Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:22

Ağ evdə xəbərçi var


D.Trump V.Putin-lə danışır.
D.Trump V.Putin-lə danışır.

Ağ ev narahatdır, prezidentin xarici ölkələrin liderləriylə telefon danışıqlarını kimin sızdırdığını araşdırır. Bu haqda «The Washington Post» qəzeti yazır.

Əndişələrə səbəb, özəlliklə, «Reuters» agentliyinin prezident Donald Trump-la Rusiya prezidenti Vladimir Putin-in telefon söhbəti barədə məqaləsi olub. Agentlik söhbətdən xəbəri olan və adının açıqlanmasını istəməyən rəsmilərə istinad edərək, prezidentlərin həm də nüvə razılaşmasından danışdığını, D.Trump-ın razılaşmanı pislədiyini yazıb. D.Trump-la V.Putin yanvarın 28-də danışıblar və onların nüvə silahı məsələsinə də toxunduqlarını indiyə qədər heç kim deməyib.

«Biz məsələni araşdırırıq və bu bizi çox narahat edir», – Ağ evin sözçüsü Sean Spicer belə deyib. O, ölkənin mənafeyi naminə ciddi işlə məşğul olduqlarını, amma danışıqların gizli qalmamasının çox pis hal olduğunu bildirib.

OBAMA-NIN İŞÇİLƏRİNİ GÜNAHLANDIRIR

D.Trump-ın Avstraliyanın baş naziri Malcolm Turnbull-la telefon söhbəti haqda isə «The Washington Post» qəzeti məlumat yayıbmış. D.Trump-ın nazirə «sizə zəngim indiyə qədərki ən pis telefon danışığım oldu», – dediyini yazıbmış. Mətbuat D.Trump-ın Meksika prezidentiylə də telefon söhbətinin gərgin keçdiyini iddia edir. Üstəlik, qəzetlər bütün bu telefon danışıqları zamanı D.Trump-ın öz siyasi nailiyyətlərindən, populyarlığından bəhs etdiyini yazır.

D.Trump telefonla V.Putin-lə danışır.
D.Trump telefonla V.Putin-lə danışır.

Ağ evdə olanları kim xəbər verir?

D.Trump «Fox News» telekanalına müsahibəsində bunun «biabırçılıq» olduğunu söyləyib, utancverici detalları mətbuata çatdırdığına görə sələfi Barack Obama-nın adamlarını, Ağ evdə Obama dövründən fəaliyyət göstərən işçiləri günahlandırıb.

«Reuters»in yazdığına görə, V.Putin D.Trump-la danışanda, nüvə silahları haqda «New START» anlaşmasından da söz açıb. Bu zaman D.Trump dayanıb və ətrafındakılardan bu anlaşmada nədən söhbət getdiyini soruşub, sonra isə həmin sənədi pisləməyə başlayıb.

MÜŞAVİRLƏRİNİN FİKRİNİ SORUŞURMUŞ

Ağ evin sözçüsü S.Spicer nüvə məsələsinin müzakirəsindən indiyə qədər danışmamaqlarının səbəbini izah etməyib. Amma D.Trump-ın müqavilədən xəbərsiz olmasıyla bağlı yazılanları yalanlayıb. Onun sözlərinə görə, prezident məlumatsız olduğundan deyil, müşavirlərinin fikrini soruşmaqdan ötrü söhbətə ara verməli olub.

«The Washington Post» qəzeti D.Trump-ın seçki kampaniyası zamanı «New START» anlaşmasından danışdığını, rəqibi Hillary Clinton-la debatlar zamanı bu anlaşmanı tənqid etdiyini xatırladır. 2010-cu ildə imzalanmış sənəd Rusiya və ABŞ-da nüvə silahlarının inkişafını məhdudlaşdırır. D.Trump kimi V.Putin də indi bu razılaşmanın əleyhinədir, hər ikisi ölkəsinin nüvə qabiliyyətinin artırılmasının vacibliyini vurğulayırlar. Ancaq onların telefon söhbəti zamanı bu haqda danışdıqlarını nədən gizlətdikləri bəlli deyil.

S.Spicer Ağ evdən bilgi sızmasının D.Trump-ı çox əndişələndirdiyini, baş verənlərin protokol qaydalarına zidd və qanunsuz olduğunu söyləyib.

XS
SM
MD
LG