Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Türkiyə seçki və seçim qarşısında


Türkiyə prezident seçkilərindən Azərbaycan nə gözləsin?
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

Türkiyə prezident seçkilərindən Azərbaycan nə gözləsin?

Türkiyədəki seçkilərin qalibi kim olacaq? 16 ildir iqtidarda olan Erdoğanmı, ya bu dəfə seçkilərə yeni nəfəslə qatılan müxalifətmi? Seçkilərin ikinci tura qalacağı da istisna olunmur.

İyunun 24-də Türkiyə vətəndaşları iki seçimi birdən etməlidir. Onlar həm prezidenti, həm də parlamentə deputatları seçməlidirlər.

Türkiyədə seçki kampaniyasının son günüdür. Namizədlər, partiyalar dayanmadan küçələrdə, meydanlarda təblğat aparır, mitinqlər keçirir, son mesajlarını verirlər. Düzdür, narazılıq da var. Müxalifət partiyalarının qurduğu “Millət İttifaqı”ndakı İYİ partiyasının sədr müavini Ayfer Yılmaz AzadlıqRadiosuna deyir ki, hamıya bərabər şans yaradılmır.

“Muharrem İncenin Diyarbəkir mitinqində qələbəlik haqda prezident Erdoğan nə dedi? “Mən MİT-dəki dostlarımdan soruşdum, ora gələnlərin hamısı HDP-li idi” dedi. Yəni “meydana gələnləri araşdırıram, kimliklərini çıxarıram” demək basqıdır. Dolayısı ilə bizə edilən basqı daha çoxdur, amma digər partiyalara da bu eyni şəkildə hiss etdirilir”.

Türkiyəli professor, Türkiyə-Avropa Təhsil və Elmi Araşdırmalar Vəqfinin rəhbəri Faruk Şen də budəfəki seçkilərin öncəkilərdən sərt aparıldığını düşünür:

“Rəqiblər arasında bir-birinə qarşı böyük həqarət var, əngəlləmə var, ölüm-dirim davasına çeviriblər bunu. Bu da çox doğru deyil. Bir-birinə hücum edirlər. Amma bu kampaniya demokratiyaya inamı da göstərir. Hədəfsə parlamentdə çox yer almaqdır. Prezident seçkiləri isə ikinci tura qalacaq”.

Azərbaycandan siyasi şərhçi Şahin Cəfərli də deyir ki, kampaniyanın ilkin dövründə Erdoğanın asanlıqla qalib gələcəyi təsəvvürü vardı. Amma CHP namizədi Muharrem İncen öz dinamizmi ilə, apardığı kampaniya ilə tərəfdarlarını qələbəyə inandırdı.

“Kampaniyanın əvvəlində ümidsizlik hakim idisə, inam yarandı. Ümid yarandı ki, bəlkə də Erdoğanı devirmək mümkün olacaq”.

Seçkilərin nəticələri barədə proqnoz vermək çətinləşib. Hətta hakimiyyətyönlü media da prezident seçkilərində ikinci turu istisna etmir.

Türkiyəli politoloq Sinan Oğanın qənaətincə, kimin qalib olacağını qətiyyətlə söyləmək mümkün deyil. Son 16 ildə ilk dəfədir ki, seçkidə favoritin hakim partiya olduğunu demək çətinləşib:

“Anketlərə, mitinqlərə görə demək olar ki, ikinci tura Erdoğanla Muharrem İncenin qalma ehtimalı çox yüksəkdir. Müxalifət məclisdə çoxluğun səsini alarsa, ikinci tura bu şəkildə gedilərsə, bu halda seçki Erdoğanla İnce arasında 50-nin 50-yə ola bilər”.

Bakıdakı siyasi şərhçi Şahin Cəfərli həm də vurğulayır ki, parlamentdə müxalifətin qələbəsini həm də kürdlərin partiyası – Xalqların Demokrat Partiyası təmin edə bilər. Onun sözlərnə görə, HDP 10 faizlik baryeri keçərsə müxalifətin parlamentdə qazanacağı yerlər iqtidarın qazanacağı yerdən çox olacaq.

AzadlıqRadiosu Ankarada türkiyəlilərin seçki kampaniyasına münasibəti barədə fikrilərini öyrənib:

Ankaralılar kimə səs verəcəklər?
Gözlə

No media source currently available

0:00 0:00:38 0:00

Türkiyədə hakimiyyət dəyişərsə, bu Azərbaycan-Türkiyə münasibətlərinə təsir göstərə bilərmi? Bu ölkədəki politoloq Sinan Oğan qeyd edir ki, Türkiyədə kimin iqtidarda olmasına baxmayaraq Azərbaycanla əlaqələr ən üst səviyədə olacaq. Çünki bu dövlət siyasətidir, hökumətlərdən asılı deyil.

Bakıdakı siyasi şərhçi Şahin Cəfərli də Türkiyədəki siyasi qüvvələrin Azərbaycanla bağlı mövqeyinin təxminən eyni olduğunu vurğulayır. Əlavə edir ki, əgər Türkiyədə yeni qüvvələr hakimiyyət başına gəlsə, ola bilər, bir müddət iki ölkə hökumətləri arasında kommunikasiyada lənglik yaranar. Hərçənd bu da müvəqqəti hal ola bilər.

Türkiyədə 2017-ci ildə keçirilən 16 aprel referendumdan sonra ölkə parlament üsul-idarəsindən prezident üsul idarəsinə keçməyə səs verib. Bu dəyişikliklər 24 iyun seçkilərindən sonra qüvvəyə minməlidir. İndiki növbədənkənar seçki ölkədə iqtisadi problemlərin artması və bahalaşma fonunda keçirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG