ABŞ prezidenti Donald Trump deyib ki, o müdafiə naziri postuna hazırda müdafiə naziri əvəzi kimi fəaliyyət göstərən Patrick Shanahan-ı nominasiya edəcək.
Keçmiş müdafiə naziri Jim Mattis Trump-ın siyasətlərinə etiraz olaraq bu postu tərk edəndən bir neçə ay sonra bu vəzifə hələ də boş qalır.
Boeing şirkətinin keçmiş başçısı 56 yaşlı Shanahan müdafiə nazirinin əvəzi vəzifəsinə bu ilin yanvarında təyin edilmişdi.
Ağ Evin mayın 9-da yaydığı bəyanatda Trump bildirir ki, o Shanahan-ın ölkəyə xidmətlərini və rəhbərlik qabiliyyətini nəzərə alaraq onu Pentaqona rəhbər təyin etməyi qərara alıb.
Ağ Evin sözçüsü Sarah Sanders deyib ki, Shanahan son bir neçə ay ərzində Müdafiə Nazirliyinə rəhbərlik üçün layiqli namizəd olduğunu işi ilə isbat edib.
Müxbirlərlə Pentaqon binasının qarşısında danışan Shanahan deyib ki, o bu yüksək vəzifəyə nominasiya edilməsi barədə xəbərdən çox həyəcanlıdır.
Shanahan-ın namizədliyi ABŞ Senatında təsdiq edilməlidir.
Keçmiş nazir Mattis ötən ilin sonlarında prezident Trump ABŞ qoşunlarının Suriyadan çıxarılmasını qəfil bəyan edəndə istefa vermişdi.
Mattis prezidentin bir sıra başqa siyasətlərindən də narazı idi.
Lakin Ağ Ev sonradan Suriyadakı 2 min əsgərlik qüvvəni dərhal çıxarmaq planlarından geri çəkilib.
ABŞ bildirir ki, bu qüvvənin bir qismi Suriyada qalmaqda davam edəcək.