Keçid linkləri

2025, 13 İyul, bazar, Bakı vaxtı 10:22

Türkiyə İranla yeni sərhəd keçidi açacağını deyir


Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və İbrahim Rəisi
Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və İbrahim Rəisi

Türkiyə İranla yeni sərhəd keçidi açmağı nəzərdən keçirir. Reuters yazır ki, bunu iranlı həmkarı İbrahim Rəisi ilə danışıqlarından sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ankarada keçirilən Türkiyə-İran biznes şurasının iclasında danışan Ərdoğan iki ölkə arasında ticarət həcmlərinin azalmasına görə Tehran üzərinə qoyulmuş beynəlxalq sanksiyaları və COVID pandemiyasını günahlandırıb.

Türkiyə və İran arasında ticarət 2012-ci ildə 22 milyard dollarla pik həddinə çatmışdı. Ticarət dövriyyəsi bundan sonra azalmağa başlayıb.

İldən-ilə azalan ticarət

Türkiyə Ticarət Nazirliyinin verdiyi məlumata görə 2023-cü ildə bu rəqəm 7.4 milyard dollar olub, halbuki 2022-ci ildə 10 milyard dollar idi. Ərdoğan daha sonra deyib:

“Yeni sərhəd keçidinin açılması da gündəliyimizdədir. Bundan məqsəd sərhədyanı zonalarda ticarət və iqtisadiyyatın inkişaf etdirilməsidir”.

Reuters yazır ki, NATO üzvü Türkiyə və İran arasında hazırda 4 keçid məntəqəsi var.

Gurbulak-Bazarqan regionları arasındakı keçidlərdən biri 2021-ci ildən bəri inşa edilir.

Sanksiyalar mane olur

Ərdoğan deyib ki, pandemiya başa çatsa da, İran üzərində sanksiyalar qalır, amma Ankara bu beynəlxalq sanksiyalara görə Tehranla bağlarını qırmayacaq.

Türkiyə prezidenti əlavə edib ki, sanksiyalar xüsusilə də bank sistemində problemlər yaradır.

Ərdoğan deyib ki, o Rəisidən İrandakı Türkiyə şirkətlərinin üzləşdiyi problemlərin aradan qaldırılmasında dəstək gözləyir.

Onun sözlərinə görə əgər aviareyslərin sayındakı məhdudiyyət və yanacaq qiymətləri problemləri həll olunarsa, Ankara Türkiyənin daha çox şirkətini İranda investisiyalar yatırmağa sövq edə bilər.

Hazırda özünün nüvə proqramına görə Tehranın üzərinə qoyulmuş sanksiyalar İran iqtisadiyyatını sarsıtmaqdaa davam edir.

Reuters xatırladır ki, Rusiyadan hava hücumundan müdafiə raket sistemləri aldığına görə Türkiyə də ABŞ sanksiyalarına tuş gəlib.

XS
SM
MD
LG