Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:33

Türkiyə Kabil aeroportunu idarə etməyə bir şərtlə razılaşar


Taliban aeroportun girəcəyində keşik çəkir
Taliban aeroportun girəcəyində keşik çəkir

Prezident Rəcəb Tayyip Ərdoğan avqustun 27-də deyib ki, riskin böyük olması səbəbindən Türkiyə hələ yekun qərar verməyib.

Taliban Türkiyənin özünün təhlükəsizliyi təmin etməsinə razlaşmasa, Ankara Kabil aeroportunun idarəçiliyinə razılıq verməyəcək. “Reuters” bunu aeroportdakı terror hücumlarından sonra iki rəsmiyə istinadla yazır.

Avqustun 31-dək bütün xarici qüvvələr Əfqanıstanı tərk etməlidir və bu tələb Türkiyə əsgərlərinə də aiddir. Taliban Türkiyədən aeroportu idarə etməyə texniki kömək istəyib.

Türkiyə NATO missiyasının tərkibində son altı ildə aeroportda təhlükəsizlik üçün məsuliyyət daşıyıb.

Avqustun 26-da aeroport yaxınlığında azı bir İslam Dövləti intiharçısının törətdiyi hücumda 13 ABŞ əsgəri daxil olmaqla 85 nəfər öldürülüb.

Özəl şirkət vasitəsilə

Türkiyənin bir aparıcı rəsmisi bu hücumun Talibanın aeroportun təhlükəsizliyini təmin etmək qabiliyyətinə şübhələr yaratdığını deyib.

“Bu əməliyyat texniki baxımdan Türkiyə tərəfindən həyata keçirilə bilər... amma bizim tələbimiz budur ki, Türkiyə təhlükəsizliyi də təmin etsin. Bu, keçmiş əsgərlər, keçmiş polis və tam özəl şirkətdən təşkil olunmuş təhlükəsizlik komandası vasitəsilə görülə bilər”, – anonimlik şərtilə danışan rəsmi deyib.

Prezident Rəcəb Tayyip Ərdoğan avqustun 27-də deyib ki, riskin böyük olması səbəbindən Türkiyə hələ yekun qərar verməyib.

Onun sözlərinə görə, Türkiyə “kommersiya reyslərinə başlamağa tələsmir”, Ankara “Kabildə nəhayət sakitlik yaranan kimi” qərar verəcək.

Talibanın tədbirləri yetərli deyil

Başqa bir türkiyəli rəsminin sözlərinə görə, Talibanın elan elədiyi təhlükəsizlik tədbirləri, məsələn, aeroport ətrafında gözətçi qüllələrin qurulması potensial Türkiyə missiyasının təhlükəsizliyi üçün yetərli deyil.

“Bu çox ciddi işdir və biz təhlükəsizlik və əməliyyat haqda birlikdə düşünməliyik. Bizim yanaşmamız belədir ki, hətta təhlükəsizlik Türkiyə Silahlı Qüvvələri tərəfindən təmin olunmasa belə, Türkiyə tərəfindən həyata keçirilməlidir”, – rəsmi deyib.

Taliban avqustun 15-də Kabili tutandan Türkiyədən azı 350 türkiyəli əsgər və 1400 nəfər digər şəxslər təxliyə olunub.

Türkiyə Talibanla bağlı mötədil bəyanatlar versə də Ankaranın mövqeyinin onların gələcək addımlarından asılı olacağını deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG