2026, 17 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:36

Türkiyədə müxalifətyönlü 'Sözcü TV'nin yayımı dayandırılıb

Sözcü TV
Sözcü TV

Noyabrın 17-də Türkiyə hakimiyyəti sübh tezdən polis reydi keçirərək müxalifətyönlü "Sözcü TV"nin yayımını dayandırıb. Prokurorluğun yaydığı məlumata görə, telekanalın və onun xəbər saytının idarə olunması üçün qəyyum təyin edilib.

İstanbul Baş Prokurorluğu bildirib ki, təxminən 10 il əvvəl başlanmış iş çərçivəsində İstanbulda "Sözcü"nün ofislərində axtarış aparılıb. Həmin iş "Sözcü" media qrupunun sahibi Burak Akbayın ABŞ-də yaşamış mərhum din xadimi Fətullah Gülənin şəbəkəsi ilə ehtimal olunan əlaqələrini araşdırmaq üçün açılmışdı. Ankara Güləni 2016-cı ildə baş tutmayan dövlət çevrilişi cəhdinin təşkilində ittiham edirdi.

"Sözcü"nün dörd rəhbər şəxsi, o cümlədən idarə heyətinin sədri Funda Tuncer Sıdalı saxlanılıb.

Əsas müxalifət qüvvəsi olan Yeni Partiyanın lideri Özgür Özel deyib ki, bu addım hökumətin ən kiçik tənqidə belə dözümsüzlüyünü göstərir. İYİ Partiyanın sədri Müsavat Dervişoğlu isə baş verənləri demokratiyaya və informasiya azadlığına zərbə adlandırıb.

Hazırda Türkiyədə müxalifət görünməmiş hüquqi təzyiqlərlə üzləşir. Onlarla bələdiyyə sədri və vəzifəli şəxs işdən uzaqlaşdırılıb, saxlanılıb və ya həbs edilib. Vətəndaşların müxalifətyönlü mediaya çıxışı da məhdudlaşdırılır. Müxalifətin mövqeyinə geniş yer verən "Halk TV" və "Sözcü TV" ötən aydan faktiki olaraq hökumətin nəzarətinə keçib.

"Sözcü TV" 2022-ci ildən bəri Türkiyədə qəyyum təyin edilən altıncı böyük xəbər qurumudur. Bundan əvvəl "Halk TV", "Flash TV", "Eko Türk", "Habertürk" və "Tele1" kanalları ilə bağlı da oxşar addımlar atılıb.

Son illər hakimiyyət bir sıra bələdiyyələrin idarə olunmasını da qəyyumlara həvalə edib. Nəticədə bəzi bələdiyyə sədrləri prezident Rəcəb Tayyib Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasına (AKP) keçib.

"Reuters" yazır ki, Türkiyədə müxalifətyönlü çap qəzetləri hələ də fəaliyyət göstərsə də, onların auditoriyası televiziya və onlayn xəbər platformaları ilə müqayisədə xeyli məhduddur.

Hüquq müdafiə təşkilatları və Qərb ölkələri Türkiyə hökumətini məhkəmə sistemindən istifadə üsullarına, insan hüquqları sahəsindəki vəziyyətə və mətbuat azadlığına qarşı təzyiqlərə görə tənqid edirlər.

Hökumət isə ölkədə məhkəmə sisteminin müstəqil olduğunu bildirir.

​
XS
SM
MD
LG