ABŞ prezidenti Doanld Trump öz ölkəsinin kəşfiyyat rəhbərinin bəyanatlarına zidd gedərək deyib ki, Rusiya daha ABŞ seçkilərinə müdaxilə etmir.
ABŞ milli kəşfiyyatının başçısı bildirmişdi ki, Rusiya 2018-ci ildə keçiriləcək Konqres seçkilərinə müdaxilə etməyə çalışır.
AzadlıqRadiosu yazır ki, Trump iyulun 18-də keçirilən hökumət müşavirəsində bundan bir gün əvvəlki bəyanatları ilə ziddiyyət təşkil edən fikirlər səsləndirib.
ABŞ prezidenti bir gün əvvəl demişdi ki, o Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxilə etdiyinə və 2018-ci il seçkisinə də müdaxilə etməyə çalışdığına dair Birləşmiş Ştatların kəşfiyyat agentliklərinin gəldiyi nəticələri qəbul edir.
Trump bu bəyanatı bir jurnalistin “Rusiya hələ də ABŞ-ı hədəfləyirmi, cənab prezident?” sualına cavab olaraq verib:
"Çox təşəkkür edirəm. Yox”.
Həmin jurnalist prezidentin buna əmin olub-olmadığına dair təkrar sual verəndə, Trump yenidən “yox” deyib.
Trump bunu da bildirib ki, hələ heç bir prezident Rusiyaya münasibətdə onun qədər “sərt” olmayıb. O buna misal olaraq Suriyadakı hərəkətlərinə görə Moskvanın üzərinə qoyulmuş sanksiyaları yada salıb.