Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:42

Ağ Ev deyir ki, ‘Trump Putinin təklifi ilə razılaşmır’


Sarah Huckabee Sanders
Sarah Huckabee Sanders

Ağ Ev bildirib ki, prezident Donald Trump Rusiya prezidenti Vladimir Putinin Rusiya müstəntiqlərinin Birləşmiş Ştatların Moskvadakı keçmiş səfiri Michael McFaul da daxil ABŞ vətəndaşlarını dindirməsi barədə təklifi ilə “razılaşmır”.

Ağ Evin sözçüsü Sarah Sanders iyulun 19-da bunları deyib: “Bu təklif prezident Putin tərəfindən səmimiyyətlə edilib, lakin prezident Trump təkliflə razılaşmır”.

Sözçü daha sonra deyib ki, “Ağ Ev barələrində ABŞ-da cinayət işləri qaldırılmış 12 rusiyalının Birləşmiş Ştatlara gələrək təqsirsizliklərini isbat edəcəklərinə ümid edir”.

İyulun 13-də ABŞ böyük jürisi Rusiyanın 12 kəşfiyyat zabitinə qarşı cinayət işi açıb. Onlar 2016-cı ilin seçki kampaniyası zamanı ABŞ Demokratik Partiyasının serverlərinə müdaxilədə və oğulrlanmış e-mail-ləri internetə sızdıqda ittiham olunurlar.

Trump Putinlə ‘daha bir görüş’ olacağını deyir

ABŞ prezidenti Donald Trump bugünlərdə Rusiya prezidenti Vladimir Putinlə keçirilmiş sammiti “böyük uğur” adlandırıb və deyib ki, Helsinkidə müzakirə edilmiş bəzi ideyaların icrası üçün “ikinci görüşün” keçirilməsini istəyir.

Prezidentlər Trump və Putin iyulun 16-da Helsinkidə görüşüblər
Prezidentlər Trump və Putin iyulun 16-da Helsinkidə görüşüblər

Trump iyulun 19-da yazdığı Twitter postlarında mətbuatı, onun nəzərincə Rusiya lideri ilə görüşü neqativ işıqlandırdığına görə tənqid edib.

"Rusiya ilə sammit böyük uğur idi, bircə xalqın əsl düşmənini – Saxta Xəbər Mediasını sevindirmədi…Mən ikinci görüşümüzün keçirilməsinə ümid edirəm ki, terrorizmin dayandırlması, İsrailin təhlükəsizliyi, nüvə də daxil, müzakirə etdiyimiz bir çox ideyaların icrasına başlaya bilək…”

Trump yazıb: “Bir çox cavablar var, bəziləri asan, bəziləri çətindir…amma onların HAMISI həll oluna bilər!”

Ağ Ev Trump-ın dediyi ikinci görüş barədə hələlik məlumat verməyib.

Putin də bu sammiti “ümumilikdə uğurlu” adlandırıb. O iddia edib ki, bu görüş “bəzi faydalı razılaşmalara” yol açıb.

AFP agentliyi bildirir ki, Putin Moskvada etdiyi nitqdə Trump-ın Birləşmiş Ştatlardakı tənqidçilərini, belə görünür, məşhur sovet satirikləri İlf və Petrovun sözləri ilə “patetik və dəyərsiz adamlar” adlandırıb.

Trump-ın Putinlə görüşündə ABŞ prezidentinin qeydləri və davranışları ABŞ-ın bir çox vəzifəli rəsmiləri və millət vəkilləri tərəfindən tənqid edilir. Onlar habelə Trump-Putin görüşündə əldə olunmuş mümkün razılaşmalar barədə məlumat verilməməsini tənqid edirlər.

Özünün Twitter şərhlərində Trump iddia edir ki, “Saxta Xəbər Mediası” “dəli olub” və bu media Moskva ilə “böyük qarşıdurma, bəlkə də müharibəyə səbəb olacaq qarşıdurma istəyir”.

"Onlar məni məsuliyyətsizçəsinə sıxışdırırlar və mənim Putinlə bəlkə də yaxşı münasibətlərimin olacağından hirslənirlər. Biz hər hansı başqa ölkədən DAHA yaxşı yola gedirik!”

Trump habelə Avropa İttifaqının tənqidini davam etdirib və Google şirkətinin Avropa Komissiyası tərəfindən 5 milyard dollar cərimələnməsiini pisləyib.

"Mən demişdim! Avropa İttifaqı az əvvəl bizim böyük şirkətlərimizdən biri olan Google-u Beş Milyard Dollar cərimələyib. Onlar doğrudan da ABŞ-dan sui-istifadə edirlər, amma bu çox çəkməz!”

Trump-ın bu qeydləri Avropa Komissiyası prezidenti Jean-Claude Juncker-in Vaşinqtona səfəri ərəfəsinə təsadüf edir. Juncker iyulun 25-də Trump-la görüşərək “geniş müzakirələr” aparmalıdır.

Bu görüşdə transatlantik münasibətlər, təhlükəsizlik və iqtisadi inkişaf məsələləri müzakirə olunmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG