Ağ Evin sözçüsü Sarah Sanders deyib ki, ABŞ prezidenti Donald Trump rəsmilərə Rusiya prezidenti Vladimir Putini “bu payız” Vaşinqtona dəvət etməyi tapşırıb.
Sanders iyulun 19-da Twitter-də yazıb: "Prezident Trump milli təhlükəsizlik müşaviri John Bolton-a prezident Putini bu payız Vaşinqtona dəvət etməyi tapşırıb və bu müzakirələr hazırda davam edir”.
Bundan əvvəl verilən xəbərlərə görə ABŞ prezidenti Donald Trump bugünlərdə Rusiya prezidenti Vladimir Putinlə keçirilmiş sammiti “böyük uğur” adlandırıb və deyib ki, Helsinkidə müzakirə edilmiş bəzi ideyaların icrası üçün “ikinci görüşün” keçirilməsini istəyir.
Trump iyulun 19-da yazdığı Twitter postlarında mətbuatı, onun nəzərincə Rusiya lideri ilə görüşü neqativ işıqlandırdığına görə tənqid edib.
"Rusiya ilə sammit böyük uğur idi, bircə xalqın əsl düşmənini – Saxta Xəbər Mediasını sevindirmədi…Mən ikinci görüşümüzün keçirilməsinə ümid edirəm ki, terrorizmin dayandırlması, İsrailin təhlükəsizliyi, nüvə də daxil, müzakirə etdiyimiz bir çox ideyaların icrasına başlaya bilək…”
Trump yazıb: “Bir çox cavablar var, bəziləri asan, bəziləri çətindir…amma onların HAMISI həll oluna bilər!”
Ağ Ev Trump-ın dediyi ikinci görüş barədə hələlik məlumat verməyib.
Putin də bu sammiti “ümumilikdə uğurlu” adlandırıb. O iddia edib ki, bu görüş “bəzi faydalı razılaşmalara” yol açıb.
AFP agentliyi bildirir ki, Putin Moskvada etdiyi nitqdə Trump-ın Birləşmiş Ştatlardakı tənqidçilərini, belə görünür, məşhur sovet satirikləri İlf və Petrovun sözləri ilə “patetik və dəyərsiz adamlar” adlandırıb.
Trump-ın Putinlə görüşündə ABŞ prezidentinin qeydləri və davranışları ABŞ-ın bir çox vəzifəli rəsmiləri və millət vəkilləri tərəfindən tənqid edilir. Onlar habelə Trump-Putin görüşündə əldə olunmuş mümkün razılaşmalar barədə məlumat verilməməsini tənqid edirlər.
Özünün Twitter şərhlərində Trump iddia edir ki, “Saxta Xəbər Mediası” “dəli olub” və bu media Moskva ilə “böyük qarşıdurma, bəlkə də müharibəyə səbəb olacaq qarşıdurma istəyir”.
"Onlar məni məsuliyyətsizçəsinə sıxışdırırlar və mənim Putinlə bəlkə də yaxşı münasibətlərimin olacağından hirslənirlər. Biz hər hansı başqa ölkədən DAHA yaxşı yola gedirik!”
Trump habelə Avropa İttifaqının tənqidini davam etdirib və Google şirkətinin Avropa Komissiyası tərəfindən 5 milyard dollar cərimələnməsiini pisləyib.
"Mən demişdim! Avropa İttifaqı az əvvəl bizim böyük şirkətlərimizdən biri olan Google-u Beş Milyard Dollar cərimələyib. Onlar doğrudan da ABŞ-dan sui-istifadə edirlər, amma bu çox çəkməz!”
Trump-ın bu qeydləri Avropa Komissiyası prezidenti Jean-Claude Juncker-in Vaşinqtona səfəri ərəfəsinə təsadüf edir. Juncker iyulun 25-də Trump-la görüşərək “geniş müzakirələr” aparmalıdır.
Bu görüşdə transatlantik münasibətlər, təhlükəsizlik və iqtisadi inkişaf məsələləri müzakirə olunmalıdır.