Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Trump-la Putinin telefon söhbəti Kreml və Ağ Evin məlumatlarında


Vladimir Putin (solda) və Donald Trump
Vladimir Putin (solda) və Donald Trump

ABŞ prezidenti Donald Trump mayın 3-də telefonla rusiyalı həmkarı Vladimir Putinlə söhbət edib.

Bu, ötən il Argentinada keçirilən G20 sammitindən bəri onların ilk birbaşa əlaqəsi idi.

Ağ Ev bildirir ki, bir saatdan artıq davam edən söhbət zamanı yeni nüvə sazişi, Şimali Koreyanın nüvəsizləşdirilməsi məsələsi və Venesueladakı vəziyyət müzakirə olunub.

Rusiya dövlət mediasının xəbərlərində deyilir ki, telefon söhbətinin təşəbbüsçüsü Vaşinqton olub.

Trump bu telefon danışığı barədə jurnalistlərə Oval ofisdə Slovakiyanın baş naziri Peter Pellegrini ilə görüşündən sonra məlumat verib:

"Biz nüvə sazişi barədə danışırıq, bu məsələdə biz az iş görürük, onlar da az iş görürlər və bəlkə də biz elə bu saat özümüzün nəhəng silah qüvvəmizin bir hissəsindən xilas olmalıyıq...”

Trump bunu da deyib ki, Çin ticarət danışıqları zamanı nüvə silahlarının məhdudlaşdırılması məsələsində Birləşmiş Ştatlara və Rusiyaya qoşulmaq üçün “çox güclü meyl göstərir”.

Ağ Evin sözçüsü Sarah Sanders bundan əvvəl jurnalistlərə demişdi ki, Trump və Putin Birləşmiş Ştatlar, Rusiya və Çinin iştirakilə yeni potensial çoxtərəfli nüvə müqaviləsinin imzalanmasını və ya hazırkı ABŞ-Rusiya strateji nüvə silahları razılaşmasının uzadılmasını müzakirə ediblər.

Həm Rusiya, həm də Birləşmiş Ştatlar Ortamənzilli Nüvə Qüvvələri (INF) müqaviləsindən bu ilin əvvəllərində çıxıblar. Lakin ABŞ və Rusiya prezidentləri Barack Obama və Dmitry Medvedev arasında 2010-cu ilin aprelində imzalanmış yeni START (Strateji Silahların İxtisarı Müqaviləsi) razılaşmasının vaxtı 2021-ci ildə bitəcək. Çin bu müqavilələrdən heç birinin tərəfi deyil.

Trump deyib ki, Putin Venesuelaya müdaxilə istəmir

Trump habelə jurnalistlərə deyib ki, Venesuela müzakirə mövzularından biri olub.

Rusiya Venesuelada hakimiyyətini qoruyub saxlamağa çalışan Nicolas Maduroya dəstək verir, amma ABŞ, müxalifətin nəzarətində olan Milli Məclisin rəhbəri Juan Guaido-nu dəstəkləyib və onu Venesuelanın keçid prezidenti kimi tanıyıb.

Lakin Trump Putinlə telefon söhbətinin ardınca deyib: “O qətiyyən Venesuelaya müdaxilə istəmir, əksinə Venesuelada nəsə pozitiv bir şeyin baş verməsini görmək istərdi və mən də elə eyni fikirdəyəm”.

Lakin daha əvvəl Ağ Evin sözçüsü Sanders demişdi ki, Venesuelaya dair ABŞ administrasiyasının mövqeyi dəyişməz olaraq qalır və “bütün variantlar masa üstündədir”.

Sandersin sözlərinə görə Trump Putinə demişdi ki, “Birləşmiş Ştatlar Venesuela xalqının yanındadır” və vurğulamışdı ki, o venesuelalılara yardım çatdırmaq istəyir.

Amma bu barədə Kremlin məlumatına görə Putin Trump-a deyib ki, “Venesuelanın daxili işlərinə hər hansı kənar müdaxilə böhrana siyasi son qoyulmasının bütün perspektivlərini sarsıdır”.

Bir saat yox, saat yarım

Sözçü Sanders demişdi ki, iki liderin telefon danışığı bir saatdan çox çəkib, lakin Kremlin sözçüsü Dmitry Peskov bildirib ki, Birləşmiş Ştatların təşəbbüsü ilə aparılan telefon söhbəti az qala saat yarım davam edib.

Bundan başqa Ağ Evin məlumatında Ukraynanın adı çəkilmirdi, halbuki Kremlin məlumatına görə bu məsələ müzakirə olunub və Putin Trump-a deyib ki, Ukraynanın yeni rəhbərliyi böhranın həllinə doğru addımlar atmalıdır.

Trump ötən ilin sonunda Putinlə sammitini ləğv etmişdi. O vaxt Ağ Ev bildirmişdi ki, prezident bunu Kerç boğazında Ukraynaya aid gəmi və heyətlərin Rusiya tərəfindən həbs olunmasına görə edib.

Trump Putinlə danışığından dərhal sonra yazdığı tvitlərdə qeyd edir ki, iki rəhbər “çox məhsuldar söhbət” ediblər.

Şimali Koreya lideri Kim Jong Unla indiyədək iki dəfə görüşmüş Trump Putinlə bu məsələni müzakirə edib.

Sözçü Sanders deyib ki, Trump “Rusiyanın hərəkətə gəlib Şimali Koreyanın nüvəsizləşməsi üçün Pxenyana təzyiq göstərməsinin vacibliyini” dəfıələrlə təkrar edib.

Amma ötən ay Kimlə Vladivostokda keçirdiyi danışıqlarda Putin Şimali Koreyanın, Pxenyanın üzərindəki sanksiyaların qaldırılması müqabilində tədricən nüvəsizləşməsinə tərəfdar olduğunu demişdi.

Sanders bunu da deyib ki iki lider həm də xüsusi prokuror Robert Mueller-in Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə həsr olunmuş təhqiqatının hesabatı barədə danışıblar.

Sandersin sözlərinə görə bu barədə söhbətin nəticəsi “məsələ bitib və heç bir sövdələşmə olmayıb” olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG