İŞİD-in yeni rəhbəri Türkiyədə keçirilən polis reydinin gedişində saxlanıb.
O İslam Dövləti ekstremist təşkilatının rəhbərliyinə iki ay bundan əvvəl gətirilmişdi.
Vice.com və bir sıra başqa mənbələr Türkiyə mediasına istinadən bildirirlər ki, İŞİD Əbu əl-Həsən əl-Qureyşinin yeni “xəlifə” təyin edilməsinə dair məlumatı martın əvvəllərində yaymışdı.
İŞİD-in bundan əvvəlki rəhbəri Suriyanın şimalında Türkiyənin nəzarətində olan İdlibdə ABŞ-ın keçirdiyi xüsusi hərbi əməliyyat nəticəsində öldürülmüşdü.
Türkiyənin OdaTV saytı mayın 26-da xəbər verib ki, Əbu Həsən İstanbul polisinin və antiterror birliklərinin birgə keçirdikləri “tamamilə məxfi” əməliyyatda ələ keçirilib.
Vice yazır ki, İŞİD onun Bağuzdakı son istehkamı üç il bundan əvvəl ABŞ tərəfindən dəstəklənən kürd qüvvələri tərəfindən zəbt olunduqdan sonra zəifləmiş bir təşkilatdır.
Nüfuzdan düşən “xəlifə” titulu
Bu da qeyd olunur ki, İŞİD liderlərinin nüfuzu da onun ilk lideri Əbu Bəkr əl-Bağdadi öldürüləndən sonra getdikcə azalıb.
Məsələn Əbu Həsənin xələfi Əbu İbrahim əl-Haşimi əl-Qureyşi fevral ayında öldüyü vaxt bir yük maşını sürücüsünün evinin damında gizlənirdi. Onu “itkin xəlifə” adlandırırdılar.
İŞİD-in üçüncü “xəlifəsi” sayılan və əsl adı Cümə əl-Bədri olan Əbu Həsənin Bağdadinin böyük qardaşı olduğu düşünülür.
Əl-Bağdadinin özü 2019-cu ilin oktyabrında ABŞ-ın apardığı xüsusi əməliyyatın gedişində həlak olub. O gizləndiyi İdlibdə bombanı öz üstündə partlatmışdı.
Əbu Həsənin habelə İŞİD-in beş üzvdən ibarət olan “şurasına” rəhbərlik etdiyi xəbər verilirdi.
Vice yazır ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Əbu Həsənin ələ keçirilməsi əməliyyatı barədə təfərrüatlı məlumat verəcəyi gözlənilir.
2014-cü ildə əl-Qaeda kökləri üzərində təsis olunmuş İŞİD Suriya və İraqda geniş əraziləri ələ keçirmiş və burda radikal İslamın ən sərt qaydalarını tətbiq etmişdi.
Qrup etnik və dini azlıqlara, habelə qadınlara münasibətdə qəddarlıq nümayiş etdirirdi.
ABŞ və kürd qüvvələrinin başçılıq etdiyi anti-İŞİD koalisiyası qrupun 2017-ci ildə İraqda, 2019-cu ildə isə Suriyada tamamailə məhv edildiyi barədə məlumat vermişdi.
Hazırda qruplaşmanın qalıqları məxfi həyat tərzinə keçib və onun ayrı-ayrı üzvləri Yaxın Şərq boyunca təhlükəsizlik xidmətləri tərəfindən axtarılır.