Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:12

Türkiyəylə Niderlandın düşmənçiliyi sərf edir


R.T.Erdoğan İstanbulda tərəfdarlarının yürüşündə. 12 mart 2017
R.T.Erdoğan İstanbulda tərəfdarlarının yürüşündə. 12 mart 2017

«Türkiyəylə Niderland arasındakı mübahisənin yeganə məqsədi seçkilərdə daha çox səs toplamaqdır». «The Washington Post» qəzetinin son hadisələrə həsr edilmiş məqaləsi belə adlanır.

Şənbə günü Hollandiya Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu-nun təyyarəsinin enməsinə imkan verməyib. M.Çavuşoğlu Hollandiyaya Türkiyədə keçiriləcək referendumla bağlı təbliğat kampaniyasına gedirmiş. Əvvəl də iki türk nazirinə ölkəyə daxil olmağa izn verilməyib. Türkiyə prezidenti Recep Tayyip Erdoğan Hollandiyanın buna görə cavab verməli olacağını deyib, hər iki ölkədə etiraz aksiyaları keçirilir.

Hollandiyanın baş naziri: Türkiyə bizi hədələyirdi
Gözlə

No media source currently available

0:00 0:01:43 0:00

ƏCİNNƏ

«The Washington Post» qəzeti baş verənlərin böhranlı seçki kampaniyalarının sonucu olduğunu, siyasətçilərin bu etirazlardan yararlanmağa çalışdığını yazır. Çünki cəmi 1 aydan sonra Türkiyədə konstitusiyaya düzəlişlərlə bağlı referendum olacaq, seçicilər dəyişikliklərə «hə» desələr, prezident R.T.Erdoğan-ın səlahiyyətləri və fəaliyyət müddəti artacaq.

Niderlandda isə seçkilər birisi gündür, martın 15-də ölkə parlamentinin üzvləri seçiləcəklər və bütün gözlər, müəllifin diliylə desək, sağçı, müsəlmanların əleyhinə çıxışlarıyla tanınan ultramillətçi siyasətçi Geert Wilders-ə zillənib.

Qəzet Erdoğan-la Wilders-in bir-birini millətinin gözündə onlara sərf edən əcinnəyə çevirdiyini yazır.

«Hollandiyayla Türkiyənin «böhranının» çox sadə izahı var», – hollandiyalı siyasətçi, siyasət elmləri üzrə mütəxəssis Cas Mudde deyib. «Hər iki ölkə millətçilik hissinin dominantlıq etdiyi seçki kampaniyasının təsiri altındadır», – o, sözlərinə əlavə edib.

Geert Wilders
Geert Wilders

UÇURUM DƏRİNLƏŞİR

Böhranın sonucları qəzetin haqlı olduğunu göstərir. G.Wilders-in ölkəsindəki türkləri nəzərdə tutaraq dedikləri onları, yəqin ki, bir az da qızışdıracaq. Twitter səhifəsində G.Wilders etiraz aksiyasına çıxanların Hollandiya pasportu daşısa da, Hollandiyaya aid olmadıqlarını, türk olduqlarını göstərdiyini deyib. Türkiyənin ailə işləri naziri Betül Sayan Kaya haqqında isə G.Wilders bunları yazıb: «Rədd olun, bir də geri dönməyin və bir də, zəhmət olmasa, öz türk fanatlarınızı da özünüzlə aparın».

«The Washington Post» münasibətləri son illər onsuz da pisləşən Qərblə Türkiyənin arasındakı uçurumun bir az dərinləşdiyini yazır. R.T.Erdoğan bazar günü İstanbulda kütlə qarşısında çıxışında Qərbin maskasını atdığını deyib. R.T.Erdoğan, eləcə də Türkiyənin digər rəsmilərinin çıxışları durumun bundan sonra bir az da gərginləşəcəyindən xəbər verir. Qəzetin yazdığına görə, Türkiyənin öz ölkəsində səfərdə olan Hollandiya səfirini ölkəyə buraxmayacağı gözlənir.

İSLAMOFOBİYA GÜCLƏNİR

Türklərə və müsəlmanlara qarşı çıxışlar edən tək G.Wilders deyil. Hollandiyanın indiki baş naziri Mark Rutte də seçkidən əvvəlki yazılarında türklərin və digər müsəlman miqrantların cəmiyyətə inteqrasiya etməkdən ötrü daha çox işləməli olduğunu demiş, hətta bir məqaləsində miqrantları «ya düzəlin, ya da çıxın, gedin» kimi xəbərdarlıq etmişdi. Bu çıxışlarından sonra sorğular onun G.Wilders-dən irəli keçdiyini göstərdi.

«The Washington Post» R.T.Erdoğan-ı öncə də «diktator» adlandıran G.Wilders-in indi durumdan yararlanmağa, üstünlüyü yenidən ələ almağa çalışdığını ehtimal edir.

Onun, eləcə də rəqibi M.Rutte-nin müsəlmanlara və türklərə qarşı çıxışları isə islamofobiyanı gücləndirir, beləliklə, avtoritarizmə can atmaqda günahlandırılan R.T.Erdoğan-ın tərəfdarlarını artırır, onun mövqeyini bərkidir. Məqalənin müəllifi İshaan Tharoor bu fikirdədir.

XS
SM
MD
LG