Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Trump Nyu York hücumunun şübhəlisinə ölüm cəzası istəyir


Sayfullo Saipovun məhkəmədə rəssam tərəfindən çəkilmiş şəkli
Sayfullo Saipovun məhkəmədə rəssam tərəfindən çəkilmiş şəkli

ABŞ prezidenti Donald Trump Nyu Yorkda avtomobillə səkkiz nəfəri öldürməkdə şübhəli bilinən özbək mühacirə ölüm cəzası verilməsinə edilən çağırışlara dəstəyini bir daha təkrar edib.

Lakin Trump noyabrın 2-də bundan əvvəl 29 yaşlı Sayfullo Saipovun Quantanamo düşərgəsindəki hərbi həbsxanaya göndərilməsinə dair çağırışından geri çəkilib.

Prezident yazdığı tvitdə qeyd edir ki, “Nyu York terrorçusunun” Quantanamoya göndərilməsindən məmnun olardı, lakin “bu iş federal sistemdən daha tez keçə bilər”.

Trump bundan əvvəl artıq noyabrın 1-də Saipovun ölüm cəzasına layiq olduğunu bildirmişdi.

ABŞ prokurorları noyabrın 1-də Saipova qarşı terrorçuluq ittihamları irəli sürüblər. Onlar bildiriblər ki, Saipovu bu hücumu törətməyə İslam Dövləti ekstremist təşkilatı “ilhamlandırıb”.

O oktyabrın 31-də icarəyə götürdüyü kiçik yük maşınını velosipedçilərin və piyadaların üstünə sürərək onları ölümcül əzməkdə ittiham edilir. Bu hücum nəticəsində 8 nəfərə ölüb, daha 12 nəfər xəsarət alıb.

Bundan başqa Saipov həm də terrorçu qrupa maddi dəstək göstərməkdə ittiham olunur.

Polis bildirir ki, Saipov avtomobili velosiped çığırı ilə sürdükdən sonra məktəb avtobusuna çırpıb.

O avtomobildən çıxaraq əlindəki iki hava tapançasını yellədib “Allahu əkbər” qışqırdıqdan sonra polis tərəfindən güllələnib.

Saipov qolları və ayaqları qandallı vəziyyətdə əlil arabasında Manhattan məhkəməsinə gətirilib. Ona qarşı irəli sürülən ittihamlar ölüm cəzasını nəzərdə tutur.

Polisin atəş açması nəticəsində yaralanan Saipov xəstəxana palatasında qara İŞİD bayrağının asılmasını istəyib. Polisin dediyinə görə, o habelə törətdiyindən məmnun olduğunu bildirib.

Bu da xəbər verilir ki, Saipov xəstəxana palatasında dindirilərkən hücumu açıq şəkildə etiraf edib.

Prokurorlar bildirirlər ki, Saipovun iki mobil telefonundan 90 video və 3800 foto aşkar olunub. Bunların əksəriyyəti məhbusların başlarının kəsilməsini əks etdirən şəkillər də daxil İŞİD-in təbliğat materiallarıdır.

Məhkəmə sənədlərinə görə Saipov hücum üçün Halovin bayramını düşünülmüş şəkildə seçib, “çünki mümkün qədər çox insanı öldürmək istəyirdi”.

FTB xəfiyyəsi Amber Tyree-nin verdiyi məlumata görə Saipov İŞİD-in təbliğat videolarından ilhamlandığını və hücum barədə qərarı bir il bundan əvvəl qəbul etdiyini deyib.

Son bir neçə həftədə Saipov internetdə Nyu York şəhərində Halovin bayramı, habelə avtomobil kirayələnməsi barədə məlumatları axtarırdı.

Nyu York polis rəisinin kəşfiyyat üzrə müavini John Miller deyib ki, Saipov bu hadisəyə qədər cinayət təhqiqatı altında olmayıb, lakin onun təhqiqat altında olan şəxslərlə bağlı olduğu görünür.

Federal Təhqiqatlar Bürosu noyabrın 1-də bildirib ki, daha bir şübhəli özbək – 32 yaşlı Muxammadzoir Kadirovun da yeri müəyyənləşdirilib.

Hüquq-mühafizə orqanları Kadirovun Saipovla dost olduğunu düşünürlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG