülen bunu təkzib edir – red.) məsələsinə də toxunulduğunu deyirlər.

«REAKSİYA POZİTİV OLUB»

Adını açıqlamayan təhlükəsizlik rəsmisi Ankara görüşlərində də bu məsələlərə toxunulacağını, Türkiyənin Gülen hərəkatı və kürd yaraqlılarıyla mübarizədə ABŞ-dan dəstək istəyəcəyini söyləyib.

R.T.Erdoğan-ın sözçüsü İbrahim Kalın NTV kanalına müsahibəsində deyib ki, prezidentin Suriyanın Raqqa şəhərinin terrorçulardan kürdlərin köməyinə ehtiyac olmadan alınmasıyla bağlı planı da var. O, ABŞ prezidentini bu planla tanış edib və reaksiya pozitiv olub.

Obama administrasiyası İraq və Suriyada İŞİD-lə mübarizədə kürdləri əsas müttəfiq hesab edir, Türkiyəni əməliyyatlara qatmırdı. Türkiyə isə proses nəticəsində daha çox əraziyə yiyələnən kürdlərin güclənəcəyindən ehtiyatlanır, həmçinin ABŞ-dan yardım alan kürd silahlı qüvvələrinin Türkiyəyə qarşı vuruşan kürd yaraqlılarına yardım etdiyini bildirirdi.

CIA direktorunun Ankaraya səfəri ölkədə ABŞ-la münasibətlərin yoluna qoyulacağıyla bağlı ümidlər yaradıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG