Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Dekabr, çərşənbə, Bakı vaxtı 16:02

Erdoğan yenə də Suriya kürdlərini müharibə ilə hədələyir


Reuters agentliyinin verdiyi xəbərə görə Türkiyənin ali hərbi komandanlığında edilmiş böyük kadr dəyişikliyinin ardınca prezident Recep Tayyip Erdoğan yenidən Suriya kürdlərini hərbi əməliyyatla hədələyib.

Agentlik bildirir ki, bu, Suriya kürdlərini dəstəkləyən ABŞ koalisiyasının İŞİD-ə qarşı mübarizəsinə ciddi əngəl törədə bilər.

Hazırda Suriya kürdləri İŞİD-in bu ölkədəki son istehkamı olan Raqqa şəhərinin ələ keçirilməsi uğrunda əməliyyatlarada öncüllük edir.

Lakin Birləşmiş Ştatların Suriya kürdlərinin YPG hərbi qüvvələrini dəstəkləməsi Türkiyəni qəzəbləndirir. Ankara YPG qüvvələrini onun öz ərazisində dövlətə qarşı döyüşən PKK yaraqlıları ilə müttəfiq sayır.

Türkiyə Suriya ilə sərhədə çox sayda canlı qüvvə və texnika toplayıb
Türkiyə Suriya ilə sərhədə çox sayda canlı qüvvə və texnika toplayıb

Son vaxtlarda Türkiyə qoşunları və Suriyanın şimalındakı ərazilərə nəzarət edən YPG qüvvələri arasında artilleriya və raket zərbələri ilə atışmalar baş verib.

Türkiyə ötən həftəsonu ərzində Suriya ilə sərhədə çox sayda texnika və canlı qüvvə gətirib və Erdoğan bildirir ki, o, hərbi əməliyyatlara hazırdır.

Erdoğan şənbə günü Malatyada etdiyi çıxışda YPG və PKK qüvvələrinə işarə edərək deyib ki, “biz separatçıları İraq və Suriyada dinc buraxmaq fikrində deyilik.”

YPG Türkiyə ərazisindəki separatçı kürdlərlə hər hansı əlaqədə olduğuna dair Ankaranın iddialarını rədd edir. YPG bildirir ki, onun yeganə məqsədi Suriyanın şimalında özünüidarəsi olan kürd muxtariyyətinin yaradılmasıdır.

Lakin Türkiyənin mümkün hücumu kürd qüvvələrini İŞİD-ə qarşı döyüşlərdən yayındıra bilər.

Erdoganın bu xəbərdarlığı ölkə hərbiyyəsində üç yeni ordu komandanının təyinatından dərhal sonra səslənib. Ekspertlər bildirirlər ki, komandanlıqdakı bu dəyişiklik Türkiyənin həqiqətən də Suriyaya yeni müdaxiləyə hazırlaşmasından xəbər verə bilər.

ABŞ-la qarşıdurma kursunda

Türkiyə qoşunları ötən il Suriyada İŞİD qüvvələrini geri oturdaraq sərhəd boyunca ərazilər ələ keçirib. Bu torpaqlar kürdlərin nəzarət etdiyi ərazilərə bitişikdir. Hazırda bu ərazidə kürdlərin nəzarətində olan iki anklav var və Türkiyə bu anklavların birləşdirilməsini önləməyə çalışır.

Erdoğan deyib ki, Türkiyə qoşunları ötən il “terrorçu planlara” ağır zərbə endirib və “biz tezliklə yeni və mühüm hərəkətlərə keçəcəyik”.

Suriya kürdlərinin YPG qüvvələri Raqqa üzərinə hücum əməliyyatının ön sıralarında döyüşürlər
Suriya kürdlərinin YPG qüvvələri Raqqa üzərinə hücum əməliyyatının ön sıralarında döyüşürlər

Bundan əvvəl bir neçə həftə ərzində Ankara kürdlərin YPG qüvvələrinə qarşı hərbi əməliyyatlara başlayacağı ilə hədələyirdi.

Vaşinqton narahatdır ki, Türkiyə qoşunları ilə YPG arasında toqquşma Raqqa şəhəri üzərinə hücuma əngəl yarada bilər.

Raqqa uğrunda əməliyyat ötən iyunda başlanıb və vəzifəli ABŞ tərəsmiləri bildirirlər ki, bu şəhərdə hələ də 2000 cihadçı var və onlar hər küçə uğrunda döyüşməyə hazırlaşırlar.

Bu arada ABŞ-ın müdafiə naziri Jim Mattis bildirib ki, hətta Raqqa azad edildikdən sonra da Vaşinqtonun Suriya kürdlərinə dəstəyi davam edəcək.

Erdoğan daha bir hərbi təlatümdən çəkinir

Reuters yazır ki, NATO-nun böyüklüyünə görə ikinci ordusu olan Türkiyə ordusu Erdoğan hakimiyyətə gələndən bəri son 15 ildə xeyli zəifləyib. Erdoğanın çevriliş cəhdinin ardınca keçirdiyi repressiyalarda zabitlərin 40 faizi ordudan uzaqlaşdırılıb.

Ötən çərşənbə günü elan edilmiş komandanlıq dəyişiklikləri Ali Hərbi Şura tərəfindən edilib. Reuters yazır ki, adına baxmayaraq indi bu qurumda Erdoğanın siyasətçiləri hegemonluq edirlər.

Ekspertlər bildirirlər ki, Erdoğan repressiyalarının orduya vurduğu zərbənin yaraları hələ uzun müddət hiss olunacaq.

Yeni təyinatlardan əsas diqqət Yaşar Gülerin üzərinə yönəlib. O keçmiş jandarmeriya komandanı kimi PKK separatçılarına qarşı sərt mövqeyi ilə tanınır. Belə görünür ki, son nəticədə Güler silahlı qüvvələrin komandanı Hulusi Akarı əvəz edəcək.

Təhlilçilər bildirirlər ki, 2019-cu ildə təkrar seçkilərlə üzləşməli olacaq Erdoğan Akar-Güler əvəzlənməsinin heç bir hərbi təlatüm baş vermədən həyata keçməsini istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG