Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:13

Trump sərhəd divarına görə fövqəladə vəziyyət elan edir


ABŞ prezidenti Donald Trump fevralın 15-də “Meksika ilə sərhəddəki situasiya ilə bağlı” fövqəladə vəziyyət elan edib.

Bu, ona ölkənin cənub sərhədi boyunca yüzlərlə kilometr uzanan fiziki hasarın tikintisinə lazım olan pul vəsaitinə çıxış verməlidir.

Bu qərar demokratlar tərəfindən tənqid olunur. Onlar bildirirlər ki, ölkənin cənub sərhədlərində heç bir fövqəladə hal yoxdur və Trump amiranə hərəkət etməyə cəhd göstərir.

Ağ Evin qarşısında verdiyi bəyanatda Trump etiraf edib ki, bu qərarı ilə bağlı bəzi ilkin məhkəmə çəkişmələrini uduza bilər, lakin o, öz qərarını düzgün sayır:

"Söhbət ölkəmizə narkotik maddələrin, insan qaçaqmalçılarının və ən müxtəlif tipli kriminalların və quldur dəstələrinin müdaxiləsindən gedir”.

Ziddiyyətli bəyanat

Trump fövqəladə vəziyyət elan edəcəyini Konqresin xərclər barədə qanununu imzalamağa razılaşdıqdan sonra bəyan etmişdi. Konqresin təqdim etdiyi büdcədə prezidentin sərhəd divarının tikintisi üçün istədiyi pulun verilməsi nəzərdə tutulmamışdı.

Trump deyib ki, əgər o normal qanunvericilik kanalları ilə hərəkət etsəydi, divarın tikintisi ləngiyə bilərdi:

"Mən bu divarı uzun müddətdə tikəcəyəm. Bunu etməyimə ehtiyac yoxdur, amma mən bunu xeyli tez etməliyəm”.

Onun bu bəyanatı dərhal suallar doğurub və müzakirələrə səbəb olub: Əgər buna ehtiyac yoxdursa, fövqəladə vəziyyət niyə lazım idi?

Pul hardan gələcək?

Trump-ın sərhəd divarı tikintisinə xərcləmək niyyətində olduğu 8 milyard dolların 1, 3 milyardı Konqres tərəfindən ayrılıb, lakin bu, prezidentin 377 kilometrlik divar üçün istədiyi 5, 7 milyard dollardan çox azdır.

Pulun qalanı icra hakimiyyəti sərəncamı ilə Pentaqonun tikinti büdcəsindən və narkotik maddələrin müsadirəsindən gəlməlidir.

Opponentləri Trump-ın Meksika ilə sərhəddəki situasiyanı fövqəladə vəziyyət elan etməsini rədd edirlər. Onlar deyirlər ki, ölkəyə qanunsuz mühacirət onsuz da azalmaqdadaır və narkotik maddələr normal sərhəd keçidlərindən gətirilir.

Fövqəladə vəziyyətin elan edilməsi prezidentə sərhəd boyunca torpaqlarda qoşunların yerləşdirilməsinə imkan verir.

Ağır ittihamlar

Demokratlar Trump-ı “hakimiyyətindən kobud şəkildə sui-istifadədə”, “hakimiyyətin qəsb olunmasında” və “qanunun aliliyinə qarşı açıq şəkildə çıxmaqda” ittiham ediblər.

Trump isə qərarına haqq qazandıraraq bildirir ki, “divarlar yüz faiz işləyir” və o tənqidçilərinin dediyi kimi “tam diqqətini sərhəd divarına yalnız bu barədə seçki kampaniyası zamanı vəd verdiyinə görə yönəltməyib”.

Prezident daim qanunsuz mühacirətə qarşı çıxışlar edir və administrasiyanın ötən il sərhəddə miqrant ailələrinin üzvlərini bir-birindən ayırmağa başlaması böhran yaradıb və etirazlara səbəb olub.

Bir çox uşaqlar hələ də valideynlərinə qaytarılmayıb.

Demokratlar hücuma hazırlaşır

Trump-ın fövqəladə vəziyyət qərarından onun respublikaçılar partiyasından olan millət vəkilləri də narahatdırlar. Onlar bildirirlər ki, bu hərəkət Konqresin rolunu gözdən salacaq presedent yarada bilər.

Demokratlar Nümayəndələr Palatasında Trump-a qarşı qanun layihəsi hazırladıqlarını bildiriblər və əgər bu qanun layihəsi Senatdan da keçsə, prezident vetoya əl atmalı ola bilər.

Demokratların liderləri – spiker Nancy Pelosi və senator Chuck Schumer deyiblər ki, “Konqres prezidentin konstitusiyanı ayaqlamasına yol verə bilməz”.

Fövqəladə vəziyyətdə villa?

Bundan əvvəl Trump-ın sərhəd divarı üçün Konqresdən maliyyə almaq cəhdləri baş tutmamışdı. Bunun ucbatından ABŞ hökuməti 35 gün müddətində bağlansa da, millət vəkilləri geri çəkilməmişdilər.

Trump-ın özünün təmsil etdiyi respublikaçılar da daha bir hökumət qapanmasının baş verməsini istəmirdilər.

Prezident bu həftəsonunu da Floridadakı villasında keçirməyi planlaşdırır və bu, onun elan etdiyi fövqəladə vəziyyətin ciddiliyi barədə suallar doğurur.

***

ABŞ prezidenti Donald Trump bəyan edib ki, o, Meksika ilə sərhəddə divarın tikilməsi məqsədilə ölkə boyuca fövqəladə vəziyyət elan edəcək.

Trump fevralın 15-də etdiyi çıxışda fövqəladə vəziyyətin nə vaxt elan ediləcəyini bildirməyib. Prezidentin fövqəladə vəziyyət elan etməsi ona sərhəd divarının tikintisi üçün lazım olan vəsaiti Konqresdən yan keçərək almaq imkanı verəcək.

Konqres Trump-a sərhəd boyunca hasarın çəkilməsi üçün 1, 4 milyard dollar ayırıb, lakin bu, prezidentin israrla tələb etdiyi 5, 7 milyard dollardan çox azdır.

Trump icra hakimiyyətinin səlahiyyətlərindən istifadə edərək sərhəd divarının tikintisi üçün başqa resurslardan vəsait götürməyə çalışır. Onun fikri Konqresdən yan keçməklə toplam 8 milyard dollar vəsait əldə etməkdir.

Ağ Ev bildirib ki, Trump bu pulu Maliyyə və Müdafiə nazirliklərinin büdcəsindən almaq istəyir, lakin bu büdcələrdə təbii fəlakətlər üçün pul nəzərdə tutulmayıb.

Trump bu ayın əvvəlində “Ölkənin vəziyyətinə dair” çıxışında demişdi ki, Meksika ilə sərhəddə divarın tikilməsi onun administrasiyasının əsas prioritetlərindəndir, lakin Konqres demokratları bu məqsəd üçün vəsait ayrılmasını bloklayırlar.

Trump-ın çıxışı 35 günlük qapanmadan sonra ABŞ hökumətinin müvəqqəti açıldığı vaxta təsadüf etmişdi.

Hökumətin bağlanmasına Konqresdəki demokrat çoxluğun sərhəd divarı üçün Trump-ın istədiyi vəsaiti ayırmaması səbəb olmuşdu.

Hazırda demokratlar Konqresdə həlledici çoxluğa malikdirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG