Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 01:24

Türkiyə müxalifəti seçkiyə yarım milyon müşahidəçi göndərəcək


Türkiyə müxalifəti və insan haqları qrupları bildirirlər ki, onlar iyunun 24-də keçiriləcək prezident və parlament seçkisinin seçki məntəqələrinə yüz minlərlə müşahidəçi və könüllü göndərəcəklər.

Müxalifət partiyaları və QHT-lər iyunun 21-də bəyan ediblər ki, ölkə boyunca 180 min seçki məntəqəsinə 519 min könüllü və partiyaları təmsil edən müşahidəçi göndəriləcək.

Mümkün seçki saxtakarlığından narahat olan müxalifət prezident Recep Tayyip Erdoğanın 16 illik hakimiyyətinə son qoymaq istəyir.

Ötən aprel ayında Erdoğan bəyan etmişdi ki, seçkilər iyunun 24-də, planlaşdırıldığından bir il əvvəl keçiriləcək. Opponentləri bu qərarıonun öz hakimiyyətini möhkəmləndirmək niyyəti ilə izah edirlər.

Türkiyə hazırda siyasi hakimiyyət üsul-idarəsini dəyişərək parlament sistemindən prezident sisteminə keçir. Yeni sistemdə prezident daha çox hakimiyyət gücünə malik olacaq. Bu dəyişiklik seçkidən sonra qüvvəyə minməlidir.

Erdoğan seçkinin tarixini elan edəndə onun qalib gələcəyi gözlənilirdi. Lakin sonradan keçirilmiş rəy sorğuları prezident seçkisində ikinci turun qaçılmaz olduğunu göstərib. İyulun 8-də keçiriləcək ikinci turda ölkəyə 16 ildir ki, rəhbərlik edən hakim partiya parlament çoxluğunu itirə bilər.

Ankara indiyədək azı iki Avropa millət vəkilinin ölkəyə seçki müşahidəçisi kimi daxil olmasını qadağan edib.

Bu millət vəkilləri böyük türk icmalarının olduğu Almaniya və İsveçi təmsil edirdilər.

Almaniyanın Sol Partiyasından Andrej Hunko ATƏT-in seçki müşahidəçiləri ilə birlikdə gəlməli idi.

XS
SM
MD
LG