Keçid linkləri

2017, 13 Dekabr, çərşənbə, Bakı vaxtı 18:46

'Turan'ın iddiasına baxılması mümkünsüz sayıldı


«Turan» İnformasiya Agentliyinin Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə qarşı iddiasına baxılması mümkünsüz sayılıb. Oktyabrın 13-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Müseyib Bayramov bu haqda qərardad çıxarıb. Bu qərar cavabdeh departamentin vəsatəti əsasında verilib.

«Turan» iddia ərizəsində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin agentliyin son yeddi illik fəaliyyətini əhatə etməklə, orada səyyar vergi yoxlaması aparılması haqda qərarının qanunsuz və etibarsız hesab olunmasını istəyirdi.

Departamentin nümayəndəsi Tural Quliyev oktyabrın 13-də keçirilən məhkəmədə deyib ki, mübahisələndirilən qərar inzibati akt deyil, ondan şikayət verilə bilməz.

***Buna da bax-Vəkil: ''Turan'ın işini oyun-oyuncağa döndəriblər'

«NÜMAYƏNDƏ NİYƏ ARANI QARIŞDIRIR?»

«Turan»ın nümayəndəsi, vəkil Fuad Ağayev isə deyib ki, bu fikir əsassızdır, həm də elə Vergilər Nazirliyinin öz qərarına ziddir. Ona görə də qarşı tərəfin vəsatəti təmin olunmamalıdır:

«2016-cı il sentyabrın 23-də Vergilər Nazirliyinin Kollegiya qərarı ilə bir sıra normativ hüquqi aktlar qəbul olunub. Növbədənkənar səyyar vergi yoxlamasının təyin olunması haqda qərar da akt sayılıb. Üstəlik, elə «Turan»da səyyar vergi yoxlaması keçirilməsi haqda departament rəhbərliyinin qərarında da yazılıb ki, «İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən, 30 gün ərzində şikayət verilə bilər». İndi durub necə demək olar ki, «bu qərardan şikayət nəzərdə tutulmayıb»?. Mənə maraqlıdır, nümayəndə niyə aranı qarışdırır? Yaxud, nümayəndə gərək öz üzərində işləsin. İndi nümayəndənin dediyindən belə çıxır ki, bütün sənədləri, qanunvericiliyi bir kənara ataq, bu məsələyə baxmayaq».

Vəkil deyir ki, məhkəmə məsələyə nöqtə qoymasa, bu cür qərarlar bundan sonra da «Turan» üçün qarşısıalınmaz nəticələr doğura bilər:

***Buna da bax-'Turan'a 37 min manatlıq vergi sanksiyası ləğv edilib

«Belə addımların nəticəsidir ki, «Turan» İnformasiya Agentliyi sentyabrın 1-dən fəaliyyətini dayandırmalı oldu. Belə özbaşınalıqlarla vergi orqanları həm də ölkədəki təsərrüfat obyektlərinin fəaliyyətini iflic edir. Ölkədə obyektlərin sayı günü-gündən azalır. Bu, vergi orqanlarının öz mülahizələrinə, istəklərinə uyğun qərarlarının, müəmmalı səbəblərlə təzyiqləri gücləndirmələrinin nəticəsidir. «Turan»ın yeddi illik fəaliyyəti ilə bağlı bütün sənədləri yığıb aparıblar, ortada da nəticə yoxdur».

Vergilər Nazirliyinin təmsilçisi bildirib ki, «Turan»la bağlı yoxlama davam edir.

Ardınca hakim müşavirəyə gedib və bir neçə dəqiqə sonra Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin vəsatətinin təmin olunduğunu, «Turan»ın iddiasının mümkünsüz sayıldığını elan edib.

F.Ağayev AzadlıqRadiosuna bildirib ki, qərardaddan apellyasiya şikayəti veriləcək.

“Təzyiqlər qalır”

F.Ağayev AzadlıqRadiosu-na bildirib ki, qərardaddan apellyasiya şikayəti veriləcək. Vəkilin sözlərinə görə, məhkəmənin qərarı tam əsassızdır, qanuna ziddir: “Biz apellyasiya şikayəti verəcəyik. Amma apellyasiya məhkəməsi qərar verənə qədər yoxlama da davam edir, təzyiqlər də qalır. Burada söhbət təkcə “Turan” informasiya agentliyindən yox, ümumiyyətlə, əsassız yoxlamalara məruz qalan təsərrüfat subyektlərindən gedir”.

“Siyasi hakimiyyətin sifarişidir”

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev isə rəhbərlik etdiyi qurumun ətrafında baş verənləri, o cümlədən məhkəmənin bu cür qərar verməsini siyasi sifarişin nəticəsi sayır.

“Mən özüm də gördüm ki, hakim əziyyət çəkir. Belə başa düşdüm ki, məhkəməyə təzyiq var. Bizə heç bir dəqiqləşdirmə aparılmadan 27 min manat vergidən yayınma müəyyənləşdirilib, bu, tam cəfəngiyyatdır. Başlanmış cinayət işi üzrə istintaq davam edir. Bizə vaxtaşırı zəng edib təzyiq göstərirlər. Əslində, biz təsərrüfat-maliyyə fəaliyyətini dayandırmışıq. İşçilər öz hesabına məzuniyyətə çıxıb. Faktiki fəaliyyətimiz iflic olub. Bütövlükdə bu prosesin özü, o cümlədən cinayət işinin başlanması, məhkəmənin qərarı sifarişin nəticəsidir. Sifariş də siyasi hakimiyyətdən gəlir”, – Mehman Əliyev belə deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG