Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:21

Erdogan Latın Amerikasında təkcə serial göstərmir


Türkiyə prezidenti Recep Tayyip Erdoğan 2018-ci ildə bu ölkənin lideri Nicolas Maduronun (solda) dəvəti ilə Venesuelada olub
Türkiyə prezidenti Recep Tayyip Erdoğan 2018-ci ildə bu ölkənin lideri Nicolas Maduronun (solda) dəvəti ilə Venesuelada olub

Kolumbiyanın cənubunda nahara az qalmış 51 yaşlı Marina Ortiz “Me Robó Mi Vida” (orijinalda “O hayat benim”) adlı türk serialına baxır. “Ozy.com” saytında Wesley Tomaselli yazır ki, seriallar Türkiyənin regionda get-gedə artan nüfuzunun sadəcə bir hissəsidir.

Ənənəvi olaraq Qərbin müttəfiqi sayılan Türkiyə Recep Tayyip Erdoğanın getdikcə avtoritarlaşması ilə Qərbin dəstəyini itirməyə başlayıb.

Türk mallarının əsas bazarı sayılan Yaxın Şərqdə Səudiyyə Ərəbistanı ilə münasibətlərin korlanması, Suriya və İraqda davam edən müharibə ticarətə mənfi təsir edib.

İndi isə Türkiyə Latın Amerikası bazarlarına nüfuz etməyə başlayıb. Özü də Çinin regiona investisiyalarından fərqli olaraq, Türkiyənin gəlişi haqda çox danışılmır.

2006 - 2017-ci illər arasında Türkiyə - Latın Amerikası ticarəti üç dəfə - 3,4 milyard dollardan 9,2 milyard dollaradək artıb.

Region Türk Hava Yollarının diqqətini 2014-cü ildə cəlb etməyə başlayıb. Bu gün Panamaya, Karakas, Havana, Boqota, San-Paolo və Buenos-Ayresə uçuşlar var. Bu ilin yanvarında isə Mexiko və Kankuna uçuşların başlandığı elan edilib. Çili və Meksika kimi ölkələrin telekanalları “Min bir gecə” kimi türk seriallarını yayımlayır.

Türk tikinti şirkətləri Venesuelada binalar, Ekvadorda limanlar inşa edir. Venesuela diktatoru Nicolas Maduro və Erdoğan həm də qeyri-şəffaf qızıl ticarətində şərikdirlər. Erdogan dekabrda Karakası ziyarət edib. Türk şirkəti “Sardes” ötən il Venesueladan 900 milyon dollarlıq qızıl idxal edib. Türkiyə Meksika və Kolumbiya ilə də azad ticarət müqavilələrini müzakirə edir.

YENİ BAZAR

Regionun bəzi ölkələri üçün Türkiyənin gəlişi müəyyən mənada ABŞ – Çin məngənəsindən kənar, yeni manevr imkanları yaradır. Venesuela kimi sanksiyalara məruz qalmış ölkələr üçünsə Türkiyə azsaylı ticarət çıxışlarından biridir. Latin Amerikası da Türkiyə üçün 600 milyon əhalisi olan yeni bazardır. Üstəlik, ənənəvi iqtisadi tərəfdaşlara alternativə bu qədər ciddi ehtiyac yaranan zaman.

“Yaxın Şərqdə bu qədər münaqişə və problemlərin olduğu vaxtda Türkiyənin qarşısında duran sual budur: ‘Məhsullarımı harada sata bilərəm?’”, – 2014-2016-cı illərdə Karakasda yaşamış keçmiş türk diplomat, hazırda Florida Beynəlxalq Universitetində baş siyasi təhlilçi kimi çalışan Imdat Öner deyir.

Əsrin lap əvvəlində Türkiyənin institusional xarici siyasəti yox səviyyəsində idi. Sonra 2006-cı ildə Erdoğan hökuməti Cənub-Şərqi Asiya və Afrika kimi yerlərə nüfuz etmək planı işləyib hazırladı.

Önerin sözlərinə görə, o zaman Latin Amerikası “nəzarətsiz region” hesab edilirdi. Bu, türk ticarət və iş adamlarının marağını cəlb edib və onlar okeanı keçərək bu regionda öz dükanlarını açmağa başlayıblar.

Türkiyənin qitədəki ilk addımları Cənub-Cənub əməkdaşlığı və ticarəti tərəfindən dəstəklənib. Bu məsələdə Braziliyanın keçmiş prezidenti Lula da Silva və inkişaf etməkdə olan bazar iqtisadiyyatı ölkələrinin liderlərinin xüsusi rolu var.

2010-cu ildə İstanbuldakı Pera muzeyinin qapıları açılan zaman diqqəti ən çox cəlb edən Rembrandt, Cézanne, yaxud Picasso-nun şedevrləri yox, saçını darayan fahişənin rəsmi idi.

Türklər məşhur Kolumbiya rəssamı Fernando Boteronun bu əsərini çox bəyənmişdilər.

Türkiyə və Latın Amerikası arasındakı bu sevgi hekayəsinin nə qədər davam edəcəyi bilinmir.

TÜRKİYƏNİN AĞIR DİNİ TONU...

Cənubi Dakota Dövlət Universitetində çalışan türkiyəli alim Evren Çelik Wiltse deyir ki, region dövlətləri insan hüquqları, qadın hüquqları, demokratiya, azlıqlara hörmət kimi “fundamental dəyərlər” istiqamətində ilk addımlarını atırlar. Türkiyə isə əks istiqamətdə hərəkət edir. Xanım Çelik xatırladır ki, türkiyəli məmur və nazirlər dini səbəbləri əsas gətirərək qadınların əlini sıxmırlar. “Hazırkı Türkiyə administrasiyası və Latın Amerikasının siyasi mədəniyyəti bir-birinə uyuşmur. Türklərin ağır dini tonu bir çox razılaşmaları başlamamış öldürür”, – Çelik Wiltse deyir.

Ancaq türklərin tamamilə yad ənənələrə malik dövlətlərlə gözlənilməyən ittifaqlar qurmaq tarixi var. İttifaqların əsasən dini və ideoloji xətt üzərində qurulduğu XVI əsrdə Osmanlı İmperiyası Habsburqları əzmək üçün Fransa kralı I Francis-lə ittifaqa girib. Türk-fransız qüvvələri aralarındakı fərqləri kənara qoyaraq, Nitsanı ələ keçirib, Korsikanı darmadağın, Macarıstanı isə məğlub edib.

Bu baxımdan Türkiyənin Latın Amerikası ilə ticarət əlaqələri geopolitik şahmat taxtasını titrədə bilər. Çelik Wiltse Latın Amerikası demokratiyalarını Türkiyə ilə həddindən çox yaxınlaşmağın fəsadları barədə xəbərdar edir.

Bu ölkə dünyanın müxtəlif yerlərinə nüfuz etməyə çalışsa da, öz daxilində insan hüquqlarına hörmət olunmur. Alim ümid edir ki, regionun özünün diktator liderlərlə bağlı tarixi onları Erdoğan Türkiyəsi ilə həddindən sıx tərəfdaşlıqdan yayındıracaq.

“İndi bal ayı dövrüdür. Ancaq bu keçib gedəcək… Bu münasibətlərin sonu çatsa, deməli bu, demokratiya və insan haqlarına görədir”, – Evren Çelik Wiltse deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG