Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:37

Putin-in dostu ABŞ-ın dövlət katibi ola bilər


ExxonMobil şirkətinin rəhbəri Rex Tillerson
ExxonMobil şirkətinin rəhbəri Rex Tillerson

-

The Guardian” qəzeti yazır ki, ABŞ-da prezident seçilmiş Donald Trump-ın dövlət katibi vəzifəsinə namizədi barədə məlumatlar ciddi narahatlıq və ziddiyyətlər yaradıb.

Məqalədə deyilir ki, bu gözlənti özünü doğrultsa, onda ABŞ-ın ən yüksək diplomatik vəzifəsini Exxon Mobil neft şirlkətinin icraçı direktoru və Rusiya prezidenti Vladimir Putinlə bağları olan Rex Tillerson tutacaq.

“The Guardian” öz mənbələrinə istinadən yazır ki, Donald Trump Tillerson-la bir həftədə iki görüş keçirib.

Real namizəd

Keçid administrasiyasındakı mənbədən NBC News, New York Times və CNN-ə verilmiş məlumatlara görə də, Tillerson ən yüksək vəzifəyə real namizəddir.

ABŞ və Qərb mediası diqqəti belə bir məqama çəkir ki, Tillerson məsələsinin sızdırılmasından bir gün öncə ABŞ kəşfiyyat orqanları Kremlin Trump-ı uddurmaqdan ötrü 2016-cı il ABŞ seçkilərinə müdaxiləyə cəhdi barədə iddiaları təsdiqləmişdi.

Respublikaçılar kəşfiyyatın məlumatlarını sual etsələr də, ötən cümə prezident Barack Obama bütün kəşfiyyat orqanlarına Rusiyanın seçkiyə müdaxiləsinə dair bütün faktları təhlil etməyi tapşırmışdı. Obama bu işin yanvarın 20-ə, Trump-ın Ağ Evə gəlişinədək görülməsini istəyib.

Putin 2013-cü ildə Tillersona Dostluq ordeni verib
Putin 2013-cü ildə Tillersona Dostluq ordeni verib

Donald Trump seçki kampaniyası ərzində Putini dəfələrlə tərifləmiş və Rusiya ilə münasibətləri yoluna qoymaq niyyətində olduğunu bildirmişdi.

“The Guardian” yazır ki, 64 yaşlı Tillerson-un dövlət katibliyinə namizədliyi barədə məlumat – Massaçussets qubernatoru Mitt Romney-nin, keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi rəhbəri David Petraeus-un və keçmiş Nyu York meri Rudy Giuliani-nin namizədlikləri barədə söz-söhbətə son qoyur.

Bəs görəsən, 41 ildir ki, neft nəhəngi Exxon Mobil-də çalışmış və son on ildə ona rəhbərlik etmiş Tillerson kimdir?

Dostluq ordeni

ABŞ mediası Tillerson-u Rusiyanın neft nəhəngi Rosneft-lə bir neçə layihələr barədə sazişlər imzalamış şəxs kimi təqdim edir.

ABŞ və Avropanın Rusiyaya sanksiyaları bu layihələrin icrasını mümkünsüz edəndə Tillerson Moskvaya iqtisadi cəza metodları barədə açıq tənqid səsləndirib.

Arktikanın neft yataqlarının inkişafına dair 2011-ci ildə imzalanmış saziş, o vaxtlar Putinin dediyinə görə, 500 milyard dollar gəlir gətirməli idi.

2013-cü ildə Kreml Tillerson-u Dostluq ordeni ilə təltif edib. Bundan bir il sonra, Rusiyanın Krımı ilhaqı ilə bağlı Moskva üzərinə sanksiyalar qoyulanda Tillerson bunu ziyanlı addım adlandırıb.

Dekabrın 10-da ABŞ-ın Rusiyadakı keçmiş səfiri Michael McFaul deyib ki, Tillerson 1990-cu illərdən Putinin yaxın dostu, baş nazirin keçmiş müavini və Rosneft-in icraçı direktoru İqor Seçinlə “çox yaxın” münasibətlərdə olub. Halbuki 2014-cü ildə elan edilmiş ABŞ sanksiyaları konkret olaraq cənab Seçini də hədəfləyirdi.

Respublikaçı senator John McCain artıq Tillerson-un dövlət katibliyinə namizədliyi barədə söhbətlərdən narahatlığı bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG