Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

ABŞ Türkiyə ilə viza məhdudiyyətlərinin qaldırıldığını deyir, lakin…


ABŞ-ın Ankaradakı səfriliyinin giriş qapısı
ABŞ-ın Ankaradakı səfriliyinin giriş qapısı

Reuters agentliyinin verdiyi xəbərə görə Birləşmiş Ştatlar və Türkiyə dekabrın 28-də bütün viza məhdudiyyətlərini qaldırıblar.

Xəbərdə deyilir ki, Vaşinqton bundan əvvəl ABŞ missiyasının heyətindən öz vəzifəsini icra etdiyinə görə heç kimin hədəflənməyəcəyi barədə Türkiyədən təminat alıb. Bu ilin əvvəllərində ABŞ-ın Türkiyədəki missiyasının iki işçisi saxlanmışdı.

Reuters bildirir ki, Türkiyə belə bir təminat verdiyinə dair bəyanatları dərhal təkzib edib.

İstanbul konsulluğundakı iki əməkdaşının saxlanmasından sonra Birləşmiş Ştatlar Türkiyədə vizaların verilməsini dayandırmışdılar.

ABŞ-ın Ankaradakı səfriliyi dekabrın 28-də yaydığı bəyanatda bildirir ki, Türkiyə tərəfindən alınmış təminatlardan sonra Dövlət Departamenti bu ölkədəki viza xidmətlərinin bərpasına icazə verib.

Bəyanatda bu da bildirilir ki, Birləşmiş Ştatların saxlanan iki əməkdaş barədə narahatlığı davam edir.

Türkiyə tərəfi də viza məhdudiyyətlərinin aradan qaldırılmasını elan etsə də, ABŞ-a hər hansı qarantiyaların veriləcəyini vəd etdiyini danıb.

Türkiyənin Vaşinqtondakı səfriliyi bildirib ki, “biz Birləşmiş Ştatların Türkiyədən hər hansı qarantiyalar aldığını bəyan etməsini və bununla da ABŞ və Türkiyə ictimaiyyətlərini çaşdırmasını düzgün hesab etmirik”.

Reuters xəbər verir ki, viza xidmətlərinin bərpası barədə məlumatlardan sonra Türkiyə lirəsinin məzənnəsi ABŞ dollarına nisbətdə 3, 8 səviyyəsində möhkəmlənib. Bu, Türkiyə valyutasının oktyabrın 31-dən bəri ən yüksək qiymətidir.

İki NATO üzvü arasında münasibətlər Türkiyənin fikrincə ABŞ-ın Fethullah Güleni ekstradisya etmək istəməməsinə görə xeyli soyuyub. Ankara Güleni 2016-cı ilin iyul çevriliş cəhdinin arxasında durmaqda ittiham edir.

Bundan başqa Ankara ABŞ-ın Suriyadakı kürd qruplaşmalarını silahla təchiz etməsindən narazıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG