ABŞ konqresmenləri Prezident Donald Trump-ın Səudiyyə Ərəbistanının “dönməz tərəfdaşı” olmaqla bağlı dediklərini tənqid ediblər.
Noyabrın 20-də senatın xarici əlaqələr komitəsinin istefaya gedən sədri, respublikaçı Bob Corker və komitənin aparıcı demokrat üzvü Bob Menendez prezidentin dediklərinə sərt reaksiya veriblər.
“Səudiyyə Ərəbistanına qarşı çıxmamaq zəiflik əlamətidir”, – respublikaçı senator Rand Paul “Associated Press”ə deyib.
Trump-a yaxın sayılan respublikaçı senator Lindsey Graham isə qeyd edib ki, Amerika beynəlxalq səhnədə “mənəvi səs”ini itirməməlidir.
“Cənab Jamal Khashoggi-nin qətli məsələsində başqa yol axtarmaq bizim milli təhlükəsizlik maraqlarımıza uyğun deyil”, – Graham vurğulayıb.
***
Trump deyir ki, Səudiyyə krallığının ‘dönməz partnyoru’ olaraq qalır
ABŞ prezidenti Donald Trump ötən ay səudiyyəli jurnalist Jamal Khashoggi-nin qətlinin beynəlxalq miqyasda pislənməsinə baxmayaraq Səudiyyə Ərəbistanın;n “dönməz partnyoru” olaraq qaldığını deyib.
Trump noyabrın 20-də verdiyi bəyanatda özünün Səudiyyə Ərəbistanı ilə bağlarını müdafiə edərək deyib ki, krallıq Birləşmiş Ştatlara “rekord məbləğdə investisiya” qoymağa razılaşıb.
Washington Post qəzetinin ABŞ-da yaşayan səudiyyəli köşə yazarı Khashoggi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilib.
Səudiyyə krallığının rəsmiləri jurnalistin öldürülməsini pisləyiblər və vəliəhd şahzadə Mohammed bin Salman-ın bu qətlin hazırlanmasından xəbəri olmadığını deyiblər. Onlar israr edirlər ki, Khashoggi bir dəstə “özbaşına xəfiyyə” tərəfindən öldürülüb.
Trump bu barədə deyib: “Bizim kəşfiyyat agentliklərimiz bütün informasiyaları qiymətləndirməklə məşğuldur və çox ola bilər ki, vəliəhd şahzadənin bu faciəvi hadisədən xəbəri olub. Bütün hallarda bizim münasibətlərimiz Səudiyyə Ərəbistanı krallığı ilədir”.
Bundan sonra dövlət katibi Mike Pompeo deyib ki, Birləşmiş Ştatlar ölkənin təhlükəsizlik maraqlarına uyğun siyasət yürütməyə borcludur.
Vaşinqton Khashoggi-nin qətlində şübhəli bilinən 17 saudiyyəliyə qarşı sanksiyalar elan edib, lakin konqresmenlər daha sərt tədbirlərin görülməsinə çağırırlar.