Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 04:38

Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünə imkan verəcəkmi?


Türkiyə prezidenti Recep Tayyip Erdoğan, Finlandiya prezidenti Sauli Niinisto və İsveçin baş naziri Maqdalena Anderson
Türkiyə prezidenti Recep Tayyip Erdoğan, Finlandiya prezidenti Sauli Niinisto və İsveçin baş naziri Maqdalena Anderson

Bir Qərb diplomatı bildirib ki, Erdoğan Finlandiya və İsveçin NATO üzvlüyünə əvvəl-axır yaşıl işıq yandıracaq və seçicilərə “qələbəsini” elan edəcək

Bu həftə keçiriləcək NATO sammitində İsveç və Finlandiyanın alyans üzvlüyünə qəbul olunmasına ehtimal azdır.

Bu iki Skandinaviya ölkəsinin NATO üzvlüyünə Türkiyənin mövqeyi mane olur.

Bunu Türkiyə rəsmilərinə və Qərb diplomatlarına istinadən Reuters agentliyi yazır.

Rusiyanın Ukraynaya təcavüzündən dərhal sonra Finlandiya və İsveç milli təhlükəsizlik mülahizələri ilə NATO üzvlüyü üçün ərizə veriblər.

Lakin Türkiyə sözü gedən ölkələri Ankaranın terorçu hesab etdiyi kürd qruplaşmalarını himayə etməkdə və Türkiyəyə silah embarqosu qoymaqda ittiham edir.

NATO Nizamnaməsinə görə hər hansı ölkənin alyansa üzv olması üçün bütün 30 üzv ölkənin razılığı olmalıdır.

Alyansın növbəti sammiti iyunun 29-30-da Madriddə keçiriləcək.

Lakin Türkiyə rəsmiləri bildiriblər ki, Ankaranın İsveç və Finlandiyadan legitim tələblləri var və NATO sammiti məsələnin həlli üçün son müddət deyil.

Yazışma

Reuters agentliyinin mənbələrindən biri bildirib ki, NATO, Türkiyə, İsveç və Finlandiya arasında bu məsələ barəsində yazışma olub.

Yazışmadan belə görünür ki, ən böyük maneə Türkiyənin İsveçdən kürd yaraqlılarının ekstradisya olunmasını tələb etməsidir.

Bununla belə diplomatlar sammitə qədər “son anda” düyünün açılacağına ümid edirlər.

Lakin Türkiyə prezidenti Recep Tayyip Erdoğanın müşaviri İbrahim Kalın ötən həftə demişdi ki, Ankara İsveç və Finlandiyadan hüquqi öhdəlik səviyyəsində addımlar gözləyir və bu öhdəliklər götürülmədən Ankara sözü gedən iki ölkənin NATO üzvlüyünə razılıq verməyəcək.

Türkiyə NATO-nun ikinci ən böyük ordusuna malikdir və alyansın əsasını qoymuş ölkələrdən biridir.

Üçtərəfli danışıqlarda iştirak edən Türkiyə rəsmiləri bildirirlər ki, Stokholm və Helsinki Ankaranın gözlədiyi addımları hələ atmayıblar.

Danışıqlar davam edir

Ötən bazar günü Habertürkə müsahibəsində Kalın və Türkiyə xarici işlər nazirinin müavini Sedat Onal demişdilər ki, Finlıandiya və İsveç nümayəndələri ilə iyunun 27-də Brüsseldə daha bir görüş keçiriləcək.

Bunun ardınca NATO, Türkiyə, İsveç və Finlandiya arasında danışıqların yeni dövrəsi gözlənilir.

İbrahim Kalın bu barədə deyib:

"Bu sammitə gəlməyimiz hələ geriyə addım atmağa hazır olmağımız demək deyil. Biz ümumən razılaşmaya gəlmişik, amma razılaşmadığımız bəzi məsələlər var. Əgər bunlar razılaşdırılsa, Madrid sammitinə də elə bununla gedəcəyik”.

Danışıqların həssaslığı ilə bağlı adının çəkilməsini istəməyən rəsmi deyib ki, İsveç və Finlandiya tərəfləri ilə əksər məsələlər razılaşdırılıb və razılaşdırılması lazım olan çox az sual qalır.

Bunlardan biri də NATO Nizamnaməsində üzvlər arasında silah ixracatına aid maddədir.

Bu maddəyə görə üzv ölkələr arasında silah qadağanı və ya embaroqsu ola bilməz.

İsveç və Finlandiya Türkiyə üzərinə silah embarqosunu 2019-cu ildə qoyublar.

Erdoğanın seçkisi

Həmin rəsminin sözlərinə görə digər bir tələb də iki Skandinaviya ölkəsinin bəzi qruplaşmaları terrorçu kimi tanıması və bunlara üzv olan şəxslərin Türkiyəyə təslim edilməsidir.

Reuters yazır ki, Erdoğanı qarşıdan gələn 12 ayda çətin seçki gözləyir.

Digər tərəfdən Kürdüstanın İşçi Partiyası (PKK) Avropa İttifaqı və ABŞ tərəfindən terrorçu təşkilat siyahısına salınıb.

Türkiyə habelə Amerikada yaşayan müsəlman vaiz Fethullah Gülenin tərəfdarlarını terrorçu hesab edir və onları 2016-cı il çevriliş cəhdinin arxasında durmaqda ittiham edir.

Reuters yazır ki, bu məsələdə sərt mövqe tutması ölkədəki inflyasiyaya və lirənin məzənnədən düşməsinə baxmayaraq Erdoğanın reytinqini yüksəldib.

Bir Qərb diplomatı bildirib ki, Erdoğan Finlandiya və İsveçin NATO üzvlüyünə əvvəl-axır yaşıl işıq yandıracaq və seçicilərə “qələbəsini” elan edəcək:

“Lakin elə Türkiyə seçkilərinə görə bu məsələ bir neçə ay uzana bilər. Belə bir vəziyyət NATO müttəfiqlərini hövsələdən çıxarır”.

XS
SM
MD
LG