Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Noyabr, şənbə, Bakı vaxtı 04:48

ABŞ Ali Məhkəməsi Trump-ın səfər qadağanını bərpa edir


ABŞ Ali Məhkəməsi prezident Donald Trump-ın 6 müsəlman ölkəsindən Amerikaya səfərlərə 90 günlük qadağanının bloklanmasına dair aşağı məhkəmə instansiyasının hökmünü ləğv edib.

Ali Məhkəmənin hökmündə deyilir ki, Trump-ın icra sərəncamı qismən tətbiq edilə bilər.

Məhkəmə əcnəbilərin bir kateqoriyası üçün istisnanı tanıyıb. Bu, ABŞ-dakı hər hansı fərd və ya vahidlə inandırıcı bona fide münasibətə malik olan şəxslərə aiddir.

Ali Məhkəmə iyunun 26-da imzalanmamış rəyində bildirir ki, bu qərara qarşı arqumentlər oktyabr ayında dinlənəcək.

Trump administrasiyası, iki apellyasiya məhkəməsi səfər qadağanını bloklayan hökmü qüvvədə saxladıqdan sonra Ali Məhkəməyə müraciət etmişdi. Qadağanı bloklayan məhkəmə hökmlərində aktın insanları dini əsasda diskriminasiya etdiyi deyilirdi.

Sözü gedən qadağan İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarına tətbiq ediləcək.

Trump deyib ki, qadağan məhkəmə hökmündən 72 saat sonra qüvvəyə minəcək.

O iddia edir ki, belə bir qadağan Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün zəruridir.

Trump administrasiyası həmçinin bildirir ki, qadağan həmin müddətdə viza müraciətlərinə baxılması üçün lazımdır.

Trump iyunun 26-da qadağanın Ali Məhkəmədə yekdilliklə dəstəklənməsini “böyük qələbə” adlandırıb.

O deyib ki, “mən bir prezident kimi bizə zərər vurmaq istəyən adamları ölkəmizə buraxa bilmərəm”.

Trump-ın ilkin sərəncamında 7 müsəlman ölkəsindən Amerikaya səfərlər qadağan edilir, qaçqınların ABŞ-a gəlişi isə müvəqqəti dayandırılırdı.

Bu sərəncam ölkənin hava limanlarında böyük qarışıqlığa səbəb olmuş, insan haqları fəallarını etiraz aksiyalarına qaldırmışdı.

Bundan sonra administrasiya bildirmişdi ki, qadağan sərəncamına düzəlişlər edilir. Buna baxmayaraq federal məhkəmələr bu qadağanı bloklamışdı.

ABŞ-ın baş prokuroru Jeff Sessions deyib ki, Ali Məhkəmənin qərarı Birləşmiş Ştatlarda hakimiyyətin qolları arasındakı ayrılmanın bərpasına doğru “mühüm addımdır”.

ABŞ-ın Daxili İşlər Nazirliyi bildirib ki, qadağan “peşəkarlıq və kafi aşkarlıqla” icra olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG