Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:01

ABŞ qoşunları çıxardıqdan sonra Suriyada 200 ‘sülhməramlı’ saxlayacaq


Suriyadakı ABŞ qüvvələri
Suriyadakı ABŞ qüvvələri

Birləşmiş Ştatlar bildirir ki, ABŞ qoşunlarının Suriyadan çıxarılmasından sonra burada ən azı müvəqqəti olaraq 200 “sülhməramlı” saxlanacaq.

Fevralın 21-də Ağ Evin sözçüsü Sarah Sanders deyib ki, “200-dək kiçik sülhməramlılar qrupu Suriyada müəyyən müddətdə qalacaq”.

Prezident Donald Trump ötən ilin dekabrında 2000 ABŞ əsgərinin Suriyadan çıxarılacağını bəyan etməklə ABŞ millət vəkillərini və Vaşinqtonun müttəfiqlərini təəccübləndirmişdi.

Trump bildirmişdi ki, əsgərlərin Suriyada bundan sonra da saxlanmasına ehtiyac yoxdur, beləki, onun sözlərinə görə İslam Dövləti ekstremist təşkilatı üzərində tam qələbə qazanılıb.

Trump-ın bu qəfil qərarı respublikaçılar, demokratlar və bəzi xarici rəsmilər tərəfindən tənqid edilir. Onlar bildirirlər ki, ABŞ qoşunlarının çıxarılması İD-lə mübarizədə müttəfiq olmuş kürd qüvvələrini Türkiyə silahlı qüvvələri ilə üzbəüz qoyacaq.

Tənqidçiləri bildirirdilər ki, Trump bu qərarı ilə qələbəni Rusiya və İrana “hədiyyə” edib.

Moskva və Tehran Suriyada 2011-ci ildən davam edən münaqişədə prezident Bashar al-Assad rejimini dəstəkləyirlər.

Rusiyanın 2015-ci ildə Suriyaya hərbi müdaxiləsi qüvvələr balansını Assadın xeyrinə dəyişib.

Bu da xəbər verilir ki, Ağ Evin “sülhməramlılara” dair bəyanatından əvvəl Trump-la Türkiyə prezidenti Recep Tayyip Erdoğan arasında telefon söhbəti olub.

Bəyanatda deyilir ki, iki prezident Suriyada “təhlükəsiz zonanın” yaradılması üçün koordinasiyanın davam etdiriləcəyinə dair razılığa gəliblər.

Birləşmiş Ştatlar və Türkiyə NATO üzvüdürlər, lakin son illərdə iki ölkə arasında bir sıra məsələlərə görə fikir ixtilafları baş verib. Bunlardan biri də Vaşinqtonun Suriyadakı kürd qüvvələrinə verdiyi dəstəkdir. Türkiyə Suriyadakı kürd YPG müdafiə birliklərini separatçı PKK-nın qolu hesab edir.

ABŞ-ın dəstəklədiyi kürd qüvvələri İŞİD-in Suriyanın ayrı-ayrı yerlərinə sığınmış qalıqlarına qarşı döyüşür.

Bəzi hərbi ekspertlər narahatdırlar ki, ABŞ qoşunları çıxarıldıqdan sonra Suriyada yaranmış boşluqda İslam Dövlətinin ekstremistləri təkrar qruplaşa bilərlər.

ABŞ qoşunlarının Suriyadan çıxarılması üçün dəqiq vaxt göstərilmir.

Trump fevralın 6-da demişdi ki, o Suriyadakı İD “xilafətinin” tam məğlubiyyətini bəyan etməyə hazırlaşır. Lakin sonradan heç bir bəyanat səslənmədi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG