Keçid linkləri

2026, 12 Avqust, çərşənbə, Bakı vaxtı 04:21

Türkiyə klubları israilli futbolçularla müqaviləni ləğv ediblər

“Antalyaspor”un 28 yaşlı oyunçusu Sagiv Yehezkel qol vurduqdan sonra biləyində “100 gün. 07.10” yazılmış bintə işarə etmişdi
“Antalyaspor”un 28 yaşlı oyunçusu Sagiv Yehezkel qol vurduqdan sonra biləyində “100 gün. 07.10” yazılmış bintə işarə etmişdi

Türkiyənin aparıcı futbol klublarından “İstanbul Başakşehir” israilli futbolçu Eden Kartsevlə müqaviləni ləğv edib.

Buna səbəb onun ABŞ və Avropa İttifaqında terrorçu qruplaşma kimi tanınan HƏMAS-ın saxladığı girovların azad olunmasına çağırış etməsidir.

23 yaşlı Kartsev girovların saxlanmasının 100-cü günündə BringThemHomeNow (onları dərhal evlərinə qaytarın) heşteqinə qoşulub.

Xəbər verilir ki, bununla bağlı futbolçunu polis dindirib. Başakşehir klubu isə hadisə ilə əlaqədar intizam araşdırmasına başlayıb.

Klub bildirir ki, Kartsevin hərəkəti Türkiyənin “heysiyyətinə” toxunur.

Cərimə olunub, İsrailə qayıdıb

Associated Press yazır ki, Kartsev cərimə olunub və ona öz karyerasını xaricdə davam etdirmək tövsiyə edilib.

Bundan əvvəl Türkiyədə daha bir İsrail futbolçusu – “Antalyaspor”un 28 yaşlı oyunçusu Sagiv Yehezkel saxlanmışdı.

O qol vurduqdan sonra biləyində “100 gün. 07.10” yazılmış bintə işarə etmişdi.

Bu futbolçu da “nifrət və düşmənçiliyi qızışdırmaqda” ittiham olunaraq polisdə dindirilib.

O yanvarın 15-də İsrailə qayıdıb.

İsrail HƏMAS-ın hələ də 120-dən çox girov saxladığını deyir

Media xəbərlərində deyilir ki, hər iki futbolçunun hərəkəti Türkiyədə İsrailin Qəzzadakı əməliyyatına dəstək kimi qiymətləndirilib.

Yehezkel və Kartsev isə bildiriblər ki, onların postlarında HƏMAS tərəfindən başlanmış müharibəyə son qoyulmasına çağırış edilirdi.

İsrailin məlumatına görə HƏMAS hələ də 120-dən çox girov saxlayır. İsrail israr edir ki, buna cavab olaraq HƏMAS-ın məhv edilməsi məqsədilə Qəzzaya zərbələr endirir.

Rəsmi Ankara fələstinliləri dəstəkləyir və İsrailin hərəkətlərini pisləyir.

Prezident Rəcəb Tayyib Ərdoğan dəfələrlə İsraili “terrorçu dövlət”, HƏMAS-ı isə “azadlıq mücahidləri” adlandırıb.

XS
SM
MD
LG