Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:55

S-400 və Erdoğan-ın başqa oyuncaqları


Krımda S-400 kompleksləri
Krımda S-400 kompleksləri

Rusiya Türkiyəyə S-400 «Triumf» hava hücumundan müdafiə (HHM) sistemləri satmağa hazırlaşır. Son aylar Rusiya prezidenti Vladimir Putin-lə türkiyəli həmkarı Recep Tayyip Erdoğan-ın barışması haqda bütün xəbərlər buna bənzər məlumatlarla müşayiət olunur. Kremlyönümlü Rusiya ekspertləri hesab edirlər ki, Ankara bu yolla ABŞ və NATO-nu cırnatmaq üçün Moskvadan istifadə edir. Türkiyə təhlilçiləri isə iddia edirlər ki, söhbət silah bazarında adi sövdələşmənin mümkünlüyündən gedir. Onların sözlərinə görə, Türkiyə artan xarici təhlükədən qorunmaqdan ötrü öz müdafiə qabiliyyətini gücləndirməli, hərbi sənayesini inkişaf etdirməlidir, buna görə də Rusiyadan S-400 sistemlərini satın almağa məcburdur.

«ÇİNİN QƏRARI SİYASİ İDİ»

Türkiyəli silahlanma ekspertləri ölkənin Rusiyadan divizionu təxminən 500 milyon dollara S-400 sistemləri almaq istəyini regionda dəyişmiş durumla izah edirlər. Hərbi təhlilçi Hakan Kılıç xatırladır ki, Türkiyə artıq hava hücumundan müdafiə sistemləri olan ölkələrlə əhatə olunub.

«Türkiyənin birbaşa qonşularının – Yunanıstan, Rusiya, Azərbaycan, Ermənistan, Suriya və İranın HHM-ləri var. Ankara son 10 il ərzində özünə zenit-raket kompleksləri satın almağa can atıb. Türkiyə ilk dəfə İran körfəzində gedən müharibələr zamanı raket təhlükəsi ilə üzləşib. İkinci müharibədən sonra HHM alınması üçün tender elan olunub. Tenderi Çinin CPMIEC şirkəti qazanıb. Ankara bu şirkətdən 3.4 milyard dollar həcmində HQ-9 zenit-raket komplekslərini almağa hazırlaşırdı. Ancaq Türkiyə NATO-nun təzyiqi altında bu sövdələşmədən imtina etməli oldu. Bundan başqa, Çinlə sövdələşmə qərarı siyasi idi», – H.Kılıç deyir.

Türkiyənin HHM bölmələri İncirlik bazası ərazisində təlimlərdə
Türkiyənin HHM bölmələri İncirlik bazası ərazisində təlimlərdə

ƏN YENİ SİLAH NÖVLƏRİ İSTEHSAL ETMƏK

«Türkiyə NATO üzvlərindən lazımi sayda HHM sistemləri ala bilmədi. Nəticədə Ankara çox yaxşı qiymət təklif edən Rusiyaya müraciət etdi. Özü də Türkiyə yaxşı anlayır ki, S-400 sistemlərini öz ərazisində istifadə etmək onsuz da mümkün deyil. Belə ki, bu kompleks Şimali Atlantika Alyansının ümumi HHM sisteminə inteqrasiya oluna bilmir. NATO radarlarından alınmalı məlumatlar olmadıqda, S-400 düşmən raketlərini çox gec görə bilər. Ona görə də, düşünürəm ki, Ankara Rusiyadan yalnız bir-iki S-400 sistemi və iki MEADS kompleksi almaqda maraqlı ola bilər. Türkiyəyə NATO sisteminə inteqrasiya oluna bilən HHM sistemi lazımdır», – ekspert deyir.

Belə bir fikir də mövcuddur ki, Türkiyə Rusiyadan hazır S-400 sistemlərinin alınmasından çox, ən yeni HHM sistemlərinin istehsal texnologiyasını əldə etməkdə maraqlıdır. Hazırda Türkiyə aktiv şəkildə müdafiə sənayesini inkişaf etdirir. Müdafiə, silahlanma və milli təhlükəsizlik eksperti Arda Mevlütoğlu hesab edir ki, bu gün Türkiyənin məqsədi müstəqil şəkildə ən yeni silah növlərini istehsal edə bilməkdir.

«BU KOMPONENTLƏR ƏLİMİZDƏ OLSAYDI...»

«Bir tərəfdən, Türkiyə NATO üzvüdür. Digər tərəfdənsə, o, beynəlxalq siyasətdə özünü müstəqil aparır. Türkiyə hesab edir ki, özünün Şimali Atlantika Alyansının digər ölkələrindən asılı olmayan... müdafiə sistemi olmalıdır. Buna görə də, Türkiyənin buna uyğun silahları olmalıdır», – Mevlütoğlu deyir.

Təhlilçi Hakan Kılıç əmindir ki, Moskva heç vaxt öz hərbi texnologiyalarını Ankara ilə bölüşməyəcək.

«Rusiyanın strateji silahın istehsalı texnologiyasını başqa bir ölkəyə ötürəcəyini düşünmək ağılsızlıqdır. Bu, yalnız bu texnologiya köhnələndə mümkün ola bilər. Türkiyənin elan etdiyi HHM sistemlərinin satın alınması tenderini udan Çin də məhz belə hərəkət etdi. O zaman Çin tərəfi bildirdi ki, texnologiyaların transferi barədə söhbət belə gedə bilməz. Hazırda iki türk şirkəti HHM sistemləri üzərində çalışır. Ancaq onların əlində ən əhəmiyyətli komponentlər yoxdur. Bu komponentlər əlimizdə olsaydı, Rusiyadan S-400-ləri almaq gərəkməzdi», – H.Kılıç deyir.

Arda Mevlütoğlu xatırladır ki, Ankaranın öz müdafiə kompleksinin inkişafına yatırım etməsinin ilkin səbəbi ABŞ-ın Türkiyəyə silah satışını məhdudlaşdırmaq qərarıdır. ABŞ bu qərarı Türkiyənin 1974-cü ildə Kiprə müdaxiləsindən sonra qəbul edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG