Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 09:13

Türkiyənin Əsədlə barışıq təklifi Suriya fəallarını qəzəbləndirib


Mevlüt Çavuşoğlu
Mevlüt Çavuşoğlu

Mevlüt Çavuşoğlu avqustun 11-də demişdi ki, “biz bir yolla Suriyada müxalifət və rejim arasında barışığa nail olmalıyıq”

Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun Suriya müxalifəti ilə prezident Bəşər əl-Əsədin hökuməti arasında “barışıq” təklifinin ardınca Suriyanın şimalında etiraz aksiyaları keçirilib.

Bu barədə məlumatı Reuters və bir sıra beynəlxalq xəbər agentlikləri yayıb.

Çavuşoğlu avqustun 11-də demişdi ki, “biz bir yolla Suriyada müxalifət və rejim arasında barışığa nail olmalıyıq”.

Londonda mənzillənmiş The New Arab saytı yazır ki, Suriyanın İdlib qəzasında və Hələb vilayətinin hələ də müxalifətin nəzarətində olan bir sıra yerlərində çox sayda etirazçı küçələrə çıxıb.

Etirazçılar onların təbirincə deyilərsə, “cinayətkar rejimlə” barışıq təklifini rədd edirlər.

Bu da xəbər verilir ki, bəzi etirazçılar aksiya zamanı Türkiyə bayraqlarını yandırıblar.

Reuters-in məlumatına görə fəallar habelə İdlibin inzibati binalarından və polis məntəqələrindən Türkiyə bayraqlarını endiriblər.

Xəbərdə deyilir ki, Suriyada 2011-ci ildə antihökumət hərəkatı başlanandan bəri 500 mindən çox suriyalı həyatını itirib.

Bunların böyük əksəriyyətinə görə Əsəd rejimi və onun ən yaxın müttəfiqi olan Rusiya günahlandırılır.

Bundan başqa münaqişəyə görə 11 milyon suriyalı evlərindən didərgin düşüb.

The New Arab yazır ki, fəallar Türkiyənin təklifinə etiraz bildirmək üçün sosial mediada “Biz barışmayacağıq” heşteqi açıblar.

Bundan əvvəl bəzi xəbərlərdə Türkiyə və Suriya rejimi arasında münasibətlərin mülayişmləşməsinə və Ankara ilə Dəməşq arasında bağların bərpa oluna biləcəyinə dair xəbərlər yayılmışdı.

Bu kimi xəbərlərə Çavuşoğlu və Suriyanın xarici işlər naziri Feysəl Mekdad arasında Belqradda keçirilən qısa görüş rəvac verib.

Çavuşoğlu habelə demişdi ki, o Suriya rejiminin ölkənin şimalındakı kürd yaraqlılarına qarşı hər hansı hərbi əməliyyatını dəstəkləyərdi.

"Şəhidlər razılaşsa, barışardıq..."

Ankaranın uzun illər sürən boykotundan sonra Dəməşqlə belə yaxınlaşmaq cəhdləri müxalifət tərəfdarı suriyaylıları hiddətləndirib.

Twitter-də Pax adlı istifadəçi yazıb:

"Barışıq gəmisi Əsəd rejimi ilk şəhidi öldürəndə üzüb gedib. O vaxtdan heç nə dəyişməyib. Biz barışmayacağıq”.

Samer Dabul adlı başqa bir istifadəçi isə yazır:

“İnqilab ölməyəcək. Azadlıq və cinayətkarların cəzalandırılması yeganə həll yoludur”.

Fəal Abo Əhməd Nur yazıb:

"Əgər Həmzə əl-Xatib buna razı olsaydı biz barışardıq...əgər şəhid anaları razılaşsaydı, yaralar sağalsaydı, biz bu barışığa razılaşardıq”.

Xəbər verilir ki, Çavuşoğlunun bəyanatlarından sonra avqustun 12-də Türkiyə qüvvələri və onun müttəfiqləriin nəzarətində olan Əl-Bab, Afrin və Cərablusda cümə namazlarında Türkiyənin təklifinə qarşı yeni etirazlara çağırışlar edilib.

Mevlüt Çavuşoğlu bunu da demişdi ki, iki ölkənin kəşfiyyat agentlikləri arasında kommunikasiya kanalları bərpa olunub.

Bununla belə Çavuşoğlu Türkiyə prezidenti ilə Bəşər əl-Əsəd arasında birbaşa danışıqları istisna etmişdi.

Ankara bundan əvvəl kürd qruplaşmalarını və başqa “terrorçuları” öz sərhədindən geri oturtmaq məqsədilə hərbi müdaxiləyə hazırlaşdığını bildirmişdi.

Rusiya və İran Türkiyənin bu niyyətinə qarşı çıxış etmişdilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG