Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:08

‘Turan’ agentliyi: ''Qara sentyabr' geridə qaldı...'


‘Turan’ İA. 16avq2017
‘Turan’ İA. 16avq2017

“Turan” İnformasiya Agentliyi (İA) oktyabrın 1-dən fəaliyyətini bərpa edəcək.

Bu haqda agentliyin ictimaiyyətə müraciətində bildirilir.

Müraciətdə agentliyin sentyabrın 1-dən etibarən öz işini əhəmiyyətli dərəcədə dayandırmaq məcburiyyətində qaldığı vurğulanır.

Buna da bax:​ Fuad Muradov: 'Biz son 25 ildə elə islahatlarla məşğuluq'

“Bu, Vergilər Nazirliyinin vergilərdən yayınma ittihamı ilə cinayət işi açmasının və agentliyin direktoru Mehman Əliyevin həbsinin nəticəsi idi. 2017-ci ilin avqust-sentyabr aylarında “Turan” 27 illik tarixində ən çətin dövrünü yaşadı, amma onun da öhdəsindən gəldi. Bununla bağlı ətraflı məlumat hələ yazılacaq, amma bu gün əminliklə deyə bilərik ki, söz azadlığını boğmağa müvəffəq olmadılar”, – müraciətdə bildirilir.

Agentlik bildirir ki, ictimaiyyətin dəstəyi olmasaydı, bu, mümkün olmazdı:

“Beynəlxalq təşkilatların, ilk növbədə əlaqələndirici missiyasını öz üzərinə götürən "Sərhədsiz Reportyorlar"ın geniş və fəal dəstəyi olmasaydı, “Turan” "sağ qala" bilməzdi. Beynəlxalq koalisiyaya daxil olan onlarla hüquq müdafiə və jurnalist təşkilatları da bizim müdafiəmiz üçün səsini yüksəltdi. Azərbaycanın mühacirətdə olan fəalları da öz imkanları daxilində bizə əllərindən gələn dəstəyi göstərdilər, müxtəlif instansiyalarda söz azadlığı məsələlərini qaldırdılar”.

Buna da bax:​ ‘Turan’ İA-ya 37 min manatlıq vergi sanksiyası ləğv edilib

Agentlik ayaqda qalmasında ABŞ Dövlət Departamentinin, Norveç, Fransa, Böyük Britaniya xarici işlər nazirliklərinin, Avropa Birliyinin və Almaniya hökumətinin dəstəyini də qeyd edir. Habelə, Amerika konqresmenləri və senatorlarına minnətdarlıq ifadə edilir.

“"Qara sentyabr" geridə qaldı və ümid edirik ki, agentliyin işində qalan digər problemlərə də onunla birlikdə son qoyulacaq. İnanırıq ki, uydurma cinayət işi bağlanacaq”, – “Turan” İA-nın müraciətində bildirilir.

XATIRLATMA

«Turan» İA-nın direktoru Mehman Əliyev avqustun 24-də saxlanıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs-qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək, onları «siyasi motivli» adlandırıb.

Buna da bax:​ Mehman Əliyev: 'İslahatlara nail olmaq lazımdır'

Üstəlik, agentliyin bank hesabına da həbs qoyulmuşdu.

“Turan» İnformasiya Agentliyinin kollektivi avqustun sonunda bəyan etmişdi ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər. Sentyabrın 1-dən yalnız bəzi əməkdaşlar könüllülük prinsipi ilə fəaliyyət göstərmişdilər.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və hökuməti onun dərhal azadlığa buraxılmasına səsləyiblər. ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib. Üstəlik, ABŞ Senatının komitəsinə M.Əliyevin həbsində məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq edilməsi ilə bağlı düzəliş təqdim olunub.

Buna da bax:​ J.McCain: “Mehman Əliyev və digərlərinin üzəridnən ittihamları götürün”

Sentyabrın 11-də M.Əliyev haqqında həbs-qətimkan tədbiri ləğv edilib, o, sərbəst buraxılıb.

Bunun ardınca da Vergilər Nazirliyi agentliyin bank hesabından həbsin götürüldüyünü açıqlamışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG