Financial Times qəzetinin Türkiyə müxbiri Laura Pitel yazır ki, ölkənin əsas soğan şirkəti Polatlı siyasi qalmaqalın burulğanına düşüb. Ölkə qəzetlərinin ön səhifələrindəki başlıqlar soğan və onun qiyməti barədədir. Sanki söhbət qiymətli metaldan gedir.
Məqalədə deyilir ki, bu məsələyə siyasətçilərin münasibəti bir çox türkləri mat qoyub. Onlar bu vəziyyətə gülməli, yoxsa ağlamalı olduqlarını bilmirlər.
Son həftələrdə müfəttişlər Polatlının anbarlarında axtarış keçirərək soğanın gizlədilib-gizlədilməməsinə əmin olmaq istəyiblər. Telekanallardan biri hətta soğan kisələrini göstərib.
Bu telesüjetdə “qaşqabaqlı müxbir” deyirdi ki, müfəttişlər 24 soğan anbarını təftiş edibnlər və onlardan yalnız üçünün soğanı satdığının şahidi olublar. Müxbirin fikrincə, bu soğanın gizlədilməsinin sübutu sayıla bilər.
Pitel yazır ki, son vaxtlar Türkiyədə ərzaq qiymətlərinin qalxması ciddi problemə çevrilib və bu milli valyuta lirənin kəskin ucuzlaşmasından sonra baş verib. Türkiyə Statistika İnstitutunun məlumatına görə bu ilin əvvəllərində kilosu 1, 3 lirəyə olan soğanın qiyməti noyabrda 3,6 lirəyə (0,70 dollara) qalxıb.
Türkiyə saytlarından biri yazıb ki, “soğan adamın gözlərini yox, ciblərini yandırır”.
Fermerlər qiymətin qalxdığını etiraf edirlər, lakin deyirlər ki, bu benizinin və gübrənin bahalaşmasına görə baş verib. Onlar bunu da deyirlər ki, pis hava şəraiti məhsulun 30 faizini məhv edib.
Financial Times yazır ki, bu izahatlar Türkiyənin yüksək vəzifəli rəsmilərini qane etmir. Maliyyə naziri və prezident Recep Tayyip Erdoğanın kürəkəni Berat Albayrak soğan yetişdirənləri qiymətlərin qaldırılması məqsədilə sabotaj törətməkdə ittiham edib.
Məsələyə prezidentin özü də qarışıb. O soğançıları məhsulu məhv etməkdə günahlandırıb: “Biz sizi anbarlarda qalan məhsula görə bağışlamayacağıq. Bu adamlar ağır bədəl ödəyəcəklər”.
"Soğan lobbisi"
Financial Times yazır ki, səylərin ciddiliyinə baxmayaraq hökumətin “tərəvəz müharibəsi” ictimaiyyət arasında geniş lağa qoyulur. Hürriyet qəzerinin karikaturasında arvadının balışı altında soğan gizlədən pijamalı kişi görünür.
Müxalifət siyasətçisi Meral Aksener deyib ki, bir vaxtlar “uçot dərəcəsi lobbisini” ifşa edən prezident yeni kölgə qüvvəsi – “soğan lobbisi” yaradıb.
Müxbir yazır ki, soğan qalmaqalının məhz indi – bələdiyyə seçkilərinin ərəfəsində qalxması təsadüf sayılmaya da bilər. Opponentləri Erdoğanı “utanmaz iqtisadi populizmdə” ittiham edirlər. Amma müxalifət də geri qalmır. Ötən həftəsonu müxalifətçilər adamlara pulsuz soğan paylayıblar.
Financial Times qeyd edir ki, qəzetlərinin sərlövhələri hərbi kazarmalara, qəzet redaksiyalarına və QHT-lərə reydləri əks etdirən ölkədə hökumətin soğan müharibəsini cəmiyyət ürək rahatlığı ilə qarşılayıb.