ABŞ Konqresinin respublikaçı və demokrat üzvləri Türkiyəyə qarşı sanksiyalar tətbiq etmək üçün prezident Donald Trumpa təzyiq etməyə başlayıblar.
Reuters agentliyinin iyulun 19-da verdiyi məlumata görə, Respublikaçı senatorlar Rick Scott və Todd Young iyulun 18-də Ankaraya qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə təqdim ediblər.
Qeyd edək ki, bu Türkiyənin Rusiyadan S-400 raket kompleksləri alması ilə bağlıdır.
ABŞ buna görə artıq Türkiyəyə F-35 təyyarələrinin satışını dayandırıb.
Həmçinin demokrat senator-Senattadkı xarici əlaqələr komitəsinin aparıcı üzvü Bob Menendez bildirib ki, Türkiyənin F-35 təyyarələrindən məhrum edilməsi azdır və qanunla bu cür hallarda dəqiq sanksiyalar nəzərdə tutulur.
Amma prezident Trump administrasiyası hələlik Türkiyəyə qarşı sanksiya tədbiq etməyib.
Əgər konqresmenlərin təqdim etdikləri qətnamə qəbul edilsə, onda qanuna əsasən Türkiyəyə qarşı sanksiya məsələsi qaldırıla bilər.
Qanuna əsasən ABŞ prezidenti 12 sanksiyadan 5 seçməlidir.
Söhbət viza qadağası, ABŞ-ın ixrac və idxal Bankına çıxışa, ABŞ maliyyə sistemi ilə transaksiyalara və idxala lisenziya verilməsinə qadağa qoyulması kimi tədbirlərdən gedir.
Bu qətnamənin hüquqi qüvvəsi olmasa da Senat bununla prezident Donald Trumpa təzyiqləri artıra bilər.