Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Trump Nyu-Yorkda 4 gün neyləyəcək


D.Trump
D.Trump

ABŞ prezidenti Donald Trump bu həftə BMT-nin Baş Assambleyasının toplantısı çərçivəsində müzakirələrə qatılmaq və dünya liderləri ilə görüşmək üçün dörd gün Nyu-Yorkdadır. Görüşlərdə Şimali Koreya və İrandan tutmuş ticarət müharibələrinədək bir çox məsələlər müzakirə olunacaq.

Sentyabrın 25-də Trump Baş Assambleyada 120-dən artıq ölkənin rəhbəri qarşısında çıxış edib. Növbəti günsə onun Təhlükəsizlik Şurasının nüvə silahlarının yayılmasının önlənməsinə həsr olunmuş xüsusi sessiyasına sədrlik edəcəyi gözlənilir.

Gözləntilər

Müşahidəçilər Trump-ın İran və Şimali Koreyaya dair dediklərini diqqətlə izləyirlər. ABŞ prezidenti Baş Assambleyada 2017-ci ildəki ilk çıxışında hər iki ölkəni sərt tənqid etmişdi.

Trump-ın İranın İsrail, Yaxın Şərq və bütün dünyaya təhlükə olması haqda sərt nitq söyləyəcəyi gözlənilir.

Müşahidəçilər onun Şimali Koreya lideri Kim Jong Un-la bağlı daha yumşaq və barışdırıcı tonunda danışacağını gözləyirlər. Ötənilki çıxışında Trump onu özünü və öz rejimini intihara sürükləyən «Raket adam» adlandırmışdı.

Daha öncədən də BMT-ni tənqid edən Trump-ın bu dəfə də ənənəsinə sadiq qalacağı gözlənilirdi. Artıq ötən həftəsonu yayılmış video mesajında o, BMT-nin öz potensialına uyğun yaşamadığını deyib.

«Mən daim BMT-də daha çox məsələnin həll olunmadığına təəccüblənmişəm. Çünki siz bütün bu ölkələri eyni məkanda bir araya gətirə bilirsiniz, ancaq məsələlər həll olunmur», – Trump deyib.

Trump 2017-ci ildəki çıxışında demişdi ki, BMT suverenlik, təhlükəsizlik və rifaha qarşı təhdidlərlə mübarizə aparırsa, islahatlara getməlidir. Ancaq sentyabrın 24-də o, BMT-nin potensialının yavaş da olsa, həqiqətən də həyata keçirildiyini vurğulayıb.

BMT Baş Assambleyası
BMT Baş Assambleyası

Silahların yayılmaması

Əslində, Trump bu iki çıxış arasındakı 12 ay ərzində beynəlxalq diplomatiyadakı status-kvonu təlatümə gətirib. Birləşmiş Ştatları İranla dünya güclərinin nüvə sazişindən çıxarıb, Çinlə və ABŞ-ın Qərb müttəfiqləri ilə ticarət disputlarına başlayıb, Rusiya prezidenti Vladimir Putin-ə qucaq açıb, üstəlik, öz kəşfiyyat qurumlarının etibarlılığını sorğulayıb.

Sentyabrın 26-da Təhlükəsizlik Şurasının Trump-ın sədrlik edəcəyi iclasının mövzusu nüvə, kimyəvi və bioloji silahların yayılmamasıdır. Əvvəlcə bu görüşün İrana fokuslanması nəzərdə tutulurdu. Ancaq bu halda İran prezidenti Hassan Rohani də görüşə qatılıb arzuolunmaz qarşıdurma yarada bilərdi.

Trump-ın Avropa liderləri qarşısında ABŞ-ın İranla nüvə sazişindən çıxmasının nəticələrindən danışacağı gözlənilir. Trump-ın köməkçiləri bildiriblər ki, o bu addımdan sonra beynəlxalq şirkətlərin İranla əlaqələrini kəsməyə başladığını iddia edəcək.

Bundan başqa, Trump-ın Suriya prezidenti Bashar al-Assad-a İdlib əyalətində mülki şəxslərə qarşı kimyəvi silahdan istifadənin ciddi nəticələri barədə xəbərdarlıq edəcəyi gözlənilir. Ağ ev rəsmiləri bu yaxınlarda bildiriblər ki, Assad Suriyada bir daha kimyəvi silahdan istifadə edərsə, Fransa və Britaniya buna hərbi cavab verəcək.

Narkotiklərlə mübarizə

Trump Nyu-Yorkda İsrailin baş naziri Benjamin Netanyahu, Britaniya baş naziri Theresa May və Cənubi Koreya prezidenti Moon Jae In-lə görüşəcək. Moon Jae In Trump-a Şimali Koreya liderinin şəxsi mesajını çatdıracaq. Xatırladaq ki, Şimali və Cənubi Koreya liderləri ötən həftə görüşüblər.

Şimali Koreya və nüvə təhlükəsi məsələsi sentyabrın 23-də Trump-ın Yaponiyanın baş naziri Shinzo Abe ilə şam yeməyi görüşündə də müzakirə mövzusu olub.

Trump sentyabrın 24-ü BMT-də keçirilən bir tədbirdə dünyada mövcud olan narkotik problemindən, onun həm cəmiyyətin sağlamlığına, həm də təhlükəsizliyə zərərindən danışıb.

129 ölkə bu məsələ ilə bağlı ABŞ-ın hazırladığı bir səhifəlik sənədi imzalayıb. Sənəddə ölkələrin qanunsuz narkotiklərə tələbatı azaltmağa dair milli fəaliyyət planları işləyib hazırlamasına çağırış edilir; təhsil, müalicə, hüquq-mühafizə və səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın rolu vurğulanır.

Ölkələr qanunsuz narkotik maddələrin istehsalını dayandırmağa dəvət edilir.

«Qanunsuz narkotiklər mütəşəkkil cinayətkarlıq, qanunsuz maliyyə axınları, korrupsiya və terrorizmlə bağlıdır. Bizim narkotik asılılıqla mübarizə aparmağımız, güclü transmilli kartelləri maliyyə ilə təmin edən traffikinqi… dayandırmağımız ictimai sağlamlıq və milli təhlükəsizlik üçün çox vacibdir», – Trump deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG