Türkiyənin kitab industriyasında artan böhran ölkənin mədəni həyatına və ifadə azadlığına mənfi təsir göstərir. "Al-Jazeera" Türkiyənin ən nüfuzlu nəşriyyatlarına istinadən yazır ki, bu ölkədəki iqtisadi böhran nəşr evlərini seçim qarşısında qoyur və yeni kitabların çapına mane olur.
Mayda 70 faizə çatan inflyasiya kitabsevərlərin alıcılıq qabiliyyətini aşağı salıb. Eyni zamanda, lirənin ucuzlaşması kitab çapının bahalaşmasına səbəb olub. Türkiyə Statistika İnstitutunun fevralda verdiyi məlumata görə, kağız qiymətləri rekord qıraraq 168 faiz artıb.
Bağlanan...
"Biz az qala hər gün hansı başlıqları ləğv edəcəyimiz, hansıları təxirə salacağımız haqda qərar verməli oluruq. Çünki yalnız müəyyən qədər kağızımız olur", – "Can" nəşriyyatının baş redaktoru Cem Akaş deyib.
Bir çox kiçik nəşriyyatlarsa bağlanmağa məcbur olur. Bu, 1 milyard dollarlıq industriya üçün xoşagəlməz haldır. Ötən il Türkiyədə 87 min fərqli başlıqla kitab nəşr olunub. Bu, Türkiyəni dünya kitab nəşri reytinq siyahısında altıncı yerə çıxaran göstəricidir.
Naşirlər kitab nəşrinin Türkiyənin mədəni həyatı və ifadə azadlığı üçün əhəmiyyətini də qeyd edirlər.
Son illərdə ölkənin yerli kağız fabriklərinin bağlanmasından sonra Türkiyədə nəşriyyat sənayesi idxal olunan kağızdan asılı vəziyyətə düşüb. 2021-ci ildə lirənin yarıbayarı dəyər itirməsindən sonra isə idxal kağızının qiyməti kəskin artıb. Təchizat şəbəkəsi böhranının idxala mənfi təsirini də ayrıca vurğulamaq lazımdır.
...qiymətləri salan naşirlər var
Ancaq Türkiyə Naşirlər Birliyinin sədri Kenan Kocatürk deyir ki, kağız hələ hər şey demək deyil. Türk naşirlər hər şeyi idxal edirlər. Bura kağız, mürəkkəb və kitabları cildləmək üçün yapışqan da daxildir. Elektrik xərcləri də artır.
Kocatürkün sözlərinə görə, türk naşirlər yaşayış xərclərinin artdığı bu dövrdə qiymətləri qaldırmağa da tərəddüd edirlər. Bəziləri hətta müştəriləri cəlb etmək və onlayn satıcılarla rəqabət apara bilmək üçün qiymətləri aşağı salıb.
Alıcılıq qabiliyyətinin azalması insanları çətinliklə qazandıqları pullarını zəruri ehtiyaclara xərcləməyə məcbur edir. Bu səbəbdən kitab satışının səviyyəsi düşür. Türkiyə Naşirlər Birliyinin hesabatında deyilir ki, 2020-ci ildə kitab bazarı 11.26 faiz kiçilib. YAYBIR naşirlər birliyi isə 2022-ci ilin yanvarı üçün çap olunan kitabların sayının 2021-ci ilin yanvarına nisbətən 20 faiz azaldığını deyir. Kocatürk deyir ki, pandemiya dövründə qanunsuz PDF-kitabların yüklənməsi də artıb.
Böhranın ən ağır zərbə vurduğu isə orta və kiçik nəşriyyatlardır. Seçil Epik və Büşra Mutlu "Umami" adlı butik nəşr evini 2021-ci ildə təsis ediblər. Əsasən tərcümələrə fokuslanan bu kiçik nəşriyyat kopirayt və kağız xərcləri qarşısında çətinlik çəkir. Bir nəşrdən gələn gəlir toplanana qədər qiymətlər yenidən qalxır və növbəti nəşri çap etmək daha da çətinləşir. Epik və Mutlu çap xərclərinin son iki ayda iki dəfə artdığını deyirlər.
Daha az maaşa daha çox işləmək
"Adım Adım" və "Mikado" nəşr evləri 2021-ci ildə müflis olub. Müstəqil kitab dükanları, o cümlədən İstanbuldakı "Denizler" və İzmirdəki "Tante Rose" dükanları da böhrana görə bağlanıb.
Nəşriyyatlar yeni kitablar nəşr etməklə riskə getmək istəmirlər. "Nəticədə hamı XIX və XX əsrilərin klassikasını çap edir – Türkiyədə bunların satılacağı dəqiqdir", – "Can" nəşriyyatından Cem Akaş deyir.
Bütün bunlar nəşriyyatların işçilərinə də mənfi təsir edir. Epik və Mutlu işçilərinin daha az maaşa daha çox işləməli olduğunu deyirlər.
"Qorxuram ki, böhranın dərinləşməsi ilə nəşriyyat ənənələrimizdəki zənginliyi itirək", – Kocatürk deyir.
"Kimin nəşriyyat işini davam etdirə biləcəyi və axıra kimin qalacağı mədəni həyatımızın yenidən təşəkkülünün necə olacağını müəyyənləşdirəcək", – Epik deyir.