Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 08:45

Trump və Putin daha bir telefon söhbəti ediblər


Donald Trump (solda) və Vladimir Putun
Donald Trump (solda) və Vladimir Putun

ABŞ prezidenti Donald Trump deyib ki, rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində silahlara nəzarət müqaviləsini və koronavirus pandemiyası ilə bağlı vəziyyəti müzakirə edib.

Bu, Trump-ın Moskvanın Talibana Əfqanıstandakı ABŞ əsgərlərinin öldürülməsi üçün mükafatlar təyin etdiyinə dair səs-küylü iddialardan bəri Vladimir Putinlə ilk telefon söhbəti olub.

Nə Ağ Evin, nə də Kremlin bu söhbətə dair iyulun 23-də yaydıqları məlumatlarda “Əfqanıstan və mükafatlar” mövzusuna toxunulmur.

Bu iddiaların səhihliyini hələki müəyyən etmək mümkün olmayıb.

Köhnə Yeni START müqaviləsi

Məlumatlarda deyilir ki, Trump və Putin, müddəti başa çatmaqda olan Yeni START nüvə müqaviləsini və koronavirus pandemiyası ilə mübarizəni müzakirə ediblər.

Müddəti fevral ayında bitən bu müqavilə ABŞ və Rusiyaya, hər birinin 1550-dən çox olmayaraq nüvə başlığı saxlamasına icazə verir.

Trump Çinin də bu müqaviləyə qoşulmasını istəyir, amma Pekin bundan qəti şəkildə imtina edir.

Məhz bu səbəbdən də bir çox ekspertlər Vaşinqton və Moskva arasında silahlara nəzarətə dair yeganə və sonuncu müqavilənin pozula biləcəyindən narahatlıq keçirirlər.

ABŞ və Rusiya nümayəndələri bu müqavilənin müddətinin uzadılması ilə bağlı ötən ay Vyanada danışıqlar keçiriblər.

Yaxın gələcəkdə bu danışıqların davam etdirilməsi nəzərdə tutulub.

Trump “üçtərəfli və bahalı silahlanma yarışından” yan keçilməsi naminə Pekinin danışıqlara qoşulacağına ümid ifadə edib.

5 ayda azı 7 telefon söhbəti

Kremlin verdiyi məlumatda İranın nüvə proqramından da söhbət getmir.

Trump administrasiyası ABŞ-ı 2018-ci ildə İranla 6 dünya gücünün imzaladığı 2015-ci il nüvə sazişindən çıxarıb.

Bundan sonra Tehran da saziş üzrə öhdəliklərindən geri çəkilib və bildirib ki, öhdəliklərinin olmaması onun nüvə silahı üçün yararlı uran zənginləşdirməsinə yol açır.

Tehran habelə özünün ballistik raket proqramını da dayandırmayıb.

Trump və Putin martın 30-dan bəri azı 7 dəfə telefonla danışıblar. Bu müddət ərzində koronavirus pandemiyası dünyanı bürüyüb, neft qiymətləri düşüb və Rusiyanın enerji ixracatı azalıb.

Ağ Evin məlumatında deyilir ki, Trump-la Putin koronavirus pandemiyasına üstün gəlinməsi və eyni vaxtda iqtisadiyyatın açılması barədə danışıblar.

Rusiyanın üzərinə sanksiyalar qoyulması davam edir

İyulun 23-də yer almış bu telefon danışığının ərəfəsində Birləşmiş Ştatlar, Britaniya və Kanada Rusiya hərbi kəşfiyyatını COVID-19 vaksininə dair araşdırma materiallarının oğurlanması cəhdində ittiham etmişdilər.

Bununla eyni vaxtda Vaşinqton Rusiya qazını Almaniyaya nəql etməli olan ŞimalAxını2 qaz kəmərinə yeni sanksiyalar qoyub.

İyunun axırında The New York Times qəzeti yazmışdı ki, guya Rusiyanın hərbi kəşfiyyatı Əfqanıstandakı ABŞ əsgərlərinin öldürülməsi üçün Talibana bağlı yaraqlılara pul mükafatları vəd edib.

Qəzet bildirirdi kİ, bu barədə prezident Donald Trump-a məlumat verilməsinə baxmayaraq, o iddialarla əlaqədar heç bir tədbir görməyib.

Ağ Ev isə iddia edir ki, sözü gedən informasiya nə prezidentə, nə də vitse-prezidentə məruzə edilməyib.

Telefon söhbətinin kimin təşəbbüsü olduğu bildirilmir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG