Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 04:52

Trump Obamanın Konqresdə ifadə verməsini tələb edir


Donald Trump (solda) və Barack Obama 2017-ci ilin yanvarında Trump-ın inaqurasiyasında

Prezident Donald Trump özündən əvvəlki prezident Barack Obamanı Konqres qarşısında ifadə verməyə çağırıb.

Trump-ın qəsd nəzəriyyəsinə görə keçmiş prezident və təhlükəsizlik rəsmiləri onun prezidentliyini sarsıtmaq məqsədilə qəsd təşkil ediblər.

Mayın 14-də yazdığı tvitdə Trump bildirir ki, onun seçki kampaniyasının Rusiya ilə əlaqələrinə dair təhqiqat barədə ifadə verəcək “birinci şəxs” Obama olmalıdır.

Trump Senatın qüdrətli Ədliyyə Komitəsinin sədri və onun ən sədaqətli respublikaçı müttəfiqi olan Lindsey Graham-ı “bunu etməyə” çağırıb.

Bu həftə məxfiliyi qaldırılmış sənədlərdən vitse-prezident Joe Biden də daxil Obama administrasiyası rəsmilərinin Michael Flynn-in kimliyini 2016 və 2017-ci illərə aid hesabatlardan öyrəndikləri məlum olduqdan sonra Trump və respublikaçılar seçkiqabağı hücumlarını genişləndiriblər.

Kimliyin açıqlanması adı prosedur hərəkəti olsa da, Trump bu məsələni öz prezidentliyinə qarşı qəsd kimi şişirtməyə çalışır.

Əks-hücum

Trump-ın haqqında danışdığı sənədlər göstərir ki, yüksək vəzifəli kəşfiyyat rəsmiləri Obama administrasiyasının dəstəyi ilə Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Flynn-in Rusiya səfiri ilə əlaqələri barədə yalanını tutmaq üçün onu ilişdriməyə çalışıblar. Bu hadisə Trump-ın inaqurasiyasından bir neçə həftə əvvəl baş verib.

Bu ayın əvvəllərində açıqlanmış başqa sənədlər də göstərib ki, Obama administrasiyasının və FTB rəhbərliyinin Trump administrasiyası ilə Rusiya arasında sövdələşməyə dair dəlilləri olmayıb.

Buna baxmayaraq sonradan Flynn-in Rusiya səfiri ilə əlaqələri barədə xəbərlərin sızması Konqresin Trump kampaniyasının Rusiya ilə bağlarının araşdırılmasına dəstəyini təmin edib.

İki il davam edən bu təhqiqat Trump prezidentliyinin yarısına kölgə salıb.

Bu təhqiqatı aparan xüsusi prokuror Robert Mueller belə bir nəticəyə gəlib ki, Rusiya ABŞ seçkisinə müdaxilə edib, amma Trump kampaniyası və Rusiya arasında sövdələşməni göstərən inandırıcı dəlillər yoxdur.

Ədliyyə Nazirliyi Flynn-ə qarşı cinayət işinə xitam verilməsi məsələsinə baxır. Flynn FTB-yə yalan ifadə verdiyini etiraf etsə də, bildirib ki, onun dindirilməsi “legitim təhqiqat əsasında” aparılmayıb.

Flynn 2017-ci ilin fevralında, milli təhlükəsizlik müşaviri vəzifəsini heç bir ay da icra etmədən, vitse-prezident Mike Pence-ə yalan məlumat verdiyinə görə işdən çıxarılıb.

Trump yazılmamış qanunu pozur

Trump-ın Obamanın ifadə verməsinə çağırması Vaşinqtonun yazılmamış qanunlarından birini pozur. Bu qaydaya görə indiki prezident özündən əvvəlki prezidenti araşdırmamalıdır.

Lakin hazırda Trump-ın olduqca mürəkkəb durumda olması nəzərə alınmalıdır.

O altı aydan sonra keçiriləcək prezident seçkisində təkrar seçilməyə can atır, amma reytinqi koronavirusun sürətlə yayılmasına görə xeyli düşüb.

Koronavirus ABŞ-da çox sayda insanın ölümünə və misli görünməmiş işsizliyə səbəb olub.

Belə görünür ki, Trump noyabr seçkisində demokrat namizəd Biden-lə üzləşməli olacaq.

Trump indi Rusiya təhqiqatının qanuniliyi məsələsini qaldırmaqla, “Obamageyt” adlandırdığı qalmaqaldan Biden-ə qarşı silah kimi istifadə etməyə çalışır.

XS
SM
MD
LG