Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:47

ATƏT Türkiyə seçkilərini tənqid edir


Türkiyə prezidenti Recep Tayyip Erdoğan seçkidə qalib gəlib və daha beş il müddətinə ölkəyə dövlət başçısı kimi rəhbərlik edəcək.

Lakin beynəlxalq müşahidəçilər bu seçkidə müxalifət partiyaları üçün bərabər rəqabət şəraitinin yaradılmadığını deyirlər.

Səslərin 99 faizinin sayıldığı deyilir və son nəticələrin 10-11 gün ərzində açıqlanacağı bildirilib.

Anadolu dövlət xəbər agentliyinin məlumatına görə Erdoğan səslərin 52, 5, ona ən yaxın rəqibi Müharrem İnce isə 30, 6 faizinə sahib olub.

Erdoğanın seçki təntənəsi Qərbdə şübhə ilə qarşılansa da, Rusiya prezidenti Vladimir Putin onu ilk təbrik edən xarici lider olub.

ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Ofisi Türkiyədə keçirilmiş seçkini tənqid edir.

Qurumun qısamüddətli seçki monitorinqi missiyasının başçısı Ignacio Sanchez Amor deyib ki, bu seçkidə müxalifət partiyaları üçün bərabər yarış şəraiti yaradılmayıb.

O deyib ki, belə bir vəziyyət seçkinin nəticələrinə birbaşa təsir edib.

Bununla yanaşı müşahidəçilər seçkidə 87 faiz seçicinin iştirakını yüksək qiymətləndiriblər və deyiblər ki, bu, Türkiyənin demokratiyaya bağlılığını göstərir.

Buna baxmayaraq ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlar Ofisinin Türkiyə seçkisini müşahidə missiyasının rəhbəri Audrey Glover deyib ki, müxalifət tərəfdarlarının təhdid edilməsi seçkinin nəticələrini təsirləndirib.

Glover deyib ki, bu seçkidə həqiqi seçim olsa da, medianın tamamilə Erdoğan və onun partiyasını təbliğ etməsi seçicilərin tam məlumatlandırılmasına mane olub.

2017-ci ilin referendumunda konstitusiyaya edilmiş dəyişiklik prezidentə - yəni Erdoğana hüdudsuz hakimiyyət səlahiyyətləri verir.

Dünyəvi Respublikaçı Xalq Partiyasından (CHP) namizəd Müharrem İnce Ankarada keçirdiyi mətbuat konfransında məğlubiyyətini etiraf etsə də deyib ki, bu seçkinin Türkiyə demokratiyası üçün ciddi nəticələri olacaq.

O deyib ki, Türkiyə bu seçki ilə özünün parlament demokratiyası ilə olan 143 illik əlaqəsini qırıb və ölkə “bir adamın hakimiyyəti sisteminə” keçib.

Prezident seçkisi ilə parallel aparılan parlament seçkisində də Erdoğanın hakim AKP partiyası qalib gəlib, lakin mütləq çoxluq üçün lazım olan mandatı toplaya bilməyib.

Buna baxmayaraq AKP-nin millətçi MHP ilə ittifaqı ona parlamentə nəzarəti əldə saxlamaq imkanı verəcək.

AKP parlament seçkisində səslərin 43 faizini, CHP 23 faizini, kürdyönlü HDP isə 11 faizini əldə edib. Media xəbərlərinə görə müxalif İyi partiya 10 faiz səs əldə edib. Parlamentə daxil olmaq üçün 10 faiz hüdudunda baryer müəyyən edilib.

Seçkidən sonra mitinqdə çıxış edən Erdoğan deyib ki, “Türkiyə bu seçki ilə bütün dünyaya demokratiya dərsi keçib”.

AzadlıqRadiosu xəbər verir ki, Putinin ardınca İran prezidenti Hassan Rohani, Azərbaycan lideri İlham Əliyev, Venesuela prezidenti Maduro, Sudanın başçısı Omar al-Bahir də daxil başqa avtoritarlar Erdoğanı seki qələbəsi münasibətilə təbrik ediblər.

NATO-nun baş katibi Jens Stoltenber Erdoğanı seçki qələbəsi münasibətilə təbrik etsə də, vurğulayıb ki, şimal alyansı bir sıra ortaq dəyərlər – demokratiya, qanunun aliliyi və fərdlərin azadlıqları prinsiplərinə söykənir.

Avropa İttifaqının verdiyi birgə bəyanatda da Türkiyəyə qanunun aliliyi və insan haqları sahəsində vəziyyətin yaxşılaşdırılması tövsiyə edilir.

Almaniyanın Türkiyə seçkisinin nəticələrinə münasibəti ehtiyatlı olub. Hökumətin sözçüsü Steffen Seibert deyib ki, Ankara və Berlin arsındakı münasibətlər “konstruktiv və məhsuldar” olaraq qalacaq.

Lüksemburqun xarici işlər naziri Jean Asselborn bəyan edib ki, indi Erdoğan “tam ixtiyar sahibidir və Ankaranın Avropa İttifaqı ilə gələcək münasibətlərinin perspektivi onun əlindədir”.

Berlində Almaniya-Türkiyə parlament qrupunun sədri, əslən kürd Sevim Dağdelen deyib ki, Türkiyədə seçki “nə ədalətli, nə də azad olub”.

Onun sözlərinə görə “Erdoğanın avtoritar prezident sisteminə keçid üçün manipulyasiyaları seçkidən çox əvvəl başlanmışdı”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG