Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:57

Türkiyədə Rusiya səfirinin qətlində daha bir şübhəli saxlanıb


Rusiya səfiri Andrey Karlov ölümünə saniyələr qalanda
Rusiya səfiri Andrey Karlov ölümünə saniyələr qalanda

Türkiyənin xüsusi xidmət orqanları 2016-cı ildə Ankarada Rusiya səfiri Andrey Karlovun qətlə yetirilməsi işi üzrə daha bir şübhəlini saxlayıb.

Bu barədə məlumatı Türkiyənin Hürriyet qəzeti mənbələrə istinadla verib.

Mənbələr bildirirlər ki, saxlanan şəxs Karlovu güllələmiş keçmiş polis Mevlüt Altıntaşın qadın tanışıdır.

Altıntaşın özü sui-qəsd yerində öldürülüb.

Qəzetin mənbələri bildiriblər ki, sözü gedən qadın müsəlman vaiz Fethullah Gülenin FETÖ təşkilatının tərəfdarıdır. Bu qruplaşma Türkiyədə terrorçu təşkilat elan edilib.

Şübhəlinin adı açıqlanmır. Qadının İstanbulda həbs olunduğu deyilir.

Altıntaş səfirə atəş açarkən “Allahu əkbər və Hələbi unutmayın” deyə qışqırırdı
Altıntaş səfirə atəş açarkən “Allahu əkbər və Hələbi unutmayın” deyə qışqırırdı

Hökm 2021-ci ildə oxunub

Türkiyədəki Rusiya diplomatik missiyasının başçısı Andrey Karlov 2016-cı ilin dekabrında “Rusiya türklərin gözləri ilə” sərgisinin açılışında nitq edərkən güllələnib.

İstintaqın versiyasına görə 22 yaşlı Mevlüt Altıntaş Ankaradakı Müasir İncəsənət Mərkəzinə daxil olarkən polis vəsiqəsini göstərib. O polisdən getdikdən sonra vəsiqəni təhvil verməmişdi.

Altıntaş səfirə atəş açarkən “Allahu əkbər və Hələbi unutmayın” deyə qışqırırdı.

Bundan bir neçə dəqiqə sonra təhlükəsizlik qüvvələri Altıntaşı güllələyiblər.

Karlovun qətli işi üzrə hökm 2021-ci ilin martında oxunub.

Məhkəmə beş nəfəri ömürlük həbs cəzasına məhkum edib. Daha 8 nəfərə 15 il iş kəsilib. 6 müttəhim bəraət alıb. Başqa müttəhimlərin işləri ayrıca icraata verilib.

XS
SM
MD
LG