Türkiyədə dükançılar, şəhər bələdiyyələri və dini icmalar artmaqda olan enerji qiymətlərinə qarşı etiraz səslərini ucaltmağa başlayıblar.
Reuters yazır ki, fevralın 8-də ölkə boyunca həkimlər və tibb işçiləri iş şəraitinin ağırlığına və inflyasiyaya etiraz olaraq birgünlük tətil ediblər.
Reuters yazır ki, inflyasiya yanvar ayında 50 faizə çataraq onsuz da çətinliklə dolanan türkləri daha ağır duruma salıb.
Hökumət minimum əməhaqqını 50 faiz artırsa da, daha kəskin artan qaz, benzin və yol vergiləri maaş artımını heçə endirib.
Ələvi icması işıqpulu ödəməyəcyini deyib
Reuters yazır ki, Tükiyənin Ələvi icması ibadət etdiyi cemevlərində kommunal xərcləri ödəməmək qərarına gəlib.
Ələvi federasiyasının prezidenti Celal Firat Twitter-də elektrik ödənişi üçün 30 min lirəlik (2200 dollar) tələbnaməni paylaşaraq yazıb:
“Gəlin və işığımızı kəsin. Bizim cemevləri biznes deyil, ibadət yerimizdir”.
Bəzi restoran sahibləri qapı və pəncərələrə elektrikin qiymətinin qalxdığı barədə bildirişlər yapışdırıblar.
Müxalif CHP-nin sədr müavini Oğuz Kaan Salıcı Twitter-də yazıb ki, bəzi ailələrin enerji ödənişləri az qala kirayə haqqı qədər olub:
"Adamlar evdə və işdə nə etməli olduqlarını bilmirlər. Vətəndaşlar daha dözə bilmirlər. Qiymətlər dərhal endirilməlidir”.
Hökumət kömək edəcəyini deyir
Reuters yazır ki, milli valyutanın rekord səviyyədə qiymətdən düşməsi və sürətlə qalxan qiymətlər 2023-cü ildə keçiriləcək seçkidən əvvəl prezident Recep Tayyip Erdoğanın reytinqini rekord aşağı həddə salıb.
Hökumət isə israr edir ki, kreditlər, ixrac və investisiyalar ölkəni inflyasiyadan çıxaracaq.
Prezidentin sözçüsü İbrahim Kalın deyib ki, kommunal ödənişlərlə bağlı hökumət tədbirləri “çox tezliklə” elan edilıəcək.
O A Haber kanalına deyib ki, “biz inflyasiyanın vətəndaşları əzməsinə imkan vermərik”.
İstanbul meri Ekrem İmamoğlu da daxil, 11 şəhərin meri hökuməti enerji qiymətlərinin dərhal azaldılmasına çağırıblar.
Onların sözlərinə görə, qaz və elektrikin bahalığı bələdiyyələri adamlara xidmət göstərmək imkanından məhrum edir.
Onlar yanacağa qoyulmuş ƏDV və başqa vergilərin ləğvini tələb edirlər.