Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Türkiyəyə xoş sözlər deyib Qərbi qarışdırmaq


Rusiya və türkiyənin xarici işlər nazirləri Sergey Lavrov (solda) və Mevlut Çavuşoğlu avqustun 14-də Ankarada görüşüblər
Rusiya və türkiyənin xarici işlər nazirləri Sergey Lavrov (solda) və Mevlut Çavuşoğlu avqustun 14-də Ankarada görüşüblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya iki ölkə arasındakı ticarətdə dollardan yox, milli valyutalardan istifadə ideyasını bəyənir.

Bununla belə, Reuters agentliyinin təhlilində deyilir ki, Rusiya naziri Ankaraya onun hazırkı valyuta böhranında dərhal kömək ediləcəyi barədə heç nə deməyib.

Türkiyə lirəsinin dollara nisbətdə ən aşağı həddə endiyi bir vaxtda Ankarada həmkarı ilə görüşən Lavrov deyib ki, qarşılıqlı ticarətdə milli valyutadan istifadə məsələsi uzun müddət iki ölkə prezidentinin müzakirə mövzusu olub. Reuters qeyd edir ki, Rusiya rublu da avqustun bir neçə günü ərzində dollara nisbətdə 10 faiz çəki itirib.

Lavrov deyib: “Buna bənzər proseslər bizim İranla münasibətlərimizdə də baş verir. Təkcə Türkiyə və İranla yox, biz artıq Çin Xalq Respublikası ilə də milli valyuta ilə ödənişlər həyata keçiririk”.

Türkiyəli həmkarı Mevlut Çavuşoğlu ilə avqustun 14-də Ankarada görüşən Lavrov inandığını deyib ki, “ABŞ dollarından ifrat sui-istifadə müəyyən vaxtdan sonra dolların qlobal yığım valyutası kimi məhvinə səbəb olacaq”.

Bununla belə, Lavrov Türkiyə ilə ticarətdə dollardan dərhal imtina ediləcəyini və ya Moskvanın Ankaraya dərhal köməklik göstərəcəyini deməyib.

BlueBay Asset Management firmasının baş strateqi Timothy Ash-in fikrincə belə görünür ki, Moskva indiki vəziyyətdə Türkiyəyə xoş söz deməklə kifayətlənərək ABŞ və Qərb üçün situasiyanı daha da qarışdırmağa çalışacaq:

“Düşünmürəm ki, bu mərhələdə Rusiya Türkiyəyə pul verəcək. Onların ABŞ sanksiyaları ilə öz problermləri var və onlar özlərinin xarici valyuta buferlərini saxlamağın hayındadırlar”.

Reuters yazır ki, bütün bunlara baxmayaraq Türkiyə beynəlxalq ticarətdə milli valyutadan istifadə təcrübəsinə malikdir. Ötən oktyabrda Türkiyə və İranın mərkəzi bankları öz aralarındakı ticarətdə yerli valyutalardan istifadə barədə razılaşma imzalayıblar. Keçmişdə bu funksiyanı avro yerinə yetirirdi.

Lakin milli valyutadan istifadənin öz əngəlləri var. Tərəflərdən birinin valyutası çökürsə, qarşı tərəf dərhal risk qarşısında qalır. Dollarla ticarətdə belə şeylər baş vermir.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bu yaxınlarda etdiyi çıxışlardan birində deyib ki, Türkiyənin iqtisadi partnyorlarının ikitərəfli ticarətdə dollardan istifadəyə ehtiyacları yoxdur.

Lakin avqustun 13-də Vaşinqtonun qlobal maliyyə üzərinə birtərəfli qaydalar qoymaq cəhdlərindən qəzəblənən prezident deyib ki, “Türkiyə bizim Rusiya ilə əlaqələrimizdə öz mənfəət və maraqlarımıza uyğun irəliləyişə nail olub”.

Kreml də eyni gündə bəyan edib ki, bütün ölkələrlə ikitərəfli ticarətdə dollardansa, milli valyutalardan istifadəyə üstünlük verir, lakin bu ideya üzərində detallı işə ehtiyac var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG