Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 02:35

'Qohumlarım məni fahişəliyə məcbur edirdilər'


Fahişəlik. Foto illüstrasiya

Türkiyədə fahişəliyə sövq edilən Qırğızıstan vətəndaşı kömək istəyib. O, hazırda Rusiyadadır.

«ÇOX PEŞMANAM»

20 yaşlı Alina bu ilin fevralında uzaq qohumlarının dəvəti ilə Türkiyəyə gedib. Məqsədi valideynlərinə kreditlərini ödəməyə kömək etmək imiş. Ancaq Alina Türkiyəyə çatar-çatmaz cinsi köləyə çevrilib. O, həmin uzaq qohumların onu necə aldatdıqları barədə belə danışır:

«Bundan sonra necə yaşayacağımı bilmirəm. Mən necə ərə gedəcəyəm? Valideynlərimin və qohumlarımın gözlərinə necə baxacağam? Getdiyimə görə çox peşmanam. Məni Türkiyəyə gətirən qohumla yaxşı tanış deyildim. O, valideynlərimə dedi ki, mənə iş tapacaq, ayda 1000 dollar maaş alacağam. Mən də razılaşdım və getdim. Gəlib çatan kimi pasportumu əlimdən aldı və iş yerimi göstərdi. Məlum oldu ki, oteldə kişilərə xidmət göstərməliyəm. Məni işləməyə məcbur edirdilər. Hər müştəriyə görə 200 lirə alırdım. Yarısını qohumum götürürdü. Bir neçə mənim kimi qırğız qız var idi. Biri dayə işləyir, boş vaxtında isə müştərilərə xidmət edir. Bizə nəzarət edən qadının özü də işləyir. Onlar məni qorxudurdular. Deyirdilər ki, kiməsə şikayət etsəm, özüm rüsvay olacağam və hamı nə işlə məşğul olduğumu biləcək».

«İNTİHAR BARƏDƏ DÜŞÜNÜB»

İki aydan sonra Alina Türkiyədə başına gələnləri ailəsinə danışıb. O, Rusiyada işləyən böyük bacısına SMS göndərib. Bacısı Jamila onun düşdüyü durumu bilən kimi yalan uyduraraq onu öz yanına gətirib: «Bacım Alina aprelin 13-ü yanıma gəldi. Bundan 10 gün öncə mənə məktub yazıb başına gələnləri açıq yazmış, kömək istəmişdi. Mən vəziyyəti tanış bir qadına danışdım. İkimiz birlikdə bacımı azad etməyin yollarını tapdıq. Onu Türkiyəyə aparmış qohumlarımıza yazdım ki, ağır xəstələnmişəm, bacımı yanıma göndərsinlər. Onlar əvvəl razılaşmadılar, cürbəcür bəhanələr gətirdilər. Axırda xəstəxanaya getdim, palatada şəklimi çəkib onlara göndərdim. On gündən sonra onlar Alina-nı yanıma göndərdilər. İndi o yanımdadır, tezliklə müalicə olunmağa xəstəxanaya gedəcək. O, intihar barədə düşünüb, vəziyyəti çox ağır olub. Özüm də çox narahat idim, indi ürəyim ağrıyır. Ədalət naminə sonadək gedəcəyəm. Onlar cəzalandırılmalıdırlar. Nə qədər qızın taleyi məhv edilib».

Fahişələr.
Fahişələr.

SƏFİRLİYƏ GEDƏCƏKLƏR

Bacısından başqa heç kim Alina-nın başına gətirilənlər barədə heç nə bilmir. Onlar Türkiyədəki qohumlarını məhkəməyə verməyə hazırlaşırlar və öz hüquqlarını sonadək müdafiə etmək niyyətindədirlər. Buna görə ən yaxın zamanda Qırğızıstanın Türkiyədəki səfirliyinə müraciət etmək istəyirlər.

Bundan əvvəl də iş axtarmağa Türkiyəyə gəlmiş Qırğızıstan vətəndaşlarının kölə vəziyyətinə düşərək fahişəliyə sövq edilməsi halları qeydə alınıb.

Ötən il Antalyada oxşar vəziyyətlə üzləşmiş 22 yaşlı Aysana da qaça bilmişdi. Bundan sonra Bodrum şəhərində 11 qırğız qızın köləlikdən azad edildiyi bəlli olmuşdu. Onların hamısı Türkiyəyə normal iş dalınca gəlmiş, ancaq dələduzların toruna düşmüşdülər.

90 FAİZ BUNU BİLƏRƏK GƏLİR

Türkiyədə miqrantların hüquqlarını müdafiə edən vəkil Mustafa Borak Alina-ya ərizə yazmağı məsləhət görür: «Bütün xarici vətəndaşlar kömək üçün uyğun qurumlara müraciət edə bilərlər. Onlar Türkiyədə hüquq bürolarında və dövlət qurumlarında yardım ala bilərlər».

Ancaq M.Borak qeyd edir ki, qızların 90%-i Türkiyəyə fahişəliklə məşğul olacağını əvvəlcədən bilərək gəlir: «Bu məsələdə iki tərəf var. Qurbanlar və qızları köləliyə cəlb edən dələduzlar var. Mən qurbanlarla işləmişəm. Onların 98%-i deyir ki, nə ilə məşğul olacaqlarını bilə-bilə gəliblər».

Daha öncə Qırğızıstanın Türkiyədəki səfirliyi AzadlıqRadiosunun qırğız xidmətinə bildirib ki, fahişəliklə məşğul olan qızlar bunu öz istəkləri ilə edirlər, ancaq polis onları tutanda müxtəlif bəhanələr gətirirlər. Həqiqətən də, cinsi köləliyə düçar olmuş qızların faiz nisbəti isə ümumi sayın 3-5%-indən artıq deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG