Türkiyədə seçki var. Bu mövzu Azərbaycanda da geniş dartışılır. Sual doğurmur, axı Türkiyə Azərbaycanın ən yaxın siyasi müttəfiqidir. Üstəlik, bu ölkənin Azərbaycanın iqtisadi əlaqələrində də payı yüksəkdir.
Dövlət Gömrük Komitəsinin göstəricilərinə görə, ötən il Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsi 5 milyard 842 milyon dollar olub. Bu, Azərbaycanın toplam ticarət dövriyyəsinin 11.1 faizi deməkdir və həmin nəticə ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət partnyorudur.
İxrac və idxal baxımından da Türkiyə ikinci yerdədir. Azərbaycanın ötənilki ixracının 9 faizi, idxalınınsaə 16 faizi Türkiyə ilə bağlıdır. Azərbaycanın ən çox ixrac gerçəkləşdirdiyi ölkə İtaliya, ən çox mal gətirdiyi ölkə isə Rusiyadır.
Türkiyə ilə ticarətdə bir məqam da diqqət çəkir: Müsbət saldo Azərbaycandan yanadır. Ötən ilin sonuclarına görə, Azərbaycanın Türkiyədən ixracı (3.5 milyard dollar), Türkiyədən idxalı (2.3 milyard dollar) təxminən 1.2 milyard dollar qabaqlayır. Azərbaycansa, Türkiyə statistika qurumunun bilgisinə görə, istər idxala, istərsə ixraca görə Türkiyədə ilk onluğa düşməyib.
Azərbaycan Türkiyədən nə alıb-satır?
Azərbaycanın Türkiyədən çox sayda məhsulun idxalını gerçəkləşdirir. Ötən il Türkiyədən toplam 3 min 488 çeşid məhsul gətirilib. İdxalın həcminə görə ilk yeri dərman vasitələri tutur və 2022-ci ildə Azərbaycan Türkiyədən toplam 92.4 milyon dollar dəyərində dərman vasitələri gətirib.
İkinci yeri avtobuslar tutur. Ötən il Türkiyədən 233 ədəd avtobus gətirilib. Bu idxalın toplam dəyəri 44 milyon dolları aşıb. Həcmi 30 milyon dolları aşan digər məhsullar sürtkü yağları (35.2 milyon dollar), metal konstruksiyalar (34 milyon dollar), tütün (32.7 milyon dollar) və qadınlar üçün gigiyenik bez və uşaq bezləridir (31.6 milyon dollar).
Azərbaycandan Türkiyəyə isə ötən il cəmi 665 məhsul çeşidi satılıb. Bu, Türkiyədən Azərbaycana göndərilən məhsul çeşidləri ilə müqayisədə beş dəfəyə yaxın azdır. Azərbaycanın Türkiyəyə ixracında əsas pay, ənənəvi olaraq, enerji sektoru ilə bağlıdır. Ötən il Türkiyəyə 2 milyard 208 milyon dollar dəyərində təbii qaz satılıb. Bu, Azərbaycanın toplam idxalının 62 faizi deməkdir. Neft də diqqətə alınsa, Azərbaycanın Türkiyəyə ixracında enerji sektorunun payı 76 faizə yüksəlir.
Enerki sektorundan başqa Türkiyəyə ən çox pambıq lifi satılıb (162 milyon dollar dəyərində). Elektrik enerjisi (79.2 milyon dollar) və alüminium (61.3 milyon dollar) da Azərbaycanın Türkiyəyə ixrac etdiyi əsas məhsullar arasındadır.
Qarşılıqlı yatırımlar
Türkiyə Azərbaycana yatırılan və Azərbaycanın yatırdığı investisiyaların həcminə görə də önəmli yer tutur. Mərkəzi Bankın bilgisinə görə, 2022-ci ildə Türkiyədən Azərbaycan iqtisadiyyatına 1 milyard 187 milyon dollar dəyərində birbaşa investisiya cəlb edilib.
Bu göstərici ilə Türkiyə Böyük Britaniyadan sonra Azərbaycana ən çox yatırım edən ölkə adını qazanıb. Azərbaycana cəlb edilən investisiyaların 19 faizi təkcə Türkiyə ilə bağlıdır. Diqqətçəkən daha bir məqam - son illər ərzində Türkiyədən Azərbaycana yatırılan investisiya həcminin ardıcıl artmasıdır.
2020-ci ildə Türkiyədən Azərbaycana yatırımlar 577 milyon dollar, 2021-ci ildə 740 milyon dollar, ötən ilsə 1 milyard 187 milyon dollar olub. Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyalara görə Türkiyə birinci yeri tutur.
2022-ci ildə Azərbaycandan Türkiyə iqtisadiyyatına 247 milyon dollar yatırılıb. Bu, 2021-ci illə müqayisədə 33 milyon dollar az olsa da, Türkiyə 21.4 faizlik payla hələ də liderdir. Türkiyənin ən böyük xarici yatırımçısı Azərbaycandır. Dövlət Neft Şirkəti (SOCAR) indiyədək Türkiyənin neft-kimya sənayesinə 18 milyard dollar yatırıb.
Təkcə ötən il Türkiyədə Azərbaycan sərmayəli 56 şirkət qurulub. Bu göstərici ilə Azərbaycan vətəndaşları Türkiyədə ən çox şirkət quran əcnəbilər arasında Rusiya, Almaniya və ABŞ-dan sonra dördüncü yerə çıxıb.
Azərbaycana gələn və Azərbaycandan göndərilən pul köçürmələrinin həcminə görə də Türkiyə lider ölkələr sırasındadır. Ötən il Azərbaycandan xarici ölkələrə toplam 665 milyon dollar göndərilib.
Bunun 174 milyon dollar - 26 faizi Türkiyənin payına düşür. Bu göstərici ilə Türkiyə Azərbaycandan ən çox pul köçürülən ölkə adını qazanıb. Türkiyədənsə Azərbaycana ötən il 122 milyon dollar köçürülüb. Bu, Azərbaycana göndərilən toplam pul köçürmələrinin 3.4 faizidir.
Həmin göstərici ilə Türkiyə Rusiya və ABŞ-dan sonra Azərbaycana ən çox pul göndərən üçüncü ölkədir. Türkiyə miqrasiya qurumunun məlumatına görə, hazırda bu ölkədə 70 min 148 Azərbaycan vətəndaşı rəsmi yaşayış icazəsi (oturum izni) ilə yaşamaqdadır. Bu göstərici ilə Azərbaycan Rusiya (147 min), İraq (118 min), Türkmənistan (112 min) və İran (92 min) vətəndaşlarından sonra Türkiyədə ən çox yaşayış izni əldə edən ölkədir.
Sırf xarici tələbələrin sayına görə isə, azərbaycanlılar liderdir. Hazırda 18 min 576 Azərbaycan vətəndaşının Türkiyədə tələbə kimi yaşayış icazəsi var. Türkiyə vətəndaşları ilə ailə qurmağa görə verilən yaşayış icazəsinə görə də lider ölkə Azərbaycandır. İndi 13 mindən çox Azərbaycan vətəndaşı belə icazə ilə Türkiyədə yaşayır.