Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi (DMTK) oktyabrın 17-də keçmiş Təbii ehtiyatlar, ekologiya və texniki nəzarət naziri Dinara Kutmanovanın oğlu Kemel Kutmanovun Türkiyədən ekstradisiya edildiyini bildirib.
DMTK-nın məlumatında deyilir ki, Kemel Kutmanov yer təkinin istismarı sahəsində korrupsiya əməllərində şübhəli bilinir.
Məlumatda qeyd olunur ki, istintaq hərəkətləri nəticəsində keçmiş nazir oğlundan onun Təbii Ehtiyatlar Nazirliyinin və Kumtor qızıl yatağının gəlirlərindən maliyyələşdirilən Təbiətin İnkişafı Fondunun işinə birbaşa müdaxiləsinə dair ifadələr alınıb.
O habelə layihələrin maliyyələşdirilməsindən 10 faiz “pay” götürməkdə şübhəli bilinir:
“Kemel Kutmanovun ifadələrinə görə beş sahibkarlıq subyektindən ümumilikdə 17 milyon som (190 min dollar) “pay” alınıb. O habelə Jaşıl Muras ictimai fondundan 7 milyon 560 min som “pay” alıb”.
Bundan əvvəl Qırğızıstan DMTK Təbii Ehtiyatlar Nazirliyi və Təbiətin İnkişafı Fondundakı korrupsiya faktlarının araşdırılması ilə bağlı məlumat vermişdi.
Korrupsiya şəbəkəsi
Qeyd olunurdu ki, sözü gedən fond hər il 3 milyon 700 min dollar pul alıb. 2021-ci ildən indiyədək fonda 976 milyon 800 min som (11 milyon dollar) daxil olub. Bu da bildirilir ki, hesablama palatasının məlumatına görə fond 720 milyon somdan təyinatı üzrə istifadə etməyib.
Müstəntiqlər bildirirlər ki, dövlətə dəyən 192 milyon somluq ziyanın 56 milyonu ödənib.
Dinara Kutmanovanın özü iyul ayında korrupsiyada şübhəli şəxs qismində saxlanıb. İstintaqın versiyasına görə keçmiş nazir dövlət tərəfindən ayrılmış böyük məbləğdə vəsaitin ölkədən çıxarılması üçün geniş korrupsiya şəbəkəsi qurub.
Bu da qeyd olunur ki, Kutmanova bu şəbəkənin işinə təkcə tabeçiliyində olanları deyil, həm də yaxın qohumlarını cəlb edib.
Oğlunun Türkiyədə oğurlandığını demişdi
İyulun axırlarında keçmiş nazir bildirmişdi ki, onun oğlunu Türkiyədə oğurlayıblar və 600 min dollar girov pulu qopartmağa çalışırlar.
Lakin Qırğızıstan DİN bu iddianı təkzib edərək bildirmişdi ki, Kemel Kutmanov iyulun 11-də İstanbulda saxlanıb. Buna səbəb onun beynəlxalq axtarışa verilməsi idi.
İstintaqın məlumatına görə Kemel Kutmanov həbs olunanadək Qazaxıstan, Vyetnam, Rusiya, BƏƏ və İsveçrə də daxil xarici ölkələrdə olub.
Bu iş üzrə keçmiş nazir və onun oğlundan başqa daha 6 nəfər saxlanıb. İki nəfəri, o cümlədən Dinara Kutmanovanın bacısını ev məhbusluğuna buraxıblar.
Dinara Kutmanovanın özü AzadlıqRadiosunun Qırğız xidməti – Azattıka demişdi ki, onunla bağlı hakimiyyətə doğru olmayan informasiyalar verilir.
O qohumlarının nazirliyin işinə cəlb olunmasını inkar etmişdi.