Türkiyənin sağ təmayüllü İYİ partiyasının lideri Meral Akşener bəyan edib ki, müxalifətin 6 partiyadan ibarət seçki bloku artıq “xalqın iradəsini əks etdirmir”.
Beləliklə, blokun ikinci böyük partiyası müxalifət alyansını tərk edib.
Akşener martın 3-də keçirdiyi mətbuat konfransında deyib ki, onun partiyası müxalifətin prezidentliyə vahid namizədi olaraq İstanbul və Ankara merlərini təklif etsə də, digər beş partiya bu təklifi qəbul etməyib.
Maraqlıdır ki, sözü gedən iki mer əsas 5 partiya tərəfindən vahid namizəd kimi dəstəklənən Kemal Kılıcdaroğlunun Respublika Xalq Partiyasını (CHP) təmsil edirlər.
Şərhçilər bildirirlər ki, Akşenerin mövqeyi qarşıdan gələn seçkidə müxalifətin mövqelərini daha da zəiflədə bilər.
Türkiyə müxalifətinin vahid namizəd məsələsində fikir ayrılığı var idi
Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Türkiyədə altı müxalifət partiyasını birləşdirən seçki bloku bəyan edib ki, prezidentliyə vahid namizədin adı gələn həftə elan olunacaq.
Bu namizəd may ayında keçiriləcək prezident seçkisində Recep Tayyip Ərdoğanın rəqibi olmalıdır.
Reuters agentliyinin xəbərində deyilir ki, vahid namizədin bazar ertəsi elan ediləcəyi bildirilsə də, blokun ikinci böyük partiyası – millətçi İYİ partiyasında “bu və digər məsələlərlə” bağlı fikir ayrılıqları var.
Partiya rəhbərliyi bu məsələlərlə əlaqədar buğun – martın 3-də iclas keçirəcəyini bildirib.
Reuters yazır ki, müxalifət ötən seçkidə Ərdoğana və onun hakim Ədalət və İnkişaf (AKP) Partiyasına qarşı ciddi rəqabət apara bilməyib.
Qarşıdan gələn seçki ölkənin cənubunda baş vermiş zəlzələdən üç ay sonraya təsadüf edəcək.
Ərdoğan bu həftə bildirmişdi ki, həm prezident, həm də parlament seçkiləri mayın 14-də keçiriləcək.
Kılıcdaroğlu güclü namizəddir, amma...
Altı müxalif partiyanın liderləri martın 2-də vahid namizəd barədə qərar qəbul etmək məqsədilə bir araya gəlmişdilər.
Bu namizədin Respublika Xalq Partiyasının (Cümhuriyet Halk Partisi - CHP) lideri Kemal Kılıcdaroğlu olacağı gözlənilirdi.
Blokun bəyanatında deyilirdi ki, “biz 13-cü prezident seçkisi üçün namizədimizlə bağlı yekdil rəyə gəlmişik”.
Bu bəyanatı 6 partiyanın liderləri imzalayıblar. Onlar öz partiyalarının icraiyyə şuralarına məlumat verəndən sonra martın 6-da yekun bəyanatı təsdiqləyəcəklərini bildiriblər.
Türkiyə mediasının məlumatlarına görə partiya liderlərinin əksəriyyəti Kılıcdaroğlunun namizədliyini dəstəkləyir, amma Meral Akşenerin İYİ partiyasında bu namizədliyə qarşı olanlar var.
İYİ partiyasından adının çəkilməsini istəməyən rəsmi Reuters agentliyinə deyib:
"Növbəti addımlar barəsində müxtəlif mövqelər var. Bu mərhələdə detallara varmamaq daha yaxşıdır. Mən deyə bilmərəm ki, biz əldə olunmuş razılaşmadan məmnunuq. Əsas qərar buğun qəbul olunacaq”.
Həmin rəsmi deyib ki, Kılıcdaroğlu güclü namizəddir, amma başqa namizədlər də müzakirə olunmalıdır.
Ərdoğanı gücləndirən fikir ayrılığı
Reuters yazır ki, İstanbul və Ankara şəhərlərinin CHP-dən olan merlərinin namizədlikləri də müzakirə olunurdu və rəy sorğuları onların Ərdoğandan populyar olduqlarını göstərir.
Amma belə görünür ki, müxalifətin sıralarındakı fikir ayrılığı, populyarlığı aşınmaqda olan Ərdoğana üstün gəlməkdə mane ola bilər.
AKP-nin əsas dəstək istehkamlarından biri olan Adıyaman vilayəti zəlzələ zonasındadır və bəziləri deyirlər ki, burada fəlakətlə bağlı görülən tədbirlərdən olan narazılıq Ərdoğan partiyasının reytinqini xeyli aşağı salıb.
Lakin eyni zamanda bu bölgənin sakinləri müxalifətdən də əmin olmadıqlarını deyirlər.
Zəlzələdə böyük dağıntıya məruz qalmış Besni şəhərinin bir sakini Reuters müxbirinə deyib:
"Müxalifətə səs vermək istəyənlər çoxdur, amma ki, namizədlər hələ elan olunmayıb. Mən Kılıcdaroğluna səs verməyəcəyəm, o indiyədək bircə seçkidə də qalib gəlməyib”.
14 may seçkisinin Ərdoğan üçün iki onilliyin ən böyük sınağı olacağı gözlənilir. Hələ zəlzələdən xeyli əvvəl də ölkədə yüksək inflyasiyadan və yaşayış səviyyəsinin düşməsindən narazılıq artmaqda idi.